Onlayn ictimai-siyasi qəzet
ABŞ başda olmaqla Qərb Gürcüstandakı son parlament seçkilərinin nəticələrini heç cür “həzm” edə bilmir. Çünki hakimiyyətdə görmək istədiyi sözəbaxan, müti, mili köklərdən qopmuş qüvvə seçkilərdə böyük hesabla məğlub olub – etnik gürcü olsa da, gürcü xalqına ən az dəxli olan hazırkı prezident, Fransa vətəndaşı Salome Zurabişvili daxil olmaqla.
Odur ki, Amerika, “qoca qitə” neçə gündür həşirdədir. Qalib və hakim “Gürcü Arzusu” partiyasına olmazın təzyiqlər göstərir, səslərin təzədən sayılmasını, hətta yeni seçkilər tələb edir. Guya yeni seçkilərdə möcüzə baş verəcək.
Əksinə, normal təfəkkürlü gürcü vətəndaşı Qərbin yekəxanalığına bu dəfə daha sərt reaksiya göstərə, hakim qüvvə indikindən də çox səs ala bilər. 26 oktyabrda səsverməyə getməmiş laqeyd zümrənin seçicilərinin “Gürcü Arzusu”na dəstək üçün məntəqələrə üz tutacağı da istisna deyil. Xülasə, yeni seçkilərdə “Gürcü Arzusu” parlamentdə nəinki indiki adi səs çoxluğu, hətta konstitusion üstünlüyü qazana bilər.
Hələliksə kollektiv Qərb var gücü və özünün ənənəvi, hamını bezdirmiş “demokratiya, insan haqları” bəhanəsi ilə Gürcüstan iqtidarına təzyiqləri, müxalifətə isə görünməmiş dəstəyini davam etdirir. O müxalifət ki, dünən Tiflisin mərkəzi meydanında sanballı etirazçı toplaya bilmədi...
“ABŞ və Avropa İttifaqı Gürcüstanda keçirilən parlament seçkilərində pozuntularla bağlı araşdırmanı hansı qurumun üzərinə götürə biləcəyi ilə bağlı məsləhətləşmələr aparır”.
Bu sözləri bu gün ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller deyib. “Biz avropalı tərəfdaşlarla məsləhətləşmələr aparırıq”, - Miller qeyd edib. Az öncə isə o, Gürcüstan hökumətini hazırkı kursu dəyişməyəcəyi təqdirdə ölkəsi adından ağır nəticələrlə hədələmişdi...
Yəni Vaşinqton üçün əslində Gürcüstanda və ya hər hansı digər postsovet ölkəsində hansısa partiyanın qalib, hansının isə məğlub olmasından çox, ölkənin ABŞ orbitində qalması daha önəmlidir. Seçki pozuntuları isə sadəcə, bir bəhanə. Pozuntular guya Birləşmiş Ştatların özündə olmur? Neçə-neçə nümunə gətirmək olar.
Ən absurdu odur ki, Amerika öz konstitusiyasına düzəliş etməmək naminə hələ də birbaşa prezident seçkisi sisteminə keçmək istəmir. Məhz bunun nəticəsidir ki, bir neçə dəfə ölkə üzrə ən çox səs toplamış şəxs, məsələn - Albert Qor (2008), Hillari Klinton (2016) yox, ən az səs yığmış namizəd - kiçik Corc Buş və Donald Tramp ABŞ prezidenti elan edilib. Bunun harası azad və ədalətli seçki oldu? (2016-da Klinton Trampdan 2 milyon çox səs toplamışdı, amma məğlub elan olundu).
Məsələ də bundadır ki, düz bir həftə sonra görəcəyik, ABŞ-ın özündə 5 noyabr seçkiləri nə ilə bitəcək, hansı qalmaqalla yadda qalacaq? Məğlub qalibi təbrik edəcəkmi, yoxsa bir-birilərinə düşmən kəsiləcək? Vətəndaş qarşıdurması, Kapitoliyaya - Konqres binasına yenə hücum olmayacaq ki...
Yada salmağın yeri var, prezidentliyə respublikaçı namizəd Donald Tramp dəfələrlə bəyan edib ki, əgər qalib o olmasa, nəticəni legitim saymayacaq. Onun əsas dəstəkçilərindən olan milyarder İlon Mask da təxminən eyni fikri söyləyib. Kamala Harris qalib olacağı təqdirdə ölkənin avtoritarizmə yuvarlanacağını bildirib. Yəni ki, artıq indidən Harrisin mümkün qələbəsi legitim sayılmır...
Kəsəsi, “ya Tramp, ya da heç kim” məntiqi. Bu isə potensial vətəndaş qarşıdurması anlamına gəlir. Hələ bilmək olmaz, Gürcüstanda bır sıra məntəqələrdə səslər təzədən sayılıb-qurtarmamış (yerli MSK Qərbin iddialarını nəzərə alaraq, bu gün belə bir qərar verib), Amerikanın başı özünə elə qarpışsın ki, nəinki Güney Qafqaz, Ukrayna da yadına düşməsin.
Necə deyərlər, “gülmə qonşuna, gələr başına”...
Zahid SƏFƏROĞLU
20 Noyabr 2024
19 Noyabr 2024
15 Noyabr 2024
13 Noyabr 2024
11 Noyabr 2024
06 Noyabr 2024
29 Oktyabr 2024
23 Oktyabr 2024
21 Oktyabr 2024
16 Oktyabr 2024
14 Oktyabr 2024
09 Oktyabr 2024
04 Oktyabr 2024
26 Sentyabr 2024
25 Sentyabr 2024
19 Sentyabr 2024
13 Sentyabr 2024
09 Sentyabr 2024
30 Avqust 2024
05 Avqust 2024
30 Iyul 2024
19 Iyul 2024
26 Iyun 2024
22 Iyun 2024
19 Iyun 2024
12 Iyun 2024
11 Iyun 2024
03 Iyun 2024
01 Iyun 2024
29 May 2024
ŞƏRHLƏRŞƏRH YAZ