İnsanlara hürriyət, millətlərə istiqlal!

Hinduşkalı KÖŞƏ

“İşıldaböcək ulduzlara dedi: “Alimlər söyləyirlər ki, bir gün gələcək, siz sönəcəksiniz”. Ulduzlar heç bir cavab vermədilər”.

(Rabindranat Taqor)

Sovet yazıçısı Əli Vəliyevin cəmi 44 yaşda rəhmətə getmiş tənqidçi-filoloq oğlu vardı, Məsud Əlioğlu. Çoxları bilmir, əslində Məsud müəllimin adı uşaq vaxtı (1928-də Qubadlıda doğulmuşdu) Marks olub. Sonra, Xruşşov dövründə nədənsə onu dəyişib Məsud eləyir. Bir gün xanəndə Xan Şuşinski parkda dincəlirmiş, görür Əli Vəliyevin oğlu keçir, hal-əhval tutur, deyir, bala, Marks, atan necədir? Uşaq deyir: “Xan əmi, mənim adım daha Marks deyil, Məsuddur”. Xan Şuşinski dövrün siyasi-ideoloji dəyişmələrini, Stalinin, Bağırovun tənqid edilməsi və xalq düşməni çıxmasına işarə olaraq ironiya ilə deyir: “Bala, nə oldu, Marks da ... çıxdı?”. Əlbəttə, üç nöqtənin yerində Xan əminin nə söylədiyini yazmağım imkan xaricindədir, ancaq ariflər işarədən anlamışlar, burada isə, maşallah, işarə üç dənədir, hərəsi bir hərf...

Bu əhvalat son günlər Hindistanın adı ətrafındakı söhbətləri görəndə istər-istəməz yadıma düşdü. Hindistan camaatı dövlətin adını xaricdə “Bharat” kimi işlətməyə təkid edir. Bu ad hal-hazırda konstitusiyada yazılıbdır, sadəcə, hər iki ad yazılıb. Hind camaatı isə Hindistan adından ümumiyətlə imtina etmək fikrindədir. Çünki onlar özlərinə hindus demirlər. Bu adı farslar qoyub. Adın stan şəkilçisi də fars dilindən alınmadır.

Dünyada belə coğrafi yer adları çoxdur. Məsələn, Anadolu türkləri bizə bəzən azərilər deyir, halbuki, azərlər İranda yaşayan, türk etnosuna dəxli olmayan bir atəşpərəst xalqdır. Bizim Gürcüstan, ingilislərin Corciya dediyi millət özünü Sakartvelo adlandırır. Ermənilər oğurluq işində populyar olduqları üçün beynəlxalq, coğrafi və tarixi Armenia adını da qapazlayıblar, əslində özləri Hayastandır.

Almaniyanın işi isə lap lətifədir. Biz türklər və fransızlar bunlara alman, alleman deyirik, mənası təxminən “çoxlu adam olan yer”dir. İngilis dilində Germany, alman dilində Deutschland-dır, finnlər Saksa, slavyanlar nemes deyir. Nemes adının mənası da anekdotdur, “danışa bilməyən adam” deməkdir. Bəlkə də Hitler buna görə slavyanları sevmirdi.

Qayıdaq Hindistana. Bizim üçün bunun adı xüsusilə əhəmiyət daşıyır, çünki hind filmləri, mahnıları içində böyüyüb boya-başa çatmışıq. İndinin özündə Azərbaycanda axtarsan nə qədər Rac, İndira, Amit (Amitabh Baççan adlı aktyorun şərəfinə), Cimi, Zita, Gita, Xatuba, Sanqam adlı adamlara rast gəlinir. Hindistanın ermənipərəstlik eləməyi qəlbimizi bir az qırıbdır, yoxsa bizim fillər diyarına hörmətimiz daim yüksək olmuşdur.

Vaxtaşırı hind quruları, yoqaları dövlət səviyyəsində dəvət edirik, gəlib camaata mıxın üstündə uzanmağı, ağızdan alov püskürtməyi, çalıb-oynamağı, fili gözüyumulu xortumundan tanımağı, itmiş əkiz qardaş-bacını necə tapmaq lazımdır, avaraçılığın axırı necə olur, toz içində çiçək bitirmi, Qanqın suları niyə bulanıqdır, oğrunun oğlu oğru, rəisin oğlu rəis olmalıdırmı və sairə qədim elmləri öyrədirlər. Şəxsən buna görə Hindistanın başçısı, özü də peşəkar yoqa olan Narendra Modi müəllimə dərin minnətdarlığımızı bildiririk.

Ancaq Hindistanın adını vaxtında dəyişmək olmazdımı? Gör nə qədər söhbət tərs-məzhəb düşübdür... Məsələn, elə Kolumbun guya Hindistana çıxmağı, Karib adaları bölgəsinə səhvən Vest-Hind, yəni Qərbi Hindistan adı qoymağı. Nəticədə Amerikada yaşayan bütün qəbilələr bədbəxt olub, adları hindu kimi qalıb. Hələ Amerika quşu hinduşkanın korlanmış bioqrafiyasını demirəm.

Sözümü ona gətirirəm ki, gərək bizim deputatlar vaxtilə Mərəzənin adını dəyişib Qobustan qoymazdılar. Nəticədə indi bizdə tragikomik vəziyyət yaranmışdır: Qobustan rayonunda iki Qobustan adlı yaşayış məntəqəsi var. Biri keçmiş Mərəzədir, Şamaxı yolunun üstündədir və Qobustan şəhəri adlanır. Qobustan rayon mərkəzi də elə buradır. İkincisi isə tarixi Qobustan qayalarının, rəsmlərin yanındakıdır və Qobustan qəsəbəsi sayılır. İkincisi Bakı-Ələt yolundadır, yəni, tamam başqa istiqamətdir və çaşıb səhv getsən əməllicə azarsan. Bu, respublikamızda turizmin inkişafına əngəl törədir.

Hələ mən neçə dəfə Balakənə getmək istəyən turistləri İmişlidən qaytarmışam, onu heç yazmıram. Sən demə bunlar Beyləqanı səhv oxuyublar.

O qədər xarici düşmən var, bir az diqqətli olmalıyıq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

23 Noyabr 2024

22 Noyabr 2024

21 Noyabr 2024

20 Noyabr 2024

19 Noyabr 2024

17 Noyabr 2024

16 Noyabr 2024

15 Noyabr 2024

13 Noyabr 2024

12 Noyabr 2024

10 Noyabr 2024

09 Noyabr 2024

08 Noyabr 2024

07 Noyabr 2024

06 Noyabr 2024

05 Noyabr 2024

03 Noyabr 2024

02 Noyabr 2024

01 Noyabr 2024

31 Oktyabr 2024

30 Oktyabr 2024

29 Oktyabr 2024

27 Oktyabr 2024

26 Oktyabr 2024

25 Oktyabr 2024

24 Oktyabr 2024

23 Oktyabr 2024

20 Oktyabr 2024

19 Oktyabr 2024

18 Oktyabr 2024