Onlayn ictimai-siyasi qəzet
Deyirlər, göydən Yerə yekə bir daş gəlir. Başqa adamlar demir, bu işə baxan NASA deyir. Arizonadakı rəsədxanadan görüblər, uzununu, enini, çəkisini, hətta sürətini də ölçüblər.
NASA belə şeyləri dəqiq bilir, ona görə də yekə daşa – asteroidə ad qoyub, nömrə də veriblər. Daşın adı “Apofiz”dir, diametri 350 metr, çəkisi 27 milyon tondur, sürəti isə saniyədə 40 kilometrdir. Hesab edin ki, bu asteroid 1 saniyədə “Şamaxinka”dan Yaşmaya çatır, 3 saniyədə - Siyəzəni keçir.
Xəbərin qanqaraldıcı yeri odur ki, o daş Yerə dəysə, dağıdıcılığı ABŞ-nin 1945-ci ilin avqustunda Xirosimaya atdığı atom bombasının 40 qatı qədər olacaq. Yəni Yer yerindən oynayacaq, biabırçılıq olacaq.
Amma xəbərin ürəkaçan sətirləri də var. O da belədir ki, “Apofiz” yaxın min ildə Yerə yaxın gəlməyəcək, eləcə, göydə fırlanacaq. Sonra da şair deyir ki, “göy üzü daş saxlamaz”. Heç demə, lap yekəsini saxlayırmış, amma müvəqqəti.
Çünki nə bilmək olar, göyün daşıdır, o tərəfə uçmaz, bu tərəfə uçar, trayektoriyasını dəyişər, nə bilim, başqa planetlərin təsirinə məruz qalar.
Yenə də insan oğlu gərək ehtiyatlı olsun, göydəki stansiyalarda hər ehtimala qarşı ballistik raketlər yerləşdirsin, “Apofiz” yaxın gələndə vurub darmadağın eləsin.
Başda ABŞ və Rusiya olmaqla 10 ölkənin nüvə başlıqlı ballistik raketi var. Kim Çen In gündə birini sınaqdan keçirir. Qoy dar gündə atışıb (bir-birilə yox) göyə 100 raket çıxarsınlar, ondan sonra heç bir asteroid Yerə sədəmə toxundura bilməz.
Bir iş də var: Yer əhalisinin mühüm bir qisminin heç vecinə də deyil ki, göydən Yerə daş gəlir, ya gəlmir. Hətta arzulayanlar var, işləri bir az düz gətirməyəndə, haqsızlığa məruz qalanda əllərini göyə qaldırıb deyirlər: “Göydən yerə daş yağdır, ay Allah”.
Düzünə qalsa, mən belə çağırışlardan üşənirəm. Həyatda görmüşəm. İşğala məruz qalmazdan bir-iki il qabaq hər gün bizim kənddə onlarla adam deyirdi ki, görüm, bu kəndi xaraba qalsın. Bəziləri daha konkret qarğıyırdı: “Allahdan istəmişəm, bu camaat elə cəlayi-vətən olsun ki, hərəsinin səsi bir yerdən gəlsin”.
Necə demişdilər, elə oldu. Kəndimiz 31 il əvvəl darmadağın oldu, xaraba qaldı, indi hərəsinin səsi bir yerdən gəlir.
Bir dəfə bir məclisdə işğala görə vaysınırdılar, yadlarına saldım, dedim, xatırlayırsınızmı, belə deyirdiniz, biri dedi ki, haqsızlığa görə elə deyirdik, cojuyurduq (bu söz hiddətlənib özündən çıxmaq mənasında işlənir).
İndi bəziləri də cojuyur, göydən daş yağışı tələb edirlər. Adi dolu yağanda qaçıb evə təpilən adamlardır, amma elə bilirlər ki, göydən daş yağsa, Yer üzündə haqq-ədalət bərqərar olacaq.
O gün yazıçı Vaqif Sultanlının “Ədəbiyyat qəzeti”ndə dərc etdirdiyi “Daş yağışı” adlı bir hekayədə proses detallarına qədər təsvir olunub: əvvəlcə göydən xırda daşlar yağır, sonra daşların kalibri böyüyür, hər yanı daş qalağı basır və sağ qalan insanlar daş dövrünə qayıdır.
Əlbəttə, bu təxəyyül məhsuludur. Amma oxucuları qorxutmaq kimi olmasın, yazıçılarda belə bir fəhm var, bəzi şeyləri qabaqcadan deyirlər, sonra gəlir, düz çıxır. Məsələn, Atlantik okeanında “Titan” adlı gəminin aysberqlə toqquşub batacağı barədə roman amerikalı yazıçı Morqan Robertson tərəfindən 1898-ci ildə yazılıb. Bundan 14 il sonra, 1912-ci ildə, Atlantik okeanında “Titanik” adlı gəmi buz dağına çırpılaraq batıb. Bu hadisə ilə Robertsonun “Nahaq yerə, Titan qəzası” adlı romanındakı hadisələr arasında inanılmaz (23 vahid) bənzərlik var. Filminə də baxmış olarsınız. Məşhur söhbətdir.
Yaxud rus yazıçısı Aleksey Tolstoyun 1925-27-ci illərdə yazdığı “Mühəndis Qarinin hiperboloidi” adlı fantastik romanında bəhs olunan lazer şüası 30-40 ildən sonra reallaşdı. Yeri gəlmişkən, insanın Marsa uçacağını da bu müəllif 101 il öncə proqnozlaşdırıb, “Aelita” adlı roman yazıb. Hazırda insanlar sağdan-soldan çox dartınırlar ki, Marsa uçsunlar.
Uzağa getməyək, 1964-cü ildə, 60 il qabaq öz vətənimizdə çəkilən “Sehirli xalat” filmində videoçəkən fotoaparat göstərirlər. “Gələcəyin uşaqları” Rəşidlə Zərifənin videosunu çəkir, iki saniyədən sonra özlərinə göstərirlər. İndi o cihazdan hamıda var. Çünki gələcək gəlib çıxıb.
Yüzlərlə belə fakt sadalamaq olar. Amma ümid edək ki, daş yağışı yaxın min ildə reallaşmayacaq. Hər ehtimala qarşı, “göydən daş yağsın” söhbətini yığışdırmaq lazımdır.
20 Noyabr 2024
18 Noyabr 2024
16 Noyabr 2024
14 Noyabr 2024
10 Noyabr 2024
07 Noyabr 2024
06 Noyabr 2024
04 Noyabr 2024
02 Noyabr 2024
31 Oktyabr 2024
29 Oktyabr 2024
27 Oktyabr 2024
25 Oktyabr 2024
23 Oktyabr 2024
20 Oktyabr 2024
17 Oktyabr 2024
14 Oktyabr 2024
12 Oktyabr 2024
09 Oktyabr 2024
07 Oktyabr 2024
05 Oktyabr 2024
03 Oktyabr 2024
01 Oktyabr 2024
29 Sentyabr 2024
27 Sentyabr 2024
25 Sentyabr 2024
23 Sentyabr 2024
21 Sentyabr 2024
19 Sentyabr 2024
17 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ