Onlayn ictimai-siyasi qəzet
Sosial şəbəkələrdə və alternativ xəbərləşmə kanallarında yenə də kütləvi söyüşmə başlayıb. Buna nəyin səbəb olduğunu bilə-bilə yazmıram, bilənlər bilir, bilməyənlər bilməsə, yaxşıdır. Amma fakt odur ki, qarşılıqlı və çarpaz söyüşmədə minlərlə adam iştirak edir.
Qız, oğlan, kişi, qadın, gənc, ağsaqqal söhbəti yoxdur, hamı söyüşür. İstənilən mübahisəli fikir deyən adam anındaca söyülür. Ağsaqqallıq etmək istəyənin var-yoxu virtual cinsi təcavüzə məruz qalır. Feministlər rahat olsun, artıq tərəflər bir-birinin qadın qohumlarına söymürlər, birbaşa söhbətə “sənin nəslinin bütün kişilərini...” deyə girirlər.
Sonradan görüşmək üçün “peysər, mənə şəxsidən yaz”, “nömrəni yaz bura, gicbəsər, qıraqda görüşək” deyə bir-birinə bıçaqlı duellər təklif edənlər var. Əgər onlar doğrudan da bir-birinə nömrə versələr, yaxın günlərdə kütləvi bıçaqlaşmaların şahidi olacağıq.
Bu qovğada cinslərarası cırmaqlaşma xətti də get-gedə yoğunlamaqdadır. Uzaq ölkələrdə yaşayan qadın soydaşımız mübahisəyə qoşularaq Azərbaycanın kişilərini “yanıq”, “əclaf”, “geridəqalmış”, “ibtidai insan”, “qeyrətsiz”, “namussuz” adlandırıb. Yəni yekə bir ümumiləşdirmə. Sanki istisna yeri yoxdur, mütləq əksəriyyət məhz onun dediyi kimidir.
Əlbəttə, yaxında olsa, ondan soruşsan ki, şəxsən sənin atan elədirmi, deyəcək, yox. “Bəs qardaşın?” “O, mərd və mədəni oğlandır”. “Onda əminuşaqları, dayınuşaqları...”. “Xeyr, onlar dürüst, normal, nümunəvi ailə başçısıdırlar, hamısının gözəl ailəsi var”. Bu fikirdə olan digərlərinə də eyni suallarla müraciət etsən, hamısı öz qohumlarının əl-üzünü yuyub Aydan arı, sudan duru elan edəcəklər.
Demək, bunların nəsl-nəcabətindəki kişilər normaldır, qanacaqlı, mərifətlidirlər, amma yerdə qalanlar qeyrətsiz, namussuzdurlar? Belə bir şey olarmı?
Eyni şeyi qadınlar haqda ümumiləşdirmə aparanlar haqda da demək olar. Onlar da 3-5, lap olsun 300-500 pis yol tutan qadın haqda latayır fikirlərini yüz minlərlə namuslu, qeyrətli ana-bacılara proyeksiya edirlər. Bu adamlara yuxarıdakı suallarla müraciət etsən, birincisi, çoxu adamı yortar, ikincisi, bəziləri deyər, xeyr, onların nəslində yüngül məcazlı qadın yoxdur və ömür-billah olmayıb. Yenə də elə çıxacaq ki, bunların qadın əzizləri başqadır, nümunədir, yerdə qalanlar isə, yumşaq desək, “Ey Con, sənin anan pis qadındır” məsələsi...
Bu ümumiləşdirmə söhbətinin nə qədər yanlış olduğuna dair çox söhbətlər, epizodlar var. Biri də indi yadıma düşdü. 1991-ci ilin bu vaxtlarıdır, Mingəçevirdən öz rayonumuza gedirəm. “PAZ” markalı avtobusun arxa cərgəsindəyəm. Yanımda ağdamlılar və şuşalılar var. Mühit elədir ki, sanasan ocaq başındayıq və hamı bir-birilə söhbət eləyir. Əvvəlcə SSRİ-nin baş naziri Pavlovun yeni buraxdığı və hələ çox adamın görmədiyi 50-lik və 100-lük əsginaslardan danışdıq, bir nəfərdə vardı, çıxardı, hamıya göstərdi. Sonra Küveytdə yenicə məğlub edilmiş İraqdan, Səddam Hüseyndən söhbət düşdü. Nəyə görəsə əksəriyyət Səddamın tərəfini tutdu. Birdən-birə necə oldusa ağdamlılarla şuşalıların mübahisəsi düşdü və ixtilaf yoğunladı. Az qala, əlbəyaxa dava düşəcəkdi. İndiki ağlım olsa, əlbəttə, mübahisəyə qarışmazdım, amma adam cavan olanda belə mübahisələrə tez girişir. Qovğanın sərt yerində qəfildən təşəbbüsü ələ alıb dedim, qardaşlar, Ağdam, Şuşa, Cəbrayıl və Füzulinin arası avtobusla 1 saatlıq yoldur. Necə ola bilər ki, 40-50 kilometr o tərəfdə yaşayanların hamısı igid və mərd, bu tərəfdə yaşayanların hamısı qorxaq və namərd olsun. Belə şey ola bilməz axı, dedim, eyni millətik, hər xasiyyətimiz, məziyyətimiz də aşağı-yuxarı eynidir, bizim bir düşmənimiz var, çəkici bir zindana vurmalıyıq-zad. Allah tərəfi, daha bu sözün qabağında başqa söz deyən olmadı, qovğa səngidi. Gəldik, Ağdama bitişik Muradbəyliyə çatdıq. Burada Şuşaya gedənlər düşüb başqa maşına minməliydilər, ağdamlılar öz kəndlərinə dönməliydilər, biz yolumuza davam etməliydik. Amma milislər önümüzü kəsdi ki, Martunidə (indiki Xocavənd qəsəbəsi) ermənilər yol keçən maşınlara atəş açıb, yol bağlanıb, elə Xankəndidən keçib getmək mümkün deyil. Beləcə, qaldıq yolda. Məlum oldu ki, gerçəkdən də bir düşmənimiz var və o, artıq yollarımızı kəsib, bizi evimizə kəsə yolla getməyə qoymur, gərək uzaqlardan dolanaq. Rayon-rayon davası bir saniyənin içində heç-puç oldu.
Ondan sonra harada qonşu rayonlardan olan və bir-birilə öcəşən insanlar görürəm, bi hadisəni danışıram və deyirəm, heç vaxt böyük insan qrupları haqqında danışanda ümumiləşdirmələr etməyin, məsələn, 3-4 alverçiyə görə bir rayonun hamısını alverçi elan etmək olmaz, 5-6 etibarsız adama görə “filan rayonlularla güvənməyin” demək düzgün deyil və s.
Eləcə də 10-15 yaramaza görə kişilərə, o qədər əxlaqsıza görə qadınlara “hamısı elədir” möhürü vurmaq, hamını kütləvi şəkildə qaralamaq nəinki yanlışdır, hətta cinayətə bərabər hərəkətdir.
Gözəgörünməzə şükür edin ki, ətrafımızda on minlərlə gözəl, normal aiələlər var, öz həyatlarını yaşayırlar və yüz minlərlə ağıllı-kamallı, savadlı uşaqlar böyüdürlər.
Cəmiyyət çəmənlik kimidir, çiçək də yetişdirir, qanqal da. Kultivasiya etsək, gül-çiçək çox olar, özbaşına buraxsaq, alaq otları, qaratikan-sarıtikan çəmənliyi basar.
19 Sentyabr 2024
17 Sentyabr 2024
15 Sentyabr 2024
14 Sentyabr 2024
12 Sentyabr 2024
10 Sentyabr 2024
08 Sentyabr 2024
06 Sentyabr 2024
04 Sentyabr 2024
02 Sentyabr 2024
01 Sentyabr 2024
30 Avqust 2024
28 Avqust 2024
22 Avqust 2024
20 Avqust 2024
18 Avqust 2024
16 Avqust 2024
14 Avqust 2024
12 Avqust 2024
11 Avqust 2024
09 Avqust 2024
07 Avqust 2024
05 Avqust 2024
03 Avqust 2024
01 Avqust 2024
31 Iyul 2024
30 Iyul 2024
28 Iyul 2024
26 Iyul 2024
24 Iyul 2024
ŞƏRHLƏRŞƏRH YAZ