Onlayn ictimai-siyasi qəzet
Rəhbərlik qərar vermişdir, bu il şair Füzulinin 530 illiyi qeyd olunacaqdır. Yəqin tədbirlər sırasında şairin adını daşıyan rayonun işğalçılardan tam azad edilməsinə də nəsə həsr edilər. Lazımdır.
Şairin el arasında çox populyar olan “Şikayətnamə” əsəri vardır və məncə, yubiley tədbirləri sırasında buna xüsusi yer vermək olar. Aktualdır. Məsələn, nazirliklərin qabağında uşaq pulu, pensiya, sosial yardım axtaran zəhmətkeşlərə, dövlət büdcəsindən pul dilənən yaradıcı (əslində yarınıcı) birliklərin nümayəndələrinə - şair, yazıçı, rəssam, bəstəkar, rejissor və sairələrə “Şikayətnamə”dən parçalar əzbərlətmək olar.
Hərçənd onların çoxu rəhmətlik şairin günündə deyil, hökumətdən (oxu: sultandan) yetərincə ənam almışlar. Bəzilərinin hətta 4 nəsli hökumətlərin ətəyində oturub xımır-xımır yeməklə məşğuldur. Ev, maşın, məşuqə, cızmaqaraların külliyyatının nəşri, uşağa iş, arvada kürk, nə bilim, daha nələr... Bir el şairimiz var, vaxtilə dirəşmişdi ki, mən ölüm, mənə fəxri xiyabanda yer verməyin. İndi deyir, siz öləsiniz, orada birinci məni basdırmalıdırlar. Hökumətdən iki dəfə ev alıb, üçüncüsünün də siyahısına girib. Maşallah, iştahı yaxşıdır. İmkan versən dünyanı basar yeyər.
Füzulinin o əsərinin tarixçəsini xatırlatmaq isə yerinə düşər. Şairin bəxti bir növ gətiribmiş, həmin dövrün ən bərk gedən padşahlarında Osmanlı sultanı 1-ci Süleyman Qanuni zamanında yaşamışdır. Süleyman müəllim dünyanın yarısını tutmuşdu, eyni zamanda çoxlu arvadları da olub, güman edirəm ünlü türk serialında bunlar ətraflı işıqlandırılmışdır. Mövzumuz bu deyil.
Xülasə, şair peşəsi həmişə acından günorta duranlar kateqoriyasına aiddir, Füzuli babamızın da vəziyyəti yaxşı olmayıb. Kişi fikirləşib nə eləsin, Sultan Süleymana azı 5 dənə qəsidə yazıb. Açıq göstərsək, qəsidə Şərq poeziyasında yaltaqlıq üsullarından biridir. Bu janrda adətən rəhbərlikdəki kiməsə tərif vurursan (“qəsidə - böyük bir şəxsi və ya tarixi bir hadisəni mədh və tərif edən, adətən təntənəli, uzun lirik şeir” - lüğətdən). Həmin qəsidələrdən ən məşhurlarından biri “Gül” qəsidəsidir, 60-a yaxın bənddən ibarətdir, sayıb bitirənəcən əldən düşdüm, ona görə dəqiq rəqəmi bilmirəm. Rəhmətlik sanki adını doğrultmaq üçün əməllicə uzunçuluq edib, sultana faktiki poema yazıb. Poemadan bir bəndi yazaq, sözümüz qəribçiliyə düşməsin: “Şahi-din Sultan Süleymani-səadətmənd kim, Kəsb edər xülqi-xoşundan nüzhəti-ətvar gül”. Tərcüməsi belədir ki, gül dinin şahı, səadətli Sultan Süleymanın xoş əxlaqından lətifliyi və zərifliyi öyrənir. Təsəvvür elə. Hansı padşaha belə şeir yazsan, adama qızıldan heykəl qoymalıdır.
Ancaq yazdığımız kimi, şair padşahdan yarımayıb. Ona cəmi-cümü 9 axça sultan təqaüdü kəsiblər, onu da minnət-sünnətlə veriblər. Ona görə də “Şikayətnamə” “Salam verdim - rüşvət degildir deyü almadılar” cümləsi ilə başlayır. Sitat: “Dedim: ”Mənim rəayətimi vacib görmüşlər. Və mənə bərati-təqaüd vermişlər ki, övqafdan həmişə bəhrəmənd olam. Və padşaha fərağət ilə dua qılam". Dedilər: “Ey miskin! Sənin məzaliminə girmişlər və sənə sərmayeyi-tərəddüd vermişlər ki, müdam faidəsiz cidal edəsən. Və namübarək üzlər görüb, namülayim sözlər eşidəsən”. Qısası, məmurlar şairə deyir ki, sənə təqaüdü məzələnmək, səni ələ salmaq üçün kəsmişik. Əsərin axırında şair həmin sultan vəqfinin məmurlarını yuxarılara şikayət yazacağı ilə hədələyir, onlar isə deyir ki, əlin çatan yerə yaz, “katibləri razı etmişiz”.
Mənə şairə verilməli olan təqaüdün dəyəri də maraqlı gəldi, araşdırdım, həmin dövrdə 1 Osmanlı axçası (gümüş pul olub, orijinalda adı akçe-dir) ilə 1,5 kilo çörək və ya yarım kilodan azca çox qoyun əti almaq mümkün imiş. Şairə sultanın ehtiyat fondundan 9 axça pensiya verildiyini nəzərə alsaq, belə çıxır ona indiki pulla 60-70 manat arası pul verilməliymiş. (Yarım kilo qoyun ətinin dəyərini 6 manat ətrafında qəbul edərək hesabladım. Çörəklə hesablasam lap az çıxırdı).
Adamın niyə daim kədərli olduğunu başa düşdünüzmü?
22 Noyabr 2024
21 Noyabr 2024
20 Noyabr 2024
19 Noyabr 2024
17 Noyabr 2024
16 Noyabr 2024
15 Noyabr 2024
13 Noyabr 2024
12 Noyabr 2024
10 Noyabr 2024
09 Noyabr 2024
08 Noyabr 2024
07 Noyabr 2024
06 Noyabr 2024
05 Noyabr 2024
03 Noyabr 2024
02 Noyabr 2024
01 Noyabr 2024
31 Oktyabr 2024
30 Oktyabr 2024
29 Oktyabr 2024
27 Oktyabr 2024
26 Oktyabr 2024
25 Oktyabr 2024
24 Oktyabr 2024
23 Oktyabr 2024
20 Oktyabr 2024
19 Oktyabr 2024
18 Oktyabr 2024
17 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ