İnsanlara hürriyət, millətlərə istiqlal!

Etik pəncərə - Zamin Hacı YAZIR

Bəlkə havaların qızması ilə bağlıdır, son çağlar etikanın pozulması halları artmışdır. Bəzən hüquq-mühafizə orqanlarımız 1 gündə 2 etika düşməni yaxalayır.

22 iyunda oxuyuruq: “Paytaxtın Nizami rayonunda bir nəfərin mənzillərin pəncərəsindən baxaraq qeyri-etik hərəkət etməsi ilə bağlı yayılan görüntüləri polis araşdırıb. Həmin şəxsin 42 yaşlı Pünhan Cabbarov olması müəyyən edilib. Cabbarov 30 günlük həbs edilib”.

İkinci xəbər: “Bir nəfərin ictimai nəqliyyatda qadın sərnişinə qarşı qeyri-etik hərəkəti ilə bağlı yayılan görüntüləri polis araşdırıb. Həmin şəxsin 44 yaşlı Famil Mehrabov olduğu müəyyən edilib. Onun əməlinə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar məhkəməyə göndəriləcəkdir”.

Hər iki halda bizə qeyri-etik hərəkətin nədən ibarət olduğu açıqlanmır, o üzdən məcburuq fantaziyalarımızı işə salaq. Açığı, mənim qeyri-etik fantaziyalarım zəngin deyil, güman edirəm oxucularım da mən gündədir, o baxımdan məsələ bizə qaranlıq, hətta pünhan qalmışdır. Bu isə bizim dövlət qurumlarının xalqa açıqlama verərkən yarımçıq hərəkətinin bariz nümunəsidir. Nədənsə çox zaman belə edirlər. Sanki bütün millət oturub tik-tokda, vatsapda-zadda yayılan hansısa görüntüləri izləməyə borcludur. Xahiş edirik açıqlamanı tam verin. Xalq həqiqəti bilmək istəyir. Əks halda yanlış fikirlərə düşürük: “Bəlkə bunlar hansısa siyasi qüvvələrdir, hökumətə etiraz edirmişlər?” Təbii ki, bizdə siyasi qüvvə yoxdur, ancaq niyə xaricdə mənfi rəy yaransın? Şəxsən mən Binəqədi bələdiyyəsini sıx dəstəkləyirəm, sizi də buna səsləyirəm.

Lakin müəyyən ehtimallarımız da var. Məsələn, Pünhan müəllimə dərhal 30 sutka yapışdırıblar, Famil müəllimi isə məhkəmə araşdıracaq. Buradan belə nəticə çıxır ki, birincinin elədiyi hərəkət daha yüngüldür? Yox. Çıxmır. Nə qədər dartsaq da çıxmadı. Nəticə bizdə səbəbdən o tərəfə kök atır, yanlış anlaşılmasın. Həmçinin, yoldaşların adı da xarakterikdir. (Nə etməli, əlimizdə hər hansı fakt olmadığı üçün məcburuq dilçiliyə girişək). Pünhan adlı şəxsin pəncərədən gizli, pünhan baxması labüddir. Famil sözünün isə həm ailə, nəsil, həm də quldar, kölə saxlayan anlamları vardır. Nəsə, bu üsul heç bir işə yaramır, əl saxlayıram.

Etika, ümumiyyətlə, nədir? Bu, qədim yunan sözüdür, adət-ənənə deməkdir. Hansısa camaatın əxlaq, mənəviyyat qaydaları onun etikasıdır.

Dolayısı ilə, belə yazmaq olar: bizdəki etika Fransadakı etika deyil. (Bunu klassikimiz Hətəmxan ağanın dilindən dərin şəkildə analiz edib, oxuyanlar oxumayanlara danışsın, yerimiz azdır). Hətta Azərbaycanın özünün içində hamının qəbul etdiyi, ümumrespublika etik qaydaları yoxdur. Bakının Səbayel rayonunda sərbəst şəkildə şortikdə gəzən adama İsmayıllıda meşəyə girməyə icazə vermirlər. Bir vaxt Bakının Sovetski hissəsində qızla qol-qola gəzmək də təhlükəliydi, hökumətimiz oranı ekskavatorla kürüdü, indi yerindəki parkda gecə-gündüz, istənilən cinsdən adamlar gəzişirlər.

Əgər biz etik hərəkətlərin nə olduğunu dəqiq bilməsək, qeyri-etik hərəkətləri də bilmərik. Bu aksiomdur. Lakin belə şeyləri öyrənmək hazırda çox çətindir.

Örnək üçün, hesab edək yalan danışmaq etikaya uyğun deyil. Ancaq bunu bizə öyrədən ibtidai sinif müəllimi diplomu saxta alıbsa və sertifikat imtahanından da kəsilibsə?

Oğurluq pis əməldir deyərək bizə öyüd verən valideynimiz iş yerində oğurluqla məşğuldursa, onun gətirdiyi çörəyi yeyərək, aldığı paltarı geyinərək böyümüşüksə, necə olsun?

Xalqın pullarını əkişdirərək bahalı, marka geyimlər almaq əxlaqlı, namuslu vətəndaş olmaq, lakin küçəyə lüt çıxmaq isə əxlaqsızlıq sayılır, eləmi? Təbii ki, mən ictimai yerlərə təbiətdən gəlmə “geyimdə” çıxmağa çağırmıram. Ancaq etikanı, əxlaqı yalnız belə formal, üzdəngetmə işlərdə görən toplumun özünü toplum (cəmiyyət) adlandırmağa haqqı qalmır.

Pəncərədən qeyri-etik hərəkət edəni tutmusunuz, əlinizə sağlıq. Bəs pəncərəsiz qalanlar neyləsin?  

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

22 Noyabr 2024

21 Noyabr 2024

20 Noyabr 2024

19 Noyabr 2024

17 Noyabr 2024

16 Noyabr 2024

15 Noyabr 2024

13 Noyabr 2024

12 Noyabr 2024

10 Noyabr 2024

09 Noyabr 2024

08 Noyabr 2024

07 Noyabr 2024

06 Noyabr 2024

05 Noyabr 2024

03 Noyabr 2024

02 Noyabr 2024

01 Noyabr 2024

31 Oktyabr 2024

30 Oktyabr 2024

29 Oktyabr 2024

27 Oktyabr 2024

26 Oktyabr 2024

25 Oktyabr 2024

24 Oktyabr 2024

23 Oktyabr 2024

20 Oktyabr 2024

19 Oktyabr 2024

18 Oktyabr 2024

17 Oktyabr 2024