İnsanlara hürriyət, millətlərə istiqlal!

Yeni AD axtarışında

Rebrendinq iqtisadi münasibətlərdə kifayət qədər tez-tez rastlanan təcrübədir. Sözügedən reklam fəndi daha çox marketoloqlar tərəfindən tətbiq olunur. Adını çəkdiyimiz iqtisadi təzahürü ümumi sözlərlə təsvir etsək, deyə bilərik ki, rebrendinq biznes və ya təşkilatın imicini dəyişdirməsi prosesidir. Belə ki, istehlakçıların məhsula marağını yeniləmək üçün istifadə olunan rebrendinq bilavasitə reklam fəaliyyətinin davamıdır.

Yazını iqtisadi terminlərlə başlamağımız sizi təəccübləndirməsin. Artıq bizim zavallı radikallarımız da rebrendinqlə məşğul olmağa başlayıblar və düşünürlər ki, bu iş onları düşdükləri palçıq çuxurundan çıxara biləcək. Özlərinə yeni ad tapmış radikallar sevincək şəkildə sosial şəbəkələrdə paylaşımlar edir, ümid edirlər ki, yeni ad onların xain xislətini gizlədə biləcək. Sözsüz ki, bu “siyasi balaqan” yeni ad vasitəsilə siyasi münasibətlərdə öz mövcudluğunun aktuallığını qorumağa çalışır.

BREND.png (205 KB)

Radikalların ötən 30 il ərzindəki fəaliyyətinin xüsusiyyətlərinə diqqət yetirmək üçün geriyə dönüb baxsaq, təxribat, demaqogiya, şantaj, emosional manipulyasiya, ucuz dividentlər naminə siyasi alver və xəstə ambisiyalardan başqa heç nə görə bilmərik. Qeyd etdiyimiz “siyasi balaqanda” rasional mövqe və sağlam demokratik müxalifətçilikdən əsər-əlamət yoxdur. Obyektivlik naminə onu da əlavə etməliyik ki, ölkəmizdə yaşanan internet sərbəstliyi olmasaydı, bu zavallıların adlarını belə bilən olmazdı.

Gəlin, məsələyə fərqli tərəfdən də yanaşaq. Dövlət və cəmiyyətə faydalı olmaq istəyən, dünyada cərəyan edən müxtəlif tendensiyalardan xəbərdar olan, “süni intellekt” ilə maraqlanan, kreativ düşüncə tərzi ilə silahlanmış və tarixi Qələbəmizlə haqlı olaraq qürurlanan bir gəncin diqqətini orta əsrlərdən qalmış “balaqan” mahiyyətli siyasi fəaliyyət qazana bilərmi? Əlbəttə ki, yox. Odur ki, heç bir rebrendinq bu bəlalı düşərgəyə fayda verə bilməz.

Belə ki, xalq tərəfindən onlara haqlı olaraq vurulmuş radikal “möhürü”nü silmək üçün onlar son günlərdə özlərinə tapdıqları yeni “sistemdənkənar müxalifət” adının ətrafında qərəzli manipulyasiyalar aparırlar. Həmin düşərgənin “başbilənləri” indi də bütün vəchlə çalışırlar ki, yeni adları yayılsın və bundan öz ucuz demaqogiyaları üçün istifadə etsinlər.

Diqqət yetirin, onların bu cür addımları mahiyyət etibarı ilə eyniliklə iqtisadiyyatda istifadə olunan rebrendinq kimidir. Ancaq onlar unudurlar ki, yeni ad köhnə malın çürük qoxusunu gizlədə bilməz. Yeni ad radikal təfəkkürün mahiyyətini də dəyişdirə bilməz. Onlar cəmiyyətimizdən, xalqdan və dövlətdən kənar dayanan, əvəzində isə Azərbaycanın düşmənlərinin yanında olan “Şapito sirki”nin üzvləridirlər. Heç də təsadüfi deyil ki, bu “balaqanın” səsi Qərbdən Azərbaycana qarşı açıq şəkildə aparılan təxribatlar ilə eyni zamanda birdən-birə çıxmağa başladı. Əlbəttə ki, paralellər təsadüfi deyil. Bu paralellik əslində radikalların oynadıqları kirli oyunlarının sifarişçilərini bizə göstərir.

Odur ki, unudulmaz tarixi Qələbəmizə kölgə salmaq istəyən, həmrəylik mühitinə qarşı daim çıxış edən və yeganə silahı emosional manipulyasiyalar olan radikalların yeni ad axtarışı “kreativ bazarkom”un çürümüş almanı avokado adı ilə alıcıya satmaq istəyinə bənzəyir. 

politoloq Asif Adil

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR