İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan sərhədini rus yox, firəng qorusa... Aşot ağ günə çıxacaq?

Ermənistan adlı baş tutmamış, marionet dövlətin ipinin Rusiyanın, yoxsa Qərbin (ABŞ-ın) əlində olması bizim üçün ciddi fərq eləməz. Yaxın tarixdən bəllidir ki, hər iki halda “erməni faktoru” müstəsna olaraq, Azərbaycan və Türkiyə əleyhinə istifadə olunub. Önəmlisi, bədnam qonşumuzun nəhayət, boyunduruqdan qurtulub da öz taleyinə sahib çıxa bilməsi, ağalarının yox, özünün maraq-mənafeyinə uyğun qərarlar verməsidir.

Təəssüf ki, bu da hələlik üfüqdə görünmür. Ermənistanın indiki rəhbərliyi faktiki öz sələflərinin yanlış kursuna qayıdıb. Sadəcə, əgər ondan öncəkilər Rusiyanın qucağında oturmuşdularsa, Paşinyan iqtidarı Qərbin maşası olmağa can atır. Yəni bir ifratdan digərinə yuvarlanmaq məsələsi...

Yaxşı, tutaq ki, Gümrüdəki Rusiya hərbi bazasını Amerika bazası əvəzlədi, Ermənistan sərhədlərini də rus yox, fransız qorudu, erməni xalqı ağ günə çıxacaq, firavan həyata qovuşacaqmı? Lap buna görə Paşinyan Nobel mükafatı da aldı, Aşotun, Siranuşun günü-güzəranı yaxşılaşacaq, çörək və dinclik tapacaqmı? Ermənistandan kütləvi köç dayanacaqmı? İnanan daşa dönsün.

Amma “qızıl orta” çoxdan məlum: nə Rusiya, nə də Qərb, qonşu Azərbaycan və Türkiyə! Məhz bu iki ölkəyə qarşı mənasız düşmənçiliyə və əsassız torpaq iddiasına son qoymaq yetər ki, erməni xalqı iki əsrdir axtardığı rifaha, dinclik və təhlükəsizliyinə qovuşsun. Ona, Ermənistana əsl təhlükəsizlik və varlıq zəmanətini də nə ABŞ, Avropa Birliyi təmin edəcək, nə də Rusiya. Bunu Azərbaycan və Türkiyə (ilə dostluq) verəcək. İnanmırlarsa, heç olmasa, bircə dəfə yoxlasınlar...

Belə bir tarixi fürsət, axırıncı şans məhz Nikol Paşinyanın bəxtinə düşüb. Dəyərləndirəcəkmi, öz millətinin yaddaşında xilaskar kimi qalacaqmı? Söyləmək çətindir. Çünki adam üç ildir real iş əvəzinə sülh oyunbazlığı ilə, boşboğazlıqla məşğuldur.

Bakı və Ankaranın havada qalan barışıq əlini dərhal və məmnunluqla sıxmaq əvəzinə, Nikol və onun komanda üzvləri, xüsusən də son bir ildə “dağda-daşda” gəzir, tər tökürlər. Bölgədən min kilometrlərlə uzaqda öz xalqına xoşbəxtlik, möcüzə axtarırlar. Avropadan, Yelisey Sarayından vurub, okeanın o tayından – ABŞ Konqresindən, Pentaqondan və yaxud Hindistandan çıxırlar. Altdan-altdan məkrli revanşist planlar qurmağa çalışırlar. Guya bütün bu hoqqaları, hiyləgər gedişləri, qurdalanmaları Bakıda və Ankarada görmürlər...

Əfsus ki, hazırkı İrəvan hökumətinin də gerçək məramı böyük ölçüdə sülh-zad deyil. Havadarlarına güvənərək və sülhün imitasiyası hesabına vaxt udub təzədən silahlanmaq, ayaqlanıb üstümüzə gəlmək, Azərbaycanı, imkan olsa həm də Türkiyəni təxribata, hərbi avantüraya çəkməkdir.

Beləcə, “məxməri” hakimiyyət də erməni toplumu üzərində eksperimentlər aparmaq yolunu tutub. Babalı öz boyunlarına. Hər halda, Bakı və Ankaranın barışıq əli havada uzun müddət asılı qalmayacaq. Bizim belə bir lüksümüz yox!

Biz iqtidarlı-müxalifətli intihar yolu seçmiş anormal topluma münasibətdə “səni sevəcəyəm, sən sevməsən də”, əlini mənə, bəsdərəcik” altruist məntiqi ilə yalvarıb-yaxarmağa, özümüzü aldadıb fəda eləməyə hazırlaşmırıq. Heç avropalılar, amerikalılar da ermənidən çox erməni deyil, olmayıb, heç vaxt da olmayacaqlar. Az sonra bu acı həqiqəti haylar təzədən öz “dəriləri”ndə hiss edəcəklər.

Müxtəsəri budur ki, əgər bir millət düşdüyü dərin çuxurdan çıxmaq istəmirsə, buna çalışmırsa, hətta ona uzanan xilas və yardım əllərini ağılsızcasına rədd edirsə, demək, yazısı, taleyi belə imiş...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

19 Sentyabr 2024

13 Sentyabr 2024

09 Sentyabr 2024

30 Avqust 2024

05 Avqust 2024

30 Iyul 2024

19 Iyul 2024

26 Iyun 2024

22 Iyun 2024

19 Iyun 2024

12 Iyun 2024

11 Iyun 2024

03 Iyun 2024

01 Iyun 2024

29 May 2024

24 May 2024

21 May 2024

17 May 2024

08 May 2024

03 May 2024

27 Aprel 2024

23 Aprel 2024

18 Aprel 2024

13 Aprel 2024

09 Aprel 2024

05 Aprel 2024

03 Aprel 2024

29 Mart 2024

27 Mart 2024

24 Mart 2024