Onlayn ictimai-siyasi qəzet
“Ac eşiyə, lüt içəriyə qaçar”
(ata sözü)
Yazırlar ki, Azərbaycanda şok dələduzluq olub, baş həkim 9 nəfəri aldadıb. Bunun nəyi şokdur? Şəxsən mənim heç tüküm tərpənmədi. Əgər baş həkim 1 nəfəri, uzağı 2 nəfəri aldadıb paralarını ələ keçirsəydi, bəlkə şoka düşərdik. 9 nəfər - yetərincə normal rəqəmdir. Bizim vəzifəli şəxslər üçün orta statistik göstəricidən bəlkə bir az aşağıdır.
Ümumilikdə dələduzluq kimi hallarla mübarizə səviyyəsinin yüksəlməsi sevindirici haldır. Adamın üstündə Allah var. Nöqsanları tənqid edirik, gərək müsbət işləri də yazaq. Məsələn, bugünlərdə beynəlxalq, biəxlaq dələduzlar Ucarın Alpoud kəndində məktəb direktorunu tora salmışlar. Direktorun biabırçı videosunu çəkiblər, özü də maraqlıdır ki, bunu məsafədən ediblər. Videonu görməmişik, ancaq təsəvvür edə bilərik. Adətən dələduzlar hansısa qadın adıyla profil açır, quşbeyin şəxsləri “sən kamera önündə filan yerini mənə göstər, mən də göstərəcəyəm” tipli şirnikləndirici vədlər verir. Sonra həmin “qazı” yolmağa başlayırlar: “Bu hesaba filan qədər köçür, yoxsa şəklini, videonu yayacağıq”.
Son hadisədə direktor pul vermək istəməyib, dələduzlar da videonu yayıblar. Nə təhər olubsa kəndlilər bu videonu izləmişdir. Sanki Ucarın Alpoud kənd sakinləri ellikcə oturub Bolqarıstan vətəndaşlarının (bizim polisin açıqlamasında direktoru şantaj edənlərin həmin ölkənin vətəndaşları olduğu deyilirdi) internet paylaşımlarını izləyirlər.
Kənd sakinlərinin direktoru istefa ərizəsi yazmağa məcbur etməsinin çəkilişini isə maraqla izlədim. 5-6 kişi məktəbə yaxınlaşır, direktor qəfəsli pəncərədən onlarla danışırdı: “Mən eşiyə çıxsam məni döyməzsiniz?”
Tragikomik mənzərə idi, açığı. Təhsilimizin düşdüyü durumu göstərirdi. Camaat onu döyməyəcəyinə söz verəndən sonra direktor üzə çıxdı, dedi ərizə yazmışam, daha sizin kənddə işləməyəcəyəm, bu videonu da çəkməyin (Bizim “şanlı” direktorun əhvalatı mənə oxşar mövzuda rumın filmini xatırlatdı. Rejissor Radu Jude-nin 2021-ci ildə Berlin festivalının baş ödülü “Qızıl ayı”nı alan həmin filmi “Uğursuz seks və ya dəlisov porno” adlanır).
Yeri gəlmişkən, Alpoud kənd sakinlərinin orada ortaya qoyduğu ümumxalq təəssübkeşliyi, vətəndaş mövqeyi şəxsən mənim çox xoşuma gəldi. Onlar ciddi quş buraxmış quşbeyin məktəb direktoruna birbaşa dedilər ki, tək bizim kənddən çıxıb getməklə canını qurtarmırsan: “Biz istəyirik sən heç bir məktəbdə müəllim, direktor işləməyəsən. Başqa işlər gör, özün bilərsən. Lakin təhsil sektorundan uzaq ol. Ölkənin başqa ərazilərində də”.
Demək artıq xalqımız “məndən ötən daş qardaşıma dəysin”, “bizə gəlməyən bəla yüz yaşasın” kimi xırda, dar düşüncədən uzaqlaşıbdır.
İctimai mövqe moped sürücülərinin hüquqlarını müdafiə etmək istəyən gəncin həbsində də özünü göstərir. Niyə bu gənc müstəqil həmkarlar yaratmaq istəyir? Belə olmaz. Həmkarlar həmişə hökumətin nəzarətində qalmalıdır. Yoxsa “sabah gəlib deyəcəklər papağını da ver” - Kərbəlayı demişkən. Ya da brilyant dolu otağın açarını istəyərlər. Hətta daha cızıqdan çıxsalar uşaq puluna göz dikərlər!
Əlaqədar orqanların dövlətçiliyin keşiyində bariz durmasını Hövsan tərəfdə də müşahidə etdik. Orda bir qrup qazi, veteran 60 sot torpağı hasarlamışdı. Dərhal bütün hökumət idarələri tökülüşdü, hasarı sökdülər. Deyir, bura kənd təsərrüfatı təyinatlı torpaqdır, bura hasar çəkmək olmaz.
Xəzər dənizini hasarlamaq isə olar.
23 Noyabr 2024
22 Noyabr 2024
21 Noyabr 2024
20 Noyabr 2024
19 Noyabr 2024
17 Noyabr 2024
16 Noyabr 2024
15 Noyabr 2024
13 Noyabr 2024
12 Noyabr 2024
10 Noyabr 2024
09 Noyabr 2024
08 Noyabr 2024
07 Noyabr 2024
06 Noyabr 2024
05 Noyabr 2024
03 Noyabr 2024
02 Noyabr 2024
01 Noyabr 2024
31 Oktyabr 2024
30 Oktyabr 2024
29 Oktyabr 2024
27 Oktyabr 2024
26 Oktyabr 2024
25 Oktyabr 2024
24 Oktyabr 2024
23 Oktyabr 2024
20 Oktyabr 2024
19 Oktyabr 2024
18 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ