Onlayn ictimai-siyasi qəzet
Mətbuatda da qeyd olunduğu kimi, 21 oktyabr tarixində Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Cozef Bayden Prezident İlham Əliyevə məktub göndərmişdir. Yeri gəlmişkən, məktubun mətni açıqdır və hər kəs onun məzmunu ilə tanış ola bilər. Məktubla bağlı radikal təfəkkürdə olanların qərəzli manipulyasiyalarının qarşısını almaq üçün mətndə öz əksini tapmış bəzi məqamlara mütləq şəkildə aydınlıq gətirilməsi zərurəti yaranır.
Qərəzli ehtimallar həqiqəti təhrif edir və əhalinin ictimai şüurunda yanlış stereotiplərin formalaşdırılmasına səbəb olur. Məktubla əlaqədar müxalifətin “konspiroloji” mülahizələri absurd səviyyəyə qədər inkişaf edib. Bəzən radikal düşərgəyə aid olanların şərhlərini oxuyan zaman adama elə gəlir ki, bu bəlalı siyasətşivənlər sanki ABŞ-ın ölkəmizdəki vəkilləridir. Əslində, bunda bizi təəccübləndirə biləcək heç nə yoxdur: bu bəlalı siyasətçilər heç bir zaman müstəqil olmayıblar və ola da bilməzlər. Halbuki, siyasi mənsubiyyətindən asılı olmayaraq siyasi münasibətlərdə iştirak edənlərin seçimi ilk növbədə Azərbaycan xalqı və onun maraqlarını təmin edən Azərbaycan dövləti olmalıdır. Əlbəttə ki, elə onların bu cür xüsusiyyətlərinə görə də xalq milli maraqları satan siyasətçiləri haqlı olaraq siyasi radikallar adlandırır.
Bilavasitə məktubda öz əksini tapmış bəzi “maraqlı” fikirlərə dair münasibəti bildirməzdən öncə xüsusi olaraq onu vurğulayaq ki, adını çəkdiyimiz məktubun yazılması faktı ilk növbədə Azərbaycanın regiondakı rolu ilə hesablaşmanın təzahürüdür.
Dövlətçilik mövqeyindən çıxış edən və milli maraqları ali siyasi dəyər kimi qəbul edən hər bir vətəndaş bu həqiqəti anlamalıdır.
Söhbət milli maraqların qorunmasından gedən yerdə hətta kiçik manipulyasiyaların “işləməsinə” belə imkan verilməməlidir.
İndi isə sözügedən məktubun siyasi “səmimiyyətini” aşkar edən bəzi fikirlərə diqqət yetirək. Sitat: - “İki ölkə arasında münasibətlərin normallaşdırılmasına xidmət edəcək sülh sazişinin yekunlaşdırılması istiqamətində ölkənizin və Ermənistanın əldə etdiyi davamlı tərəqqidən məmnunam”.
Siyasi “səmimiyyət” dərəcəsinin müəyyən olunması məqsədilə aparılan təhlil çərçivəsində mövcud fikrin açar ifadəsi məhz “sülh sazişinin yekunlaşdırılması”dır. ABŞ prezidentinin bu sözləri əslində bizim üçün böyük bir məsələnin etirafının göstəricisidir:
Qərb yaxşı bilir ki, həqiqətdə sülh sazişinin üzərində real olaraq aktiv işlər aparılır. Bu sözlər eyni zamanda onun göstəricisidir ki, həmin o Qərb mətbuatında tirajlanan “Azərbaycan sülh müqaviləsinin imzalanmasını yubadır” kimi qərəzli fikirlər sadəcə xalis manipulyasiyadır və Azərbaycana təsir etmək istəyinin təzahürüdür.
“Səmimiyyət” dolu növbəti cümlənin məzmununa diqqət yetirin: “Sizi əmin etmək istəyirəm ki, ABŞ əsrlər boyu davam edən münaqişəyə nəhayət son qoyacaq Azərbaycan ilə Ermənistan arasında dayanıqlı və ləyaqətli sülhün əldə edilməsinə dəstək verməyə hazırdır”.
Məktubda qeyd olunduğu kimi desək, “əsrlər boyu” davam edən bu münaqişəyə ABŞ son qoymaq istəyirdisə, məgər onlar bu illər ərzində işğalçı ölkəni açıq şəkildə dəstəkləməyə davam edərdilər? Uzun illər icrasını gözləyən BMT-nin o məşhur qətnamələri “yola verilərək” sadəcə kağız üzərində qala bilərdimi? Cavab verməyi tələb etməyən bu ritorik suallar ABŞ-nin riyakarlığını növbəti dəfə ifşa edir. Bu səbəbdən də bəli, Azərbaycan əmindir ki, Qərb münaqişəni həll etmək yox, münaqişədən alət kimi istifadə etmək istəyir.
ABŞ prezidenti tərəfindən “əsrlər boyu davam edən münaqişə” ifadəsinin istifadə olunması isə bilavasitə ona işarə edir ki, Ağ Ev bizim münaqişəmizin bütün təfərrüatlarını çox yaxşı bilir. Sözügedən fakt isə öz növbəsində onların münaqişənin həll olunması ilə bağlı istəklərinin səmimiyyətində şübhələnmək üçün növbəti səbəbdir.
Məktubda öz əksini tapmış daha bir cümlə də kifayət qədər “ifadəli” və “rənglidir”: “Bildiyiniz kimi, sülh sazişinin razılaşdırılmamış bəndlərinə dair işin yekunlaşdırılması hər iki tərəfdən kreativlik və güzəşt tələb edəcək”.
“Kreativlik” sözünün istifadə olunması dolayısilə ona işarə edir ki, bizim münaqişəmiz Ağ Evin regionumuzda reallaşdırılan geosiyasi layihəsidir. Bir milyon qaçqın, 30 illik işğal, minlərlə şəhid, Xocalı soyqırımı kimi faciələr, dövlətin bütün sahələrinə 30 illik zərbə və s. bu kimi ağır, taleyüklü məsələləri xalqımıza yaşatmış Ermənistanla münaqişəyə öz gücü hesabına son qoymuş Azərbaycan sən demə sülh sazişi ilə bağlı “üstəgəl” hələ bir kreativlik də nümayiş etdirməlidir. Sadəcə cəfəngiyat..!
Adını çəkdiyimiz məktubda emosiyalarımıza toxuna biləcək başqa bir “maraqlı” cümlə var: “Mənim administrasiyam sülhə yol açacaq cəsarətli təşəbbüslərin irəli sürülməsinə hazırdır”.
Maraqlıdır, ABŞ prezidenti burada hansı “cəsarəti” nəzərdə tutur? Bu münaqişədə yeganə cəsarətli tərəf Azərbaycan xalqıdır!
Burada mütləq olaraq Prezident İlham Əliyevin növbəti sözlərini yada salmalıyıq: “Azərbaycan 30 ilə yaxın davam edən münaqişəni həll etdi, buna güc yolu və siyasi vasitələrlə nail oldu”. Bunu Qərb unutmamalı və öz ritorikalarında mütləq nəzərə almalıdır. Zatən unutmur da, bizim Qələbəmiz və regionda formalaşan yeni reallıq onlar üçün bir geosiyasi dərdə çevrilib.
Ağ Evin “kreativ” strateqləri heçmi özlərinə hörmət etmir ki, bu cür “səmimi” məktubu tərtib etməkdən öncə azacıq da olsa bizim münaqişəmizin tarixçəsini öyrənməyə ehtiyac belə duymayıblar?
Bütün qərəzli manipulyasiyalara bizim bir cavabımız var, o da Prezident İlham Əliyevin növbəti sözləridir: “Heç kim bizə heç nə diktə edə bilməz!” Milli maraqlar, habelə dövlətin və xalqın rifahı – hər bir azərbaycanlı üçün mütləq prioritetdir.
14 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ