Onlayn ictimai-siyasi qəzet
Ünlü italyan yazıçısı, ədəbiyyatda postmodernizm janrının nümayəndələrindən İtalo Kalvino-nun “Əgər bir qış gecəsində yolçu” adlı romanı var. Roman belə başlayır ki, adam kitab dükanından İtalo Kalvinonun “Əgər bir qış gecəsində yolçu” adlı romanını alır, lakin evdə baxır görür kitab brakdır, içinə başqa əsər qoyublar. Romanı dükana qaytarır, aldığı təzə kitab da səhv çıxır və sairə - bu minvalla əhvalat 10 dəfə təkrar olunur.
Roman çox qəliz quruluşdadır, açığı, mən oradan bir şey qanmamışam, yadımda da əsərin adı qalıb.
Ancaq elə romanın adı yadımızda qalıbsa, bunun özü qazancdır. Yaxşı da səslənir. Bəzən ədəbiyyatda belə şeylər olur, məsələn, camaat əziyyət çəkir, eşşək boyda kitab yazır, axırda bütün dünya o əsəri epiqrafındakı afyorizmlə xatırlayır, heç kitabı da oxumurlar: “Xoşbəxt ailələrin hamısı bir-birinə və sairə” - özünüz mövzunu bilirsiniz, uzatmıram. “Polkovnikə məktub yoxdur”, “Cinayət və cəza”, “Səfillər”, “Alçaldılmış və təhqir edilmiş insanlar”, “Gün var əsrə bərabər” və sairə - adıyla tanınan, adı sağa-sola, yeri gəldi-gəlmədi işlənən, lakin məzmununu çoxunun bilmədiyi belə kitablar var (məsələn, Anar müəllim də “tələsmə, Zaur” ifadəsi ilə adını ədəbiyyat tarixinə qızıl-qırmızı hərflərlə həkk etdirmişdir).
Bu uzun girişdən sonra məni son günlər düşündürən sualı yazmaq istəyirəm, çünki o da mənim ağlıma təxminən Kalvinovari gəlmişdir: “Əgər bir alim 77 yaşında küçədə qalıbsa, evi yoxdursa, ya o alimin elmi boş şeydir, ya da xalqın, dövlətin alimə və elmə hörməti 77 qəpiklikdir”.
Üçüncü versiya mümkündürmü? Əlbəttə. Məsələn, ola bilər alimin evi varmış, lakin qəddar xarici qara qüvvələr onu ələ keçirərək kişinin oğlunu küçəyə atıblar. “Tfu, sizin üzünüzə” - klassikimizin başqasından sitat gətirsək. (Onun da qaz limiti bitibmiş, uşaqlarını əlyazmasını yandıraraq isidirmiş. Ah-vay. Kolumbiyada yaşasa sobanı dollarla qalayardı. Görürsən, yazıçıya qəti hörmət qalmayıb. Belə hörmətsiz işlərdə biz hətta qətiyyətliyik).
Yeri gəlmişkən, gəzən şaiyələr bu versiyamızın həqiqət imkanlarını dəhşətli dərəcədə artırır: deyirlər şanlı alimimizin bir qızı vardır və o, Fransada yaşamaqdadır! Dəhşətdir. Sanki ayrı yer yox imiş. Fransadan nə gözləmək olardı?
Dördüncü versiya budur ki, alim ulduzları sevir, ona görə açıq havada gecələmək qərarına gəlmişdir. Bizim Şamaxı Astronomik Rəsədxanasında hazırda bu istiqamətdə ciddi araşdırmalar aparılır, Ramazan ayı haçan bitəcək, Ayı neçənci gün görməyə borcluyuq, küçədə yatmaq professorluğu pozurmu və sairə irfani suallara cavab axtarılır. Hörmətli alim küçədə qalır ki, Ayı hamıdan birinci görsün. Onun dini kitabları tərcümə eləməyi bu ehtimalımızı gücləndirir.
Janrın özəlliyi tələb edir ki, mən versiyaları aparıb 10-a çıxarım, lakin burada dayanıram, istintaq orqanlarına mane olmaq istəmirəm.
Maraqlı işlər çoxdur. Dünən AFFA-da iclas olub, yeni sədr seçilib. İnşallah, köhnə sədrimizi yüksək bacarıqlı şəxsiyyət olması üzündən Səudiyyə Ərəbistanı alar. Dünya futbolunda belə maliyyə-kredit prosesləri gedir, Kriştianonu da o cür əldə etmişdilər. Eyni zamanda olimpiya komitetimizin müavini köhnə sədrin zamanında futbolumuzun inkişafına belənçik arqument gətirmişdir ki, sən demə, ondan da qabaqkı sədrin dövründə Tofiq müəllimin adını daşıyan baş stadımızda qoyun otarırmışlar.
Heç olmasa o vaxt qoyunları kəsib satırdıq, oyunçuların evdə qazanı qaynayırdı. İndi nə qoyun var, nə oyun.
Bu temada da şair yaxşı der: “Getdin gördün qoyun, Neynirsən oyun-moyun, Ye, qalsın quruca boyun”.
Hələlik bu qədər. Çalışın alim-zad olmayasınız.
22 Noyabr 2024
21 Noyabr 2024
20 Noyabr 2024
19 Noyabr 2024
17 Noyabr 2024
16 Noyabr 2024
15 Noyabr 2024
13 Noyabr 2024
12 Noyabr 2024
10 Noyabr 2024
09 Noyabr 2024
08 Noyabr 2024
07 Noyabr 2024
06 Noyabr 2024
05 Noyabr 2024
03 Noyabr 2024
02 Noyabr 2024
01 Noyabr 2024
31 Oktyabr 2024
30 Oktyabr 2024
29 Oktyabr 2024
27 Oktyabr 2024
26 Oktyabr 2024
25 Oktyabr 2024
24 Oktyabr 2024
23 Oktyabr 2024
20 Oktyabr 2024
19 Oktyabr 2024
18 Oktyabr 2024
17 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ