Onlayn ictimai-siyasi qəzet
Görəsən Qarabağda müvəqqəti yerləşmiş Rusiya bədməramlı qüvvələrin Xocalıdakı iqamətgah önündə Rusiya bayrağı ilə yanbayan asılmış separatçıların əski parçası yığışdırıldımı? İnanan daşa dönsün. Əgər az qala hər həftə Qarabağda rus hərbçilərinin müşayiəti ilə erməni bandit dəstələrinin bir məntəqədən başqa məntəqəyə silah daşımasına isbatlayan görüntülər yayılırsa, nəyi qoyub, nəyi axtarırıq.
Növbəti belə fakt avqustun 11-ində qeydə alınıb. Videoda Xankəndi-Kərkicahan-Xəlfəli yolunda “sülhməramlılar”ın zirehli transportyorunun müşayiəti ilə erməni quldur dəstələrinin döyüş postlarına dəstək vasitələrinin çatdırılması aydın görünür. Yəni rusun separatçı tör-töküntülərlə sarsılmaz ittifaqı yalnızca “bayraq həmrəyliyi” ilə bitmir, daha təhlükəlisi odur ki, əməldə də onlar birgə hərəkət edirlər...
Təsadüfi deyil ki, məhz Rusiya hərbi kontingenti bölgədə yerləşən kimi - 44 günlük müharibədən sonra separatçılar Qarabağda öz qanunsuz hərbi fəaliyyətlərini əmin-arxayın davam etdiriblər. Dünən bununla bağlı sosial şəbəkələrdə təzə kadrlar yayılıb. Kadrlardan qənaət hasil olur ki, erməni separatçıları 2020-ci ildə heç bir hərbi infrastruktur olmayan ərazidə sonradan yeni mövqelər inşa edib, orada silah sistemləri yerləşdiriblər. Həmin mövqelər Azərbaycan tərəfindən “Laçın” sərhəd-buraxılış məntəqəsi yaradılmamışdan əvvəl qurulub. Həmçinin kadrlarda Xankəndi istiqamətində müharibədən sonra təzə mövqelər əks olunub (Mənbə: “Qarabağ Open Data”).
Bəs nə eləməli? Bəlkə politoloq Elxan Şahinoğlunun təklif elədiyi kimi, Rusiya bədməramlı kontingentin komandanı, general Aleksandr Lentsovu Bakıya çağırmaq zamanıdır?
Sitat: “Bəli, biz Rusiya hərbi kontingenti ilə Qarabağda qarşırdurma istəmirik, ancaq onların separatçıları himayə etməsinə də seyrçi qalmamalıyıq. Fikrimcə, Müdafiə Nazirliyimiz Rusiya hərbi kontingentinin komandanını Bakıya dəvət edib, ona bu şəkildə xəbərdarlıq etməlidir: “separatçıların silah və hərbi texnika daşıyan nəqliyyat vasitələri hədəfimizdədir, onlara zərbə endirmək hüququna malikik. Separatçıların nəqliyyat vasitələrini müşayiət edən Rusiya hərbi kontingentinin şəxsi heyətinin zərər görməsini istəmirik, həmin nəqliyyat vasitələrinin müşayiət edilməsi Azərbaycan-Rusiya münasibətlərinə kölgə salır, bu cür fəaliyyətin dərhal dayandırılmasını tələb edirik”.
Analitikə görə, bu səpkili xəbərdarlığın Müdafiə Nazirliyi ilə eyni gündə Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən də edilməsi ciddi tədbirlərə əl atacağımızın təsdiqi olardı.
Neynək, səbrimizi basıb buna da getmək olar. Sonuncu dinc vasitələrdən biri kimi. Hərgah, dua ilə donuzun darıdan çıxacağına, rusun vədinə bel bağlamaq sadəlövhlük olar...
Vəd demiş, bu günlərdə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Moskva ilə dinc anlaşmanın mümkünlüyü barədə danışarkən belə bir cümlə işlədib: “Ukrayna Rusiyanın verdiyi sözlərə inanmır və heç bir ağlı başında olan insan bu sözlərə inanmaz”.
Gerçəkdən, rusa dünyada, inanan demək olar, yoxdur. Hətta Moskvanın yazılı öhdəliyi də onun öz sözünü tutacağı anlamına gəlməz. Günahkar isə “rus ayısı”nın özüdür. Başqa heç kim. Çünki əməl niyyətə bağlıdır, normal insan isə gördüyünə inanır, eşitdiyinə yox. Ortada neçə-neçə fakt, sübut var.
Biri elə Rusiya prezidentinin imzası duran 1995-ci Budapeşt Memorandumu. Həmin sənədə görə, öz ərazisindəki nüvə başlıqlarını Rusiyaya verməyin qarşılığında Moskva Ukraynanın ərazi bütövlüyünə zəmanət öhdəliyi götürdüb. Kiyev vədini yerinə yetirdi. Rusiya isə 19 il sonra (2014) Kırmı ilhaq elədi. Ötən ilin fevralından da Donbası və digər əraziləri özünə zorla birləşdirmək üçün qonşusuna qarşı işğalçı müharibə aparır...
Yaxud Putinin imzaladığı 10 noyabr (2020) üçtərəfli sənədin hələ də həyata keçməyən 4-cü bəndi (“Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılmasına paralel olaraq yerləşdirilir”). Bu bənd nəinki 3 ildir icra olunmur, əksinə, Moskva 10 minlik silahlı erməni quldurunu qorumaq, Qarabağda oyuncaq rejimi Azərbaycan əleyhinə ayaqda saxlamaq üçün əlindən gələni edir.
Həmçinin Putinin imzası duran 22 fevral (2022) Moskva bəyannaməsi. Orada Azərbaycan və Rusiyanın bir-birinin ərazi bütövlüyü və suverenliyinə hörmət, separatçılıqla və terrorçuluqla birgə (!!) mübarizə haqda konkret bəndlər, öhdəliklər var. Hanı bəs? Nədən tərsini görürük? Niyə Moskva üzümüzə bir şey deyib əməldə ayrı şey edir, separatizmə qucaq açır? Rusiyaya nə pisliyimiz dəyib?..
Zahid SƏFƏROĞLU
20 Noyabr 2024
19 Noyabr 2024
15 Noyabr 2024
13 Noyabr 2024
11 Noyabr 2024
06 Noyabr 2024
29 Oktyabr 2024
23 Oktyabr 2024
21 Oktyabr 2024
16 Oktyabr 2024
14 Oktyabr 2024
09 Oktyabr 2024
04 Oktyabr 2024
26 Sentyabr 2024
25 Sentyabr 2024
19 Sentyabr 2024
13 Sentyabr 2024
09 Sentyabr 2024
30 Avqust 2024
05 Avqust 2024
30 Iyul 2024
19 Iyul 2024
26 Iyun 2024
22 Iyun 2024
19 Iyun 2024
12 Iyun 2024
11 Iyun 2024
03 Iyun 2024
01 Iyun 2024
29 May 2024
ŞƏRHLƏRŞƏRH YAZ