Onlayn ictimai-siyasi qəzet
Uzun illər ərzində tanıdığım, Milli Elmlər Akademiyasının əməkdaşı olan ziyalı tanışımla ölkənin siyasi-ictimai həyatında baş verən əlamətdar hadisələr barədə fikir mübadiləsi zamanı diqqətimi bir məqam çəkdi. Ona yeni formalaşan Milli Məclisdə artıq 11 siyasi partiyanın təmsil olunduğunu deyəndə o, bu fakt qarşısında təəccübünü gizlədə bilmədi və bu məlumatı ilk dəfə eşitdiyini dedi.
Sözsüz ki, ali məktəbdə uzun illər müəllim kimi çalışan bir alimin bu barədə məlumatsız olması bizi düşündürməyə bilməz. Ancaq səbəblər barədə düşünməzdən öncə 11 partiyanın parlamentdə təmsil olduğunu ilk dəfə eşidən alimin sözlərinə diqqət yetirək: “Bu, gözəl haldır! Axı 11 siyasi partiyanın ali qanunvericilik orqanında təmsil olunması həm də o deməkdir ki, hər hansı bir konkret qanun layihəsinin hazırlanmasında 11 müxtəlif yanaşma və düşüncə tərzi istifadə olunacaq”. Razılaşmalıyıq ki, alimin sözügedən fikri obyektiv və olduqca əhəmiyyətli qeyddir.
Təbii, 11 fərqli yanaşmanın tətbiq olunması bilavasitə hazırlanan qanunun effektivlik və adekvatlığına xidmət edə bilər. Rasional düşüncə məntiqindən çıxış edən alim onu da əlavə etdi ki, bu qədər partiyanın Milli Məclisdə təmsil olunması eyni zamanda parlamentdə fikir müxtəlifliyinin mövcudluğu üçün mükəmməl zəmin yaradır. Bəli, alim haqlıdır. Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların təqribən yarısının Milli Məclisdə təmsil olunması bilavasitə siyasi plüralizmin göstəricisidir və bu cür təcrübə ölkənin demokratik ənənələrinin daha da dərinləşməsinə xidmət edir.
Alimin mövzuya maraq göstərdiyini görüb, ona ölkədə fəaliyyət göstərən siyasi partiyalarla bağlı digər faktları da səsləndirdim: partiyalara dövlət tərəfindən ofislərin verilməsi, dövlət qəzetlərində partiyalarla bağlı xüsusi rubrikaların açılması, parlamentdə təmsil olunan partiyalara kifayət qədər böyük maliyyənin ayrılması, siyasi partiyaların və müxtəlif dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə açıq görüşlərin təşkili, siyasi partiya nümayəndələrinin müxtəlif televiziya kanallarının verilişlərinə dəvət olunması, tematik seminarların keçirilməsi, siyasi partiya nümayəndələrinin Milli Məclisdə keçirilən açıq müzakirələrə dəvət olunması, “Siyasi partiyalar haqqında” Qanunun hazırlanması prosesində partiyalarla birgə müzakirələrin təşkili, işğaldan azad olunmuş ərazilərə ölkədə fəaliyyət göstərən partiyaların birgə iştirakı ilə səfərlərin təşkili, onların müxtəlif dövlət tədbirlərinə dəvət olunması, çoxsaylı görüşlərin təşkili və daha nələr, nələr... Unutmayaq ki, qeyd olunanlar təqribən son 4 ildəki fəaliyyətin nəticəsidir. Bütün bu sadalananları eşidən alim sözün əsl mənasında heyrətləndi və bu cür nəhəng yolun qısa müddət ərzində qət edilməsinin yalnız böyük zəhmətin və ali siyasi iradə nəticəsində mümkün ola biləcəyini vurğuladı.
Əlbəttə ki, mövzuya maraq göstərənlər çox gözəl bilirlər ki, yuxarıda qeyd olunanlar Prezident İlham Əliyevin “siyasi dialoq” siyasətinin təzahür formalarındandır.
Məhz bu siyasətin nəticəsidir ki, bu gün siyasi partiyalar ölkəmizdə ən nüfuzlu siyasi təsisatlarından biridir. Uzun illər ərzində adları yalnız kağız üzərində qalmış siyasi partiyalar artıq bu gün ölkədə cərəyan edən siyasi proseslərin fəal iştirakçılarına çevriliblər. Obyektiv mövqedən çıxış edən hər kəs gözəl anlayır ki, siyasi dialoqun inkişafı eyni zamanda cəmiyyətdə vətəndaş həmrəyliyinin möhkəmləndirilməsinə verilmiş əvəzolunmaz töhfədir.
Etiraf etməliyik ki, dövlət dəstəyi və Prezidentin məsələ ilə bağlı prinsipial mövqeyi olmasa idi, siyasi partiyaların bir çoxunun mövcudluğundan belə çoxlarının xəbəri olmazdı. Bu gün isə tam əksinə, biz demək olar ki, hər gün müxtəlif partiyaların nümayəndələrini televiziya kanallarında görür, internet resurslar vasitəsilə partiyaların fəaliyyəti haqqında məlumatlar əldə edə bilirik. Burada xatırlanması yerinə düşər ki, ölkədə fəaliyyət göstərən 26 siyasi partiyadan 25-i parlament seçkilərində iştirak etmişdir. Qeyd olunan statistika da öz növbəsində bilavasitə demokratik münasibətlərin göstəricisidir. Odur ki, ölkədə təşviq olunan siyasi dialoq mühiti eyni zamanda siyasi partiyaların ictimai münasibətlər sistemində rolunun artırılmasına da xidmət etmiş olur.
İnkişaf etmiş ölkələrin təcrübəsi açıq şəkildə göstərir ki, dövlətin tənzimlənmə mexanizmləri olmadan müxtəlif təsisatlar bir sıra sahələrdə uğur qazana bilməzlər. Xüsusilə rəqabət qaydaları dövlət tərəfindən tənzimlənməlidir ki, müxtəlif dağıdıcı tendensiyaların qarşısı alınsın. Eynilə sözügedən prinsip siyasi partiyalar müstəvisində də tətbiq olunmalıdır. Əks təqdirdə siyasi partiyalar xarici qüvvələr tərəfindən ölkənin daxili məsələlərinə müdaxilə olunmaq üçün istifadə oluna bilərlər. Radikal partiyaların timsalında biz sözügedən təsbitin doğruluğunu dəfələrlə görmüşük. Odur ki, siyasi partiyaların inkişafına dövlət tərəfindən dəstəyin göstərilməsini tənqid edənlər həmin partiyaların xarici qüvvələrin əlində oyuncağa çevrilməsini istəyənlərdir. Yuxarıda qeyd olunanlara istinad edərək bu məntiqli qənaətə gələ bilərik ki, siyasi partiyalar dövlət başçısının mövcud yanaşmasından doğru faydalanmalıdırlar və elə fəaliyyət göstərməlidirlər ki, tanıdığım alim “Milli Məclisdə 11 siyasi partiya təmsil olunur” sözlərini eşidəndə təəccüblənməsin.
politoloq Asif Adil
28 Oktyabr 2024
23 Oktyabr 2024
11 Oktyabr 2024
10 Oktyabr 2024
07 Oktyabr 2024
02 Oktyabr 2024
30 Sentyabr 2024
25 Sentyabr 2024
17 Sentyabr 2024
16 Sentyabr 2024
12 Sentyabr 2024
10 Sentyabr 2024
06 Sentyabr 2024
03 Sentyabr 2024
02 Sentyabr 2024
30 Avqust 2024
28 Avqust 2024
23 Avqust 2024
19 Avqust 2024
14 Avqust 2024
12 Avqust 2024
08 Avqust 2024
24 Iyul 2024
22 Iyul 2024
18 Iyul 2024
15 Iyul 2024
08 Iyul 2024
03 Iyul 2024
ŞƏRHLƏRŞƏRH YAZ