İnsanlara hürriyət, millətlərə istiqlal!

Hoydu-hoyduya götürülmə mexanizmi

 

Keçmiş vaxtlarda qəzetlər barədə sırf Qərb ölkələrində yaranmış, sonra dünyaya yayılmış bir məzəli idiomatik ifadə vardı, deyərdilər ki, qəzetlə naziri də vurmaq olur, milçəyi də.

Əlbəttə ki, bu “vurma”nın biri məcazi, o biri birbaşa mənadaydı.

Amma dünya dəyişdi, əvvəlcə bürmələnmiş qəzetlə ofisə, iş otağına, mətbəxə dalmış milçəyi hərləyib vurmaq aktları sıradan çıxdı. Çünki milçəklərə qarşı mübarizədə effektiv mübarizə üsulları icad olundu, ta qəzetə ehtiyac qalmadı. Hərçənd hərdənbir yenə lazım olur. Məsələn, 1-2 həftə bundan qabaq işlədiyim otağa bir milçək sızmışdı, hərlənib-fırlanıb ya təpəmin keçəlləşmiş nahiyəsinə, ya da kompüterimin ekranına qonurdu. Problemi danışıqlar yolu ilə həll etmək mümkün olmayınca, mən onu qəzetlə təhdid etdim, inciyib getdi.

TV-lər, saytlar, sosial şəbəkələr güclənəndə isə, nazir və digər yüksək mənsəbli məmurların vurulması prosesində qəzetlərin rolu xeyli azaldı. Artıq daha təsirli vasitələr vardı. Yeni media ünsürləri bu işdə daha güclüdür, trollar qara piar deyilən andırı daha yeyin-yeyin yürüdə bilirlər.

Bir də görürsən, hansısa maraqlı bir qüvvə kimisə hədəfə alır, əvvəlcə saytların birində vəzifəli şəxsin barəsində ifşaedici informasiya gedir, korrupsionermiş yaramaz. Hamı mələkdir, bircə o korrupsionerdir. Sonra o xəbər sosial şəbəkədə tirajlanır, daha sonra internet tv-lər işə qarışır. Dördüncü dalğada dövriyyəyə qəzetlər girir, sonra saytlar qəzetlərə istinad edərək beşinci dalğaya start verirlər. Sosial şəbəkə trolları altıncı dalğanı kükrədirlər, sunami əmələ gəlir.

Hədəfə alınmış şəxs bir də görür ki, onu bütün ölkədə hoydu-hoyduya götürüblər, hamı ondan danışır. Əgər adam şərlənibsə (belə şeylər də olur), bilmir kimi təkzib etsin, kimə açıqlama versin. Lap o, belə bir şey etsə də, xeyri yoxdur, 2-3 gündən sonra ifşaedici material yenidən tirajlanacaq. Yox, adamın zibil işi varsa, sakitcə oturub gözləyəcək ki, ajiotaj səngisin, başqa birini hədəfə götürsünlər, ondan əl çəksinlər. 3-4 gündən sonra mütləq yeni bir ümummilli tənqid hədəfi peyda olur, köhnə qurban unudulur.

Bax, onda “ifşa olunmuş adam” öz maddi, ictimai, inzibati resurslarından istifadə edərək barəsində yazılmış ifşaedici materialları bircə-bircə dondurdur, ya da tamamilə çıxartdırır. Bir günlük ömrü olan qəzetlər isə öz ifşaedici materialları ilə masalardan öz-özünə yığışır, arxivə gedir, cildlərə tikilir.

Adamı mediada hoydu-hoyduya götürmək ənənəsi də Qərbdə yaranıb və bunu ölkəmizdə ən yaxşı Qərbə işləyənlər bacarır. Kimsə onların mənafeyinə uyğun olmayan addım atsın, söz desin, gününü görsün. Onların üzündən N qədər adam ictimai-siyasi fəallıq göstərə bilmir, hamısı qorxur ki, fəallar sosial şəbəkədə onları söyüb-biabır edib abırdan salacaq. Trolların qəzəbinə gələcəyi qorxusundan namizədliyini irəli sürməyən siyasətçilər var bu ölkədə.

Bir ara kimin hünəri nəydi feministlərə qarşı bir söz desin, fəal qadınlar hərəkətə keçir, adamın ailəsini dağıtdırır, özünü də “qadın düşməni” elan edirdilər.

İndi Neftçala seçki dairəsində tüğyan edən ictimai-siyasi ajiotajı izləyəndə baxırsan ki, koordinat eynidir. Bu, bəs-bəlli hoydu-hoyduya götürmək məsələsidir. Hədəfə götürülmüş şəxs nəsə desə də, deməsə də, fətva verilibsə, mütləq bir şey tapılacaq.

Amma belə hərəkətlərin bir xeyri olurmu? Bir yerə qədər nəsə olur, amma Azərbaycanda bu yolla əsl məqsədə çatmaq mümkün deyil. Yəni kiməsə mərdiməzarlıq edə, onun mandat almasına mane ola bilərsən, amma həmin mandatı sənə verməyəcəklər, kiməsə birinə, üçüncü adama verəcəklər, ya da dairə tamam boş qalacaq. İş fərəc gəlməyəndə, mehman umsuq olur, bəxt etibarlı adamın üzünə gülür.

Biz belə filmlərə çox baxmışıq. Ta maraqlı deyil – Hindistan filmləri kimi. Beş-altı elə filmə baxandan sonra bilirdik ki, axırda şortikli polislər gələcək.

Odur, Avropada Pavel Durovla bağlı ajiotaj var, ruslar Fransanı, Makronu hoydu-hoyduya götürüblər. Bu, ona görə belə olur ki, Durovun sərəncamında kimisə hoydu-hoyduya götürmək üçün effektiv platforma var. Onun əvəzinə başqa bir rus milyarder tutsalar, belə ajiotaj olmazdı.

Ən pisi odur ki, heç kimsə hoydu-hoyduya götürülməkdən sığortalanmayıb. Bir gün hər kəs öz adını on minlərlə istifadəçinin statusunda görə bilər. Ölüm kimi şeydir, hər kəs dadacaq, yəni.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

20 Noyabr 2024

18 Noyabr 2024

16 Noyabr 2024

14 Noyabr 2024

10 Noyabr 2024

07 Noyabr 2024

06 Noyabr 2024

04 Noyabr 2024

02 Noyabr 2024

31 Oktyabr 2024

29 Oktyabr 2024

27 Oktyabr 2024

25 Oktyabr 2024

23 Oktyabr 2024

20 Oktyabr 2024

17 Oktyabr 2024

14 Oktyabr 2024

12 Oktyabr 2024

09 Oktyabr 2024

07 Oktyabr 2024

05 Oktyabr 2024

03 Oktyabr 2024

01 Oktyabr 2024

29 Sentyabr 2024

27 Sentyabr 2024

25 Sentyabr 2024

23 Sentyabr 2024

21 Sentyabr 2024

19 Sentyabr 2024

17 Sentyabr 2024