İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ermənistanda inqilab olmasaydı...” – Qarabağ savaşı olmayacaqdı?

Ermənistanın oyunbaz rəhbəri öz ampluasına sadiqdir. Nikol Paşinyan o gün olmur ki, maniakalcasına yerli və beynəlxalq ictimai rəyi çaşdırmaq istəməsin. Peşəkar siyasi demaqoq kimi adamın ağ yalanı gerçək donunda sırımaq işində müstəsna qabiliyyəti bəllidir. Amma və lakin əlahəzrət fakt bəzən o dərəcədə danılmaz və vazkeçilməz olur ki, Nikol kimi manipulyasiya ustalarının da onu malalamağa gücü çatmır...

“Əgər 2018-ci ilin (“məxməri” – Z.S.) inqilabı olmasaydı, bu gün Ermənistan Respublikasının müstəqil, suveren olmaq şansı olmazdı. İndi bu şansımız var. Çox çətindir, çox ağırdır, çox böyük təhlükələr var, amma bu şansımız var. Əgər inqilab olmasaydı, belə bir şans sıfıra bərabər olardı”.

Bu sözləri Nikol Vovayeviç canlı yayımda erməni vətəndaşın sualını cavablandırarkən söyləyib.

İnqilabın guya Ermənistana müstəqil və suveren olmaq şansı qazandırdığını söyləməklə “sorosçu” Nikol əlbəttə ki, tər-təmiz blef edir, çevrilişə indi həm də bu yolla haqq qazandırmağa çalışır. Zira, çörəyi ağzına yeyənlərin hamısı bilir ki, Paşinyan iqtidarı xüsusən də son üç ildə Ermənistanı sadəcə, bir “qucaq”dan - Rusiyanın ağuşundan alıb digərinə - Qərbin (ABŞ və Fransanın) “qucağı”na atmaqla məşğuldur. Nə suverenlik, nə müstəqillik?

Azərbaycan Prezidentinin dünən BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) Zirvə görüşündə söylədiyi aşağıdakı fikir tamamən yerinə düşür. İlham Əliyev deyib: “Dünyada uğursuz, asılı, iki və ya daha çox stulda oturmaq istəyən, bir neçə ağaya xidmət edən, özünü daha böyük dövlətlərin qarşıdurma arenasına çevirən ölkələrin sayı az deyil. Onlardan biri Azərbaycanın qonşusu Ermənistandır. Belə ölkələrə, sözün əsl mənasında, müstəqil ölkə demək olmaz. Belə ölkələrin siyasəti xalqlarının iradəsinə əsaslanmır, onların taleyi xarici sponsorların əlindədir”.

Vəziyyətin absurdluğu bir də ondadır ki, İrəvan 5 il yarımda nə de-fakto, nə də de-yure Moskvanın orbitindən zərrəcə uzaqlaşmayıb. Qorxub, risk etməyib, nə fərqi, gerçək budur ki, kapitulyant ölkə rəsmən KTMT-nin (“Rus NATO-su”nun), Avrasiya İqtisadi Birliyinin və Gömrük İttifaqının üzvü olaraq qalır (Dünən Ermənistan XİN bir daha bəyan elədi ki, bu qurumlardan çıxmağa hazırlaşmır). Qonşu ölkənin Türkiyə və İranla sərhədlərini hələ də rus hərbçiləri qoruyur, orada Rusiyanın 5 minlik silahlı kontingenti, hərbi bazaları var. Ermənistanın hava məkanı, iqtisadiyyatı, energetikası bütünlüklə rusun nəzarətindədir və s.

Yəni yalnız quru sözlər, siyasi boşboğazlıq. Bunlara heç cür çatmır ki, Ermənistanın gerçək müstəqillik şansı bölgədə Rusiyanın və ya Qərbin maşası və əlaltısı olmağa yox, Azərbaycan və Türkiyə ilə təcili sülh müqavilələri imzalamağa bağlıdır. Şans, xilas, qurtuluş hakimiyyət dəyişiklikləri ilə, inqilablarla yox, təfəkkür dəyişikliyi ilə ilgilidir. Paşinyan isə israrla təzədən “velosiped kəşf eləmək”lə məşğuldur...

Doğru, inqilab olmasaydı, hakimiyyətdə bir müddət də Qarabağ klanı qalsaydı, ola bilsin Azərbaycanın Vətən müharibəsi 2020-də olmazdı. Amma mütləq olacaqdı. Serj Sərkisyan dönəmindəki “4 günlük” Aprel müharibəsi bunun tarixi və mühüm anonsu, xəbərçisi idi.

Çünki erməni tərəfi nəinki keçmiş DQMV ərazisini, onun ətrafındakı rayonları da qaytarmaq fikrində deyildi. Özünü “sülh göyərçini” kimi göstərməsunə rəğmən, Paşinyan hökuməti də aşağı-yuxarı eyni mövqe tutmuşdu – bir qarış torpaq qaytarmamaq. Hərçənd Nikol hiyləgər bir tezisi ortaya atmışdı ki, “sülh anlaşması hər üç tərəfi – Azərbaycanı, Ermənistanı və Dağlıq Qarabağ xalqlarını qane etməlidir”. Təbii ki, bu da istisna idi. Hansı “Dağlıq Qarabağ xalqı”, hansı üçüncü tərəf, münaqişədə ikicə tərəf ola-ola?..

Bu azmış kimi, “məxməri” baş nazirin sevimli müdafiə naziri David Tonoyan ABŞ-da olarkən “yeni ərazilər uğrunda yeni müharibə” şüarı ortaya atmış, Azərbaycanı təzə işğalla hədələmişdi. Az sonra Ermənistan ordusu Tovuz istiqamətində sərhəd təxribatı törətdi. Ağır döyüşlər getdi. Nəhayət, 2020-ci ilin 27 sentyabrı, 44 günlük Vətən müharibəsi və... böyük nida işarəsi.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

20 Noyabr 2024

19 Noyabr 2024

15 Noyabr 2024

13 Noyabr 2024

11 Noyabr 2024

06 Noyabr 2024

29 Oktyabr 2024

23 Oktyabr 2024

21 Oktyabr 2024

16 Oktyabr 2024

14 Oktyabr 2024

09 Oktyabr 2024

04 Oktyabr 2024

26 Sentyabr 2024

25 Sentyabr 2024

19 Sentyabr 2024

13 Sentyabr 2024

09 Sentyabr 2024

30 Avqust 2024

05 Avqust 2024

30 Iyul 2024

19 Iyul 2024

26 Iyun 2024

22 Iyun 2024

19 Iyun 2024

12 Iyun 2024

11 Iyun 2024

03 Iyun 2024

01 Iyun 2024

29 May 2024