İnsanlara hürriyət, millətlərə istiqlal!

Elmi banan

Ötən illərdə xalqımızın bahalığından gileyləndiyi məhsullar arasında birinci yeri adətən banan tutardı. Müqayisəli cədvəllər açıqlanardı: filan ölkədə banan bu qiymətədir, bizdə isə monopoliya üzündən, gömrüyün əngəllərinə görə, müxalifət zəifdir, ermənilər tülküdür və sairə səbəbindən bahadır. Son vaxtlar mən açıq görürəm ki, daha uca millətimiz bananın bahalaşmasından gileylənmir. Sanki yeyib doyublar. Ya da artıq öz milli meyvələrimizə keçmişik. 

Bütün hallarda yaxşı haldır, çünki hazırda banan ixrac edən əsas ölkələrin birində, Ekvadorda it yiyəsini tanımır. Quldurlar üsyan ediblər, dövlətin nüfuzu yerlə bir olubdur. Sözgəlişi, Ekvador solçu-kommunist ideologiya aşiqləri üçün nümunə ölkədir, ora baxaraq bu sərsəm inqilabçıların xalqları və dövlətləri necə böhrana soxduqlarını əyani görə bilərlər, çünki son 15-20 ilin böyük hissəsində Ekvadoru kommunistlər fırladıb, o prezidentlərdən birinin hətta adı da kommunistcəsinə idi: Lenin Moreno. Bizdə sovetin vaxtında uşaqlara Engels, Marks, Vladlen, Sovet kimi adlar qoymaq dəb sayılırdı, görünür, ekvadorlular da bu işi bəyənirlər. Maraqlıdır ki, Afrikanın kasıb əyalətlərində də uşağa dəbdəbəli Amerika liberallarının adlarını qoymaq modası varmış: Linkoln, Vaşinqton, Ruzvelt və sairə. 

Yəni biz tam vaxtında banan yeməyi tərgitmişik, əsl uzaqgörənlikdir. İnşallah, hörmətli iqtidarın uğurlu iqtisadi-sosial siyasəti sayəsində yaxın zamanlarda ət-yağ yeməyi də unutsaq lap yaxşı olar, vegetarianlıq qalib gələr, dünyada humanist, heyvan dostu kimi tanınarıq. Koreya təzəlikcə it əti yeməyi qanunla qadağan etdi. Halbuki milli mətbəx, qədim adət-ənənə sayılırdı. Biz də qoyun əti yeməyi yadırğamalıyıq. Qoyunların yaşamaq hüququ vardır. Əgər seçkidə namizədliyimi irəli sürsəydim, bu, mənim əsas şüarım olardı. 

Mövzu açılmışkən, deyir biri bir gün gəlir Mollanın yanına, soruşur ki, yerin altında öküz var, o tərpənəndə zəlzələ olur, doğrudurmu? Molla deyir: “Altını dəqiq bilmirəm, amma üstündə öküz çoxdur”. Şübhəsiz, burada anlayanlar üçün hikmət yatır. 

Ümumiyyətlə, hər bir işə elmi yanaşma vacibdir. 2000-ci illərin əfsanəvi musiqi qrupumuz “Professor Klan”ın bir mahnısında deyilən kimi, “laboratoriyalar qurmalıyıq”. 

Məsələn, bu yaxında dünya alimləri “Ceyms Uebb”, “Habbl” kosmik teleskoplarının şəkillərinə baxaraq, analiz edərək olduqca maraqlı elmi açıqlama yaydılar. İndiyə qədər biz elə zənn edirdik ki, yeni yaranan qalaktikalar kürə, disk formasında olur. Ancaq belə deyilmiş. Qalaktikalar sütül vaxtlarında... bəli, düşündüyünüz kimidir, banana oxşayırmış! Sitat: “Qalaktikalar yumurta şəklində yox, banan və ya duzlu xiyara bənzəyir”. Sitatın sonu. Təbii ki, bundan sonra banan baha olmalıdır. 

Əlbəttə, mühüm elmi araşdırmalar bununla bitmir, yanvarın 13-də Azərbaycan Milli Elmlər Akademiyası yeni emblem-loqotipinin hazırlanması üzrə müsabiqə elan etmişdir. Sitat: “AMEA-nın inkişafının hazırkı yeniləşmə mərhələsi müasir elmi çağırışlara, informasiya cəmiyyətinin tələblərinə, həmçinin son dövrlərdə akademiyanın fəaliyyət istiqamətlərində baş verən dəyişikliklərə cavab verən loqotipinin - embleminin yenidən hazırlanması zərurəti yaranmışdır”. 

Doğrudan da, əgər AMEA yeni loqotip düzəltsə, bu, elmin dünyada inkişafına böyük təkan olacaqdır. Müsabiqə şərtlərinə görə hər bir rəssam rəsmini molbertlə birgə göndərməlidir: “AMEA embleminin layihələri müsabiqə komissiyasının və ictimaiyyətin baxması məqsədilə təşkil ediləcək sərgidə nümayiş etdirmək üçün malbertin üzərində qoyulmaqla təqdim olunmalıdır”. (Güman edirəm orada molbert sözünü malbert yazmaqla nəyəsə işarə ediblər, çünki molbertin bir dənəsi bu dəqiqə bazarda 15-20 manatdan ucuz deyildir. Elə sərgiyə göndərilən “malbertləri” satsan yaxşı elmi əsaslı pul qazanmaq olar). 

İndi yadıma düşdü, vaxtilə Ramiz müəllim akademiyanın müdiri olarkən keçmiş nəqliyyat nazirinin qardaşı, deputat Elton müəllimi AMEA yüksək texnologiyalar parkına direktor qoymuşdu və parkın ilk elmi fəaliyyəti çips sexi açmaqdan ibarət olmuşdu. Görəsən, çipslər yenə buraxılırmı?

Loqotipdə həmin kartofların şəklindən istifadə etmək məkruhdurmu? Ya da banan? Aktualdır. 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

28 Iyun 2025

27 Iyun 2025

26 Iyun 2025

25 Iyun 2025

24 Iyun 2025

22 Iyun 2025

21 Iyun 2025

20 Iyun 2025

19 Iyun 2025

18 Iyun 2025

15 Iyun 2025

14 Iyun 2025

13 Iyun 2025

12 Iyun 2025

11 Iyun 2025

10 Iyun 2025

09 Iyun 2025

08 Iyun 2025

07 Iyun 2025

06 Iyun 2025

05 Iyun 2025

03 Iyun 2025

01 Iyun 2025

31 May 2025

30 May 2025

29 May 2025

28 May 2025

27 May 2025

25 May 2025

24 May 2025