İnsanlara hürriyət, millətlərə istiqlal!

Gedənlərin qayıtmağı

“Bu yerlərdə qatarlar şərqdən qərbə, qərbdən də şərqə gedir. Dəmiryolunun hər iki tərəfi ilə göz işlədikcə çöllüklər uzanıb gedirdi, - Sarı Özək sarı torpağın özəyi - ortası idi”.

(Çingiz Aytmatov, “Gün var əsrə bərabər”)

Yeni yaradılmış ordumuzun  1992-ci il yanvarın 25-də Şuşa yaxınlığında, Daşaltıda apardığı uğursuz əməliyyat hamımızın yadındadır. Savadsız müdafiə naziri, satqın bələdçilər, başıpozuq əməliyyat, 90-a yaxın itki, don vurmuş əsgərlərimiz... İndi adam o uğursuzluğu, sonradan başqa uğursuzluqlarımıza da təkan vermiş bəd günü heç xatırlamaq istəmir, çünki yaranın yeri acıdır. Ancaq müəyyən təsəlli də vardı, bəzi mənbələr əsgərlərimizin sonadək döyüşdüyünü, bəzilərinin mühasirədə özünü qumbarayla partlatdığını, lakin təslim olmadığını, geri qaçmadığını söyləmişdilər. 

Daşaltıda itkin düşən əsgərlərimizdən bugünlərdə soraq var. 2020-də Daşaltı azad ediləndən sonra orda tapılan cəsədlərin identifikasiyası aparılıb. Bu avqustda, ayın 24-də Adil Niftəliyevi Xaçmazda, doğulduğu Dədəli kəndində basdırdılar. 31 il sonra. 

31 il sonra, avqustun 23-də Baba Mikayılovu Şamaxının Göylər kəndinə aparıb dəfn elədilər.

31 il sonra, 24 avqustda  Araz Rüstəmovu Xızının Giləzi qəsəbəsində basdırdılar. 

Hələlik Daşaltıdakı cəsədlərdən 7 əsgərin kimliyi müəyyən edilib. 

Bir dəfə Qarabağda düşmənlər basdırmışdılar, ikinci dəfə doğulduqları yerdə, doğmaları basdırır. Yenidən pöhrələnəcəklər. Belə toxumlar ölmür, qurumur, itmir. Biz Həsən bəy Zərdabini 3 dəfə basdırmışıq, bilirdinizmi? Amma kölgəsi hər yerimizə çatan uca ağacdır. 

Prosedur olaraq bu oğulların dəfni rəsmi mediada “meyit qalıqlarının dəfni” adlanır. Doğrudur. Ancaq mahiyyətcə yanlışdır. Onlar qalıq deyil. Onlar tamdır. Bütövdür. Onların dəfni ilə uzun, ağır bir proses də tamamlanır. Dövrə qapanır. 

23 avqustda Abşeronun Qobu qəsəbəsində də bir dəfn prosesi vardı. 31 il qabaq Daşaltıda həlak olan Gülverdi Hüseynovun “tamını” dəfn edirdilər. Və eyni vaxtda Qobu yaxınlığında məskunlaşan məcburi köçkünlərin Qarabağa qayıdışı gedir. Laçına, Füzuliyə köçlər var. Gülverdi Hüseynovu dəfn etməyə aparanlarla Qarabağa köçənlər bəlkə eyni yolda, eyni küçədə üz-üzə gəlmişlər, kim bilir... 1993-cü ilin acı köçhaköçünü canlı görənlər bu hadisələrin nə qədər simvolik, rəmzi olduğunu anlamışlar. Onlar bir zamanlar getməsəydi, biz indi qayıtmazdıq. 

Mən buna bənzər qəribə duyğuları bir dəfə də yaşamışam. Laçınlı məcburi köçkünün çoxlu yorğan-döşəyi köhnə maşınının üstünə yığıb, Türkiyə bayrağını qaldırıb zəlzələ bölgəsinə yardım daşıdığını görəndə. O yorğan-döşəkləri başqa bir dəfə, başqa bir yerdə gördüyüm yadıma düşmüşdü. 1993-cü ilin avqustunda, ucu Laçın-Qubadlı, axırı İmişli-Biləsuvar çölləri, Bakının dar yataqxanaları olan köç karvanında çoxlu belə yorğan-döşək yükləri vardı. Yazıq tərəkəmənin yorğan-döşəkdən başqa nə var dövləti olur ki? Əldə yun var, yorğan sırı, döşək sal... Köç karvanında bu saysız-hesabsız yorğan-döşəkləri görəndə düşünmüşdüm: “Neyləyirlər bunları? Bir-ikisi bəs deyildimi? Hara aparırlar?” Lazım imiş. Mən görməmişdim, el görmüşdü. Haçansa qardaşa lazım olacağını bilirmişlər. 

Dövrəmiz mübarək. Bütövlüyümüz qutlu olsun. Hamının gedəni qayıtsın. 

P.S. Yazının başlığı yazıçı Sabir Əhmədlinin romanının adından götürülüb. Oğlu Murovda, 1994-də erməni faşistləriylə döyüşdə həlak olan, qardaşı isə 1944-də alman faşistlərlə davada həlak olub Sovet İttifaqı Qəhrəmanı adı alan cəbrayıllı Sabir bəyin... 



ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

23 Noyabr 2024

22 Noyabr 2024

21 Noyabr 2024

20 Noyabr 2024

19 Noyabr 2024

17 Noyabr 2024

16 Noyabr 2024

15 Noyabr 2024

13 Noyabr 2024

12 Noyabr 2024

10 Noyabr 2024

09 Noyabr 2024

08 Noyabr 2024

07 Noyabr 2024

06 Noyabr 2024

05 Noyabr 2024

03 Noyabr 2024

02 Noyabr 2024

01 Noyabr 2024

31 Oktyabr 2024

30 Oktyabr 2024

29 Oktyabr 2024

27 Oktyabr 2024

26 Oktyabr 2024

25 Oktyabr 2024

24 Oktyabr 2024

23 Oktyabr 2024

20 Oktyabr 2024

19 Oktyabr 2024

18 Oktyabr 2024