İnsanlara hürriyət, millətlərə istiqlal!

İnsan haqları və insan sümükləri - ABŞ-ın cırılan demokratiya pərdəsi

Əvvəllər, hətta 10-15 il öncəyədək Amerika Birləşmiş Ştatları dünyada, xüsusilə kiçik dövlətlərdə özünün ciddi imicini yarada bilmişdi. 1990-cı illərdə, hətta 2000-ci illərin əvvəllərində Azərbaycanda da bir çox insanlar ABŞ-ı insan hüquqlarının, demokratiyanın, qanunların aliliyinin təmini yönündə az qala “xilaskar” kimi təsəvvür edirdilər. Hətta bir zamanlar bəzi adamlar hüquqları pozulanda ölkə rəhbərliyinə, yerli məmurlara yox, ABŞ səfirliyinə məktub yazır, onu qəzetlər vasitəsilə də ictimailəşdirirdilər.

Bu, Amerikanın həyata keçirdiyi ideoloji proseslərin, beyinyuma əməliyyatlarının nəticəsi idi ki, insanları xeyli müddət belə təsir altında saxlaya, yəni gerçək simalarını gizlədə bilmişdilər. Bu dövrlərdə insan haqları, demokratiya ilə bağlı illik hesabatlar hazırlayıb yayanda ictimaiyyətdə, mediada, QHT sektorunda bir hay-küy yarada bilirdilər.
Düzdür, bunlar nəticəsiz bir şeylər idi, ancaq mənzərə beləydi: Çoxları elə hesab edirdi ki, ABŞ bütün dünyada insanların firavan yaşaması üçün əlləşir...
Ancaq təxminən 2002-2003-cü ildən sonra ABŞ-ın üzündəki “demokratiya, insan hüquqları niqabı” cırıldı.

iraq.jpg (55 KB)

“Demokratiya yaymaq”, İraq xalqını xilas etmək adı ilə İraqda minlərlə dinc insanın başına bomba yağdıranda, ölkənin sərvətlərini talayanda, Quantanamo həbsxanasında məhbuslara ağlasığmaz işgəncələr verilməsinin görüntüləri üzə çıxanda, hələ 2000-lərdə Ukraynaya, Gürcüstana yağlı vədlər verib, bu ölkələri bədbəxt duruma salmaq siyasətini aparmağa başlayanda, Qarabağ işğalda olduğu vaxtlarda təslimçi sülh üçün min oyundan çıxmağa başlayanda əksəriyyət Amerikanın gerçək üzünü görməyə başladı...

69695.jpg (269 KB)
Elementar bir fakt: Bilirsinizmi Qərb bir neçə dəfə Azərbaycanda məxməri və qanlı inqilab cəhdlərini niyə etmək istəyib? Çünki dərk etmiş, əmin olmuşdular ki, Prezident İlham Əliyev Qarabağın bir qarışını da güzəştə getməyəcək. Ona görə oyuncaq bir rejim qurub Qarabağı ermənilərə təslim etdirmək istəyirdilər...
Amerika hər il dünyada insan haqları və demokratiya üzrə hesabat yayır. Hər dəfə də Azərbaycana qarşı xüsusi qərəz nümayiş etdirilir. Səbəb də sirr deyil.
Hamı çoxdan bilir ki, ABŞ-ın insan haqları və demokratiya hesabatları məhz özünün strateji və iqtisadi maraqlarını təmin etmək siyasətinin əsas elementlərindəndir. Bundan kiçik dövlətlərə qarşı təzyiq kimi istifadə edirlər. Ona görə də artıq dövlətlər buna ciddi əhəmiyyət vermir.
Buna biz də sadəcə, demoqojilər üçün imkan yaradan bir kağız parçası kimi baxırıq.

Məsələn, bu hesabat yayılanda ABŞ-ı fakt qarşısında qoya bilirik ki, Ermənistanın 1 milyon Azərbaycan vətəndaşının normal, firavan yaşamaq haqqını 30 il ərzində pozmasını niyə bəşəri cinayət kimi heç zaman hesabata salmır?

Utanmadan builki hesabatlarının əvvəlində yazıblar ki, sənədi tərtib edərkən guya müxtəlif mötəbər, fakta əsaslanan mənbələrdən, o cümlədən dövlət qurumlarından, qeyri-hökumət təşkilatlarından və mediadan reportajlar alıblar...


Mötəbər mənbə dedikləri kimdir, bilirsiniz? Əsasən qeyri-ciddilikləri səbəbindən yanında dayanmağa belə utandığımız qaragüruh blogerlər...


Hesabatda sizcə öncə nəyə diqqət ayırıblar? Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü təmin etməsinə! Həyasızcasına deyirlər ki, Azərbaycan 2023-cü il sentyabrın 19-20-də “Dağlıq Qarabağa” (tərbiyəsizlik həm də budur ki, Azərbaycan dövlətinin ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi olmadığını bütün dünyaya rəsmən bildirmişik!-E.M.) tam nəzarəti ələ keçirmək üçün hərbi əməliyyat keçirib, bundan sonra 100 000-dən çox “Dağlıq Qarabağ” sakini - faktiki olaraq regionun bütün etnik erməniləri Ermənistana qaçıb.

Bütün dünya gördü ki, Azərbaycan onlara dəfələrlə dedi ki, qalmaq istəyən qalsın və bütün təhlükəsizlikləri təmin ediləcək. Hazırda bir qism erməni Qarabağda qalır, onlara nəsə edilirmi?

Sənəddə qızarmadan qeyd edirlər ki, Azərbaycanda çoxlu sayda dindan İran agenti kimi həbs olunub. Amerika məgər öz ərazisində agent aşkarlayanda ona pizza qonaqlığı verir?
Nəinki agent, ABŞ-ın qlobal qanunsuzluqlarını, bəşəriyyəti sarsıdan davranışlarına aid məxfi sənədləri əldə edib yayan VikiLekas-ın rəhbəri Culian Assancı 10 ildir dünyaya gəlişinə peşman edir Amerika. Və ardınca azadlıqlardan danışırlar...

Bu yazını qələmə aldığım zaman xəbər yayıldı ki, İşğaldan azad edilmiş Malıbəyli kəndində 6 nəfərə aid qalıqlar aşkar edilib! Bundan əvvəl Xocalıda, Ağdərədə, Hadrutda ermənilərin birinci Qarabağ müharibəsi zamanı işgəncə ilə öldürüb basdırdıqları onlarla azərbaycanlının sümükləri tapılıb.

mali.jpeg (317 KB)

ABŞ buna görə niyə səsini çıxarmır? İnsanın ən böyük haqqından məhrum edən, vəhşiliklə öldürən erməniləri ABŞ indi də təxribatlara sövq edir, yardım ayırır. Niyə? İnsan sümükləri ABŞ-ın tükünü tərpətmirsə, hansı ədalətdən söhbət gedə bilər? Kim inanar belə dövlətin hesabatının səmimiliyinə, dürüstlüyünə?!

Ümumiyyətlə, hazırkı siyasi gedişatda ABŞ-ın özünü hesabat verən dövlətə məcbur etmək üçün qlobal güclər addımlar atmalıdır. Məsələn, əks qütblər də hesabat hazırlamalıdır ki, Amerikanın özü dünyada nə qədər insanın qanını tökür, yaşamaq haqqını, xoşbəxtliyini əlindən alır.
Təkcə Şərq ölkələrində insanlara gətirdiyi bəlaları hesabata salmaq kifayət edər...

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

03 Oktyabr 2024

24 Sentyabr 2024

03 Sentyabr 2024

30 Avqust 2024

25 Aprel 2024

30 Mart 2024

14 Mart 2024

06 Mart 2024

04 Mart 2024

01 Mart 2024

29 Fevral 2024

23 Fevral 2024

21 Fevral 2024

20 Fevral 2024

16 Fevral 2024

24 Yanvar 2024

05 Oktyabr 2023

23 Sentyabr 2023

22 Sentyabr 2023

19 Sentyabr 2023

06 Avqust 2023

04 Avqust 2023

21 Iyul 2023

16 Iyul 2023

15 Iyul 2023

13 Iyul 2023

21 Iyun 2023

16 Iyun 2023

09 Iyun 2023

08 Iyun 2023