Onlayn ictimai-siyasi qəzet
Cəmşid Naxçıvanski adına hərbi litseydə yeyintiyə yol verilmişdir, hazırda bu cinayət işi üzrə 3 nəfər zabitimiz dindirilir. İçlərində hətta general da vardır. Adlarını ona görə yazmadım ki, ayıbdır.
Yeyinti yox, onun miqdarı ayıbdır, ona görə. Təsəvvür elə, general, polkovnik və mayor (mayoru özümdən yazdım, üçüncü zabitin rütbəsi məlum deyil; bəlkə hətta leytenantdır) əlbir olaraq dövlətin nə qədər vəsaitini əkişdirmişlər? Yox, mən bunu yazmağa utanıram. Korrupsiya ilahəsi adama qənim olar. Aman, tanrım, axı bu nə məbləğdir? Bu necə xırdaçılıqdır? Haramıza, hansı günümüzə yaraşır? Bəyəm biz oğullarımızı bunun üçün böyüdürük? Vətənpərvərlik tərbiyəsi budurmu? Heyhat! Əfsus! Haşa!
Nəsə, birtəhər özümü toplayıb yeyintinin məbləğini yazıram: 3 milyon 450 min manat.
Biabırçılıqdır. Artıq biz bu cür pullara görə də kimisə tuturuq. O tərəfdən də Mərkəzi Bank açıqlama verir, deyir dollara tələbat artıbdır. Artar da bə! Sən gəl vətən oğullarını 3-5 milyona görə bas içəri, sonra denən vətən əcdadımızın mədfənidir, vətəni sevməyən insan olmaz, filan, falan... Bu cür getsə patriotizmdə inflyasiya kəlləçarxa qalxacaqdır.
Üstəlik, zabit yoldaşlar məhkəmədə bildirir ki, pulların hamısı bizə qalmırdı, 30-40 faizi maliyyə idarəsinə gedirdi. Yəni, idarə özü yeyintini təşkil eləyirmiş. Mexanizm qısaca belədir: dövlət büdcəsindən pulu olmayan işlərə, xəyali kadrlara (ölü canlar) ayırırsan, sonra yerində nağdlaşdırılır, faizi yerdəki müdirə verilməklə geri qayıdır. Ancaq mexanizm cəhənnəm olsun, bizi düşündürən məbləğdir!
Vaxt var idi, general tutulanda minimum 32 milyonu çıxırdı. Bankiri içəri basırdıq, 2 milyard yeyinti müzakirə edilirdi. Deputat-biznesmen qulaqlanırdı, bunda da minimum 50-100 milyon söhbəti gedirdi. Ən axırıncı sosial inkişaf nazirimiz yadıma gəlir, 27 milyonunu bir aldılar, 8 milyonunu da boynuna qoyublar – şərti cəza müddətində dövlətə qaytarmalıdır. Burada isə hansısa 3 milyon yarımın davası açılıb.
Vətənpərvərlik tərbiyəsində məbləğin rolu mütləqdir. Özəlliklə, hərbi işlərdə. Misal üçün, sən kəşfiyyata əsgər göndərirsən, o da gedir düşmənin zabiti əvəzinə hansısa yetim çağırışçını qulaqlayır gətirir. Yaxud, snayper götürür hansısa giziri vurur. Bu mövzuda əsgərlikdə bir anekdot eşitmişdim. Deyir, bir nişançı əsgər düşmən tərəfdən kimisə vurur, gəlir onun poqonundakı ulduzları təsvir edir. Komandir deyir, əhsən, vurduğun leytenantdır, 200 manat mükafat alırsan. İkinci dəfə kapitan vurur, 500 manat mükafat, üçüncü dəfə gizir vurur, komandir deyir: “Gizirə görə sənə cərimə düşür. 600 manat cərimə olunursan”.
Güman edirəm bizim qəhrəman zabitlərimiz 3 milyon yeyinti ittihamıyla yanaşı, xırdaçılıq etdikləri üçün də ittiham olunmalıdır. Bu, dövlət olaraq, millət olaraq bizim nüfuzumuza xələl gətirir, dünyada bizi biabır edir. Şair demişkən: “Həyat səni güldürəndə gülərsən, Hünərin var ağladanda gül görüm!” Dəqiq belədir.
Deputatlardan da xahiş edirik, büdcə yeyintilərinə görə cəza limitini 5 milyon manat-zad qoysunlar. Bundan aşağı oğurlayan ağırlaşdırıcı hal sayılsın, 15 il verilsin. Ədalətinizə güvənirəm.
Elə dünən bu cinayət işi mövzusunun böyründə xəbər getmişdi ki, Bakıda hansısa manıs 8 milyona restoran tikdirmişdir. Manısa elə dəyər verirsən, zabiti də tutursan. Buna necə dözmək mümkündür? Şəxsən mən dözmürəm.
22 Noyabr 2024
21 Noyabr 2024
20 Noyabr 2024
19 Noyabr 2024
17 Noyabr 2024
16 Noyabr 2024
15 Noyabr 2024
13 Noyabr 2024
12 Noyabr 2024
10 Noyabr 2024
09 Noyabr 2024
08 Noyabr 2024
07 Noyabr 2024
06 Noyabr 2024
05 Noyabr 2024
03 Noyabr 2024
02 Noyabr 2024
01 Noyabr 2024
31 Oktyabr 2024
30 Oktyabr 2024
29 Oktyabr 2024
27 Oktyabr 2024
26 Oktyabr 2024
25 Oktyabr 2024
24 Oktyabr 2024
23 Oktyabr 2024
20 Oktyabr 2024
19 Oktyabr 2024
18 Oktyabr 2024
17 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ