İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda ikinci inqilab labüdə çevrilir – Paşinyan bunu etməsə...

Ermənistanda keşiş Baqratın önündə getdiyi və əsas hədəfi baş nazir Nikol Paşinyanı devirmək olan etiraz dalğası getdikcə sönməkdədir. Məntiqlidir. Heç bir ağlabatan alternativ proqramı olmayan, yalnız pafos və quru vədlərə güc verən, arxasından cinayətkar Qarabağ klanının “boylandığı” Baqrat Qalstanyanın hakimiyyəti dəyişəcək qədər tərəfdar toplayacağı gözlənilmirdi də.

Deməli, Paşinyan Bakı və Ankara ilə daha inamlı, daha rahat sülh danışıqları apara bilər. Ermənistan adlı simvolik, baş tutmamış dövlətin dünyanın siyasi xəritəsində qalıb-qalmaması Rusiya və Qərbdən yox, məhz bu danışıqların nəticəsindən, qapıbir qonşularla normal münasibət qurmaq bacarığından asılı olacaq. Özü də birbaşa. Vasitəçisiz-zadsız. Zaman gedir. Gerisayım bitmək üzrə...

“Ermənistan və Azərbaycanın dinc yanaşı yaşama təcrübəsi və anlayışı yoxdur”.

Bunu srağagün Nikol Paşinyan deyib.

“Müstəqilliyin ilk günlərindən biz qarşıdurma içərisindəyik. Siyasi danışıqlar və dinc prinsiplərlə yanaşı, mühüm ilkin şərt var - dinc yanaşı yaşamağı öyrənmək. Bu, son dərəcə çətin prosesdir. Onun nə olduğunu, necə göründüyünü biz də, Azərbaycan da bilmirik”.

Son sitat da erməni baş nazirə məxsusdur.

Doğrudan da Azərbaycan və Ermənistanın daha çox bir-biri ilə müharibə aparmaq, dalaşmaq təcrübəsi var. Bunun günahkarı isə əlbəttə ki, biz deyilik. Ötən əsrin 80-ci illərində Qarabağda aqressiv separatçılığı qızışdırıb bizi savaşa sövq edənlərdir – Paşinyanın nanəcib soyunun təmsilçiləridir...

Yəni hələ də ortada bitməyən düşmənçilik varsa, buna görə Azərbaycanı Ermənistanla eyni dərəcədə suçlu saymaq absurd və ikiüzlülükdür. Ağrımayan başa dəsmal bağlamaqdır.

Öncə ermənilər güzgüyə baxsınlar. Öz xəstə məfkurələrindən qurtulsunlar. Hər şey qırağa, məgər 2020-ci ilədək Şuşada rəqs edib “Qarabağ Ermənistandır və nöqtə” deyən Nikol Paşinayanın özü deyildi?..

Azərbaycan isə SSRİ dağılandan yalnız özünümüdafiə ilə məşğul olub. Heç bir qonşusuna hücum etməyib, kimsənin sərhədini aşmayıb, ərazisinə girməyib, torpaq işğal etməyib. Tək istədiyi özünə məxsus olana sahiblənmək olub.

Odur ki, öncə Ermənistan 35 ildə atdığı “daşları yığmağa” başlasın. Erməni əhalini buna inandırsın. Nəsə çox uzandı. Ən ümdəsi, iqtidarlı-müxalifətli erməni cəmiyyəti onu faciələrə tuş eləmiş səhvlərini boynuna alıb səmimi tövbə etməli, daxilən təmizlənməli, saxta tarix kitablarına əl gəzdirməlidir. İki qonşu əbədiyyən düşmən ola bilməz ki...

Dinc-yanaşı yaşamaq təcrübəsinin yoxluğuna gəlincə, hansısa pozitiv şeyin olmaması hələ faciə deyil. Faciə həmin pozitivə çatmaq üçün heç nə etməmək, səy göstərməməkdir, populizmlə məşğul olmaqdır. Ən betəri, qonşuya qarşı altdan-altdan revanşist planlar qurmaqdır. Sülh quruculuğu ilə deyil, sülh imitasiyası ilə məşğul olmaq, qoltuqda “daş” gizlətməkdir. İllah da dünyada dinc qonşuluq nümunələrinin bol olduğu, “velosipedi təzədən kəşf etməyə” lüzum olmadığı zamanda.

Buna isə ilk növbədə Ermənistan və onun əhalisi can atmalıdır. Onun yerinə keç kəs qərar verməyəcək. Zira heç kim erməni qədər erməni ola bilməz. Hər halda konstitusiyasına qonşu ölkələrə qarşı əsassız torpaq iddiası olan dövlət biz deyilik, ermənilərdir.

Əvvəlcə kapitulyant ölkənin konstitusiyası nə qədər ağrılı da olsa, beynəlxalq hüquqa uyğunlaşdırılmalıdır. Sonrası – Azərbaycan və Türkiyə ilə sülh müqavilələri imzalamaq asanlaşacaq. Çünki “at arabanın önünə qoşulandan” sonra onun hərəkətə gəlməsi çox çəkməz. Ermənistanda radikal-revanşist müxalifətin son “patronları” atması bu xüsusda Nikolun əlini gücləndirir.

Qısası, Paşinyan üçün nəhayət, sözdən əmələ keçmək zamanı çatıb. “Sülh” deməklə sülh, “halva” deməklə ağız şirin olmur. Əslində Nikola bir inqilab da lazımdır – erməni şüurundakı inqilab. Türkə nifrəti tarixə çevirəcək bir inqilab. Bu isə razılaşaq ki, 2018-ci ilin “məxməri inqilab”ından qat-qat müşküldür. Fəqət, mümkündür...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

20 Noyabr 2024

19 Noyabr 2024

15 Noyabr 2024

13 Noyabr 2024

11 Noyabr 2024

06 Noyabr 2024

29 Oktyabr 2024

23 Oktyabr 2024

21 Oktyabr 2024

16 Oktyabr 2024

14 Oktyabr 2024

09 Oktyabr 2024

04 Oktyabr 2024

26 Sentyabr 2024

25 Sentyabr 2024

19 Sentyabr 2024

13 Sentyabr 2024

09 Sentyabr 2024

30 Avqust 2024

05 Avqust 2024

30 Iyul 2024

19 Iyul 2024

26 Iyun 2024

22 Iyun 2024

19 Iyun 2024

12 Iyun 2024

11 Iyun 2024

03 Iyun 2024

01 Iyun 2024

29 May 2024