İnsanlara hürriyət, millətlərə istiqlal!

Fars şovinistlərə Azərbaycan dili dərsi – Bəlkə evimizdə hansı dildə danışmağı da sizdən soruşaq?

Bir milləti məhv eləmək üçün onun dilini məhv etmək kifayətdir. Bəşəriyyət var olandan onlarla millət məhz bu səbəbə əriyib gedib, böyük xalqlar və ya işğalçı millətlər tərəfindən assimilyasiyaya uğradılıb.

İndinin özündə Rusiyada neçə-neçə aborigen xalq yox olmaq ərəfəsindədir. Çünki dili yaşadan heç bir mədəni qurum, struktur, institut, özəlliklə orta məktəb faktiki qalmayıb. Amma latın xalqı fiziki olaraq mövcud olmasa da yaşayır. Ona görə ki, dili yaşadılır, müasir təbabətdə ortaq anlaşma vasitəsidir, beynəlxalq tibb dilidir.

Gəldik mətləbə.

Güney Azərbaycanda bu günlərdə dilimizlə bağlı diqqətçəkən bir olay yaşanıb. Əvvəlcə hadisənin pozitiv, qürurverici tərəfi haqda.

“Azad İran”ın yaydığı məlumata görə, bir neçə gün qabaq Tehran-Təbriz aviareysində təyyarə bələdçisi sərnişinləri “Xoş gəldiniz” ifadəsi ilə, yəni azərbaycanca salamlayıb. Bu da panfarsist sosial mediada etiraz yaradıb. Türkcə həmin o iki söz aviaşirkətdə separatçılığın başlaması kimi qələmə verilib (Az öncə prezident Məsud Pezeşkianın azərbaycanca ilk müsahibəsi də həmin dairələrdə eyni qıcığı doğurmuşdu).

“Ata” aviaşirkətinin sahibi Məhəmmədrza Zunuzi isə görün şovinistlərə necə lakonik və qəşəng cavab verib. Həm də dərs verib. Sitat: “Separatçı sizsiniz və sizin əcdadınızdır. Nə baş verib? Yalnız tapşırılıb ki, qonaqlara fars və ingilis dilləri ilə yanaşı, türk dilində də “Xoş gəldiniz” deyilsin. Bunun harası separatçılıqdır? Konstitusiyada qeyri-fars dillərdən istifadə hüququ yer almayıb? Tarixi oxuyun və görün nə olub. İranın ali rəhbəri, prezident türk dilində danışmır? Öz şəhərimizdə, Təbrizdə də türk dilində danışmamalıyıq?”

Bəli, bizə moizə oxumaq əvəzinə gedin tarixi oxuyun, İran adlı dövlətin indiki ərazisində mövcud olmuş Türk dövlətlərini, onları əsrlər boyu kimlərin idarə etdiyini yadınıza salın. Bəlkə öz evimizdə ana dilində danışmağa da sizdən icazə istəyək?..

Buna “qaşınmayan yerdən qan çıxarmaq” deyərlər. Təbii ki, din pərdəsi altında gizlənən fars millətçilərinin əsas hədəfi Güneydə ana dilimizin nəinki arxa planda qalması, ümumiyyətlə, tədricən yox olub getməsidir. Sözsüz ki, o halda Güney Azərbaycan subyekt kimi aradan qalxacaq, Vahid Azərbaycan ideyası avtomatik şəkildə tarixin arxivinə atılacaq.

Ancaq nə yaxşı ki, Güneylə bağlı bu qəbil bəd niyyətlər və mənfur planlar heç vaxt gerçəkləşməyəcək utopiyalar silsiləsindədndir. Birinci o səbəbə ki, İran adlı dövlətdə azərbaycanlılar etnik azlıq yox, etnik çoxluqdur. Bir ovuc yox, on milyonlarladır! Bu reallıqla barışmamaq isə mümkünsüz!

Hazırda İranın həm dini liderinin, həm də prezidentinin azərbaycanlı olması qənaətimizə bariz sübutdur. Düzdür, onlar mənsub olduqları millətin maraqlarından deyil, dövlət maraqlarından çıxış edirlər. Amma yüzdə yüz əminik ki, Azərbaycan türkcəsinin aradan getməsinə də heç vaxt razı olmazlar. Ən əsası, buna Güneydəki xalqımız imkan verməz – baxmayaraq ki, dilimiz o tayda xeyli fars sözləri ilə “çirklənib”.

İkincisi, Azərbaycan dilinin Güneydəki varlığına digər ən güclü qarant, zəmanətçi bu taydakı müstəqil Azərbaycan Respublikasıdır. Azərbaycan Respublikası beynəlxalq hüquqa sayğılı ölkə kimi İranın ərazi bütövlüyünü tanıyır. Amma və lakin bu, heç də o anlama gəlmir ki, Arazın o tayındakı soydaşlarımızın dilinin, milli dəyərlərinin, adət-ənənələrinin, başqa təməl haqlarının kütləvi şəkildə sıxışdırılmasına seyrçi qalacağıq. Bunlar İranın daxili işi deyil, ola bilməz!

Ondansa yaxşı olardı ki, rəsmi Tehran başı ağrımamış özü bu yöndə müsbət addımlar atsın ki, Cənubi Azərbaycanda süni şəkildə gərginlik artmasın, mərkəzdənqaçma meylləri güclənməsin. Məsələn, Azərbaycan dilində məktəblərin açılması. Hansı ki, İranın konstitusiyasında da (15-c bənd) əksini tapıb. Yeni prezident Məsud Pezeşkian isə bu barədə anons edib.

Gözləyirik. Fələk də gözləyir və sayır...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

20 Noyabr 2024

19 Noyabr 2024

15 Noyabr 2024

13 Noyabr 2024

11 Noyabr 2024

06 Noyabr 2024

29 Oktyabr 2024

23 Oktyabr 2024

21 Oktyabr 2024

16 Oktyabr 2024

14 Oktyabr 2024

09 Oktyabr 2024

04 Oktyabr 2024

26 Sentyabr 2024

25 Sentyabr 2024

19 Sentyabr 2024

13 Sentyabr 2024

09 Sentyabr 2024

30 Avqust 2024

05 Avqust 2024

30 Iyul 2024

19 Iyul 2024

26 Iyun 2024

22 Iyun 2024

19 Iyun 2024

12 Iyun 2024

11 Iyun 2024

03 Iyun 2024

01 Iyun 2024

29 May 2024