İnsanlara hürriyət, millətlərə istiqlal!

Dərdli Danimarka

“Siyasi nəzakət diskussiyanı öldürür”
(Lars fon Triyer)

Dünyada iki tip dövlət var, bunlardan biri Danimarkaya oxşayan dövlətlərdir, o biri Tacikistana. Bizimki hansına bənzəyir? Heç birisinə. Bizim analoqumuz yoxdur. Bizim öz yolumuz vardır. Bunu müzakirə etmirik.

Bəs niyə Danimarka və Tacikistan 2024-cü il girər-girməz mənim yadıma düşübdür? Bəlkə Kopenhagenə gedib uşağa, necə deyərlər, yaradıldığı yerdən Leqo almalıyam? Ya qohumum və uşaqlıq qonşum Taciki görmüşəm? Yox. Səbəb siyasidir. Əlbəttə, mən də sizin kimi siyasətə qarışmıram, ancaq hərdən olur. Kirkorov demişkən, bəzən istəmədiyin qapıdan girirsən.

Məsələ bundadır ki, əgər Danimarka və Tacikistanı yanaşı qoysaq, bunların oxşar cəhəti sıfıra yaxındır, lakin hər ikisi krallıqdır. Biri rəsmən, o biri qeyri-rəsmən. Və keçən il son günündə Danimarka kraliçası 2-ci Marqrete taxt-tacdan əl çəkdiyini açıqlamışdır.

Buyurun. Siz də deyirsiniz vəzifə şirin şeydir. Marqrete xala isə könüllü olaraq istefa verib, çıxır gedir, krallığı da oğluna tapşırır. Maraqlı hadisədirmi? Əlbəttə. Çünki dövri-qədimdən, lap Şekspirin vaxtından Danimarka krallarının əhvalatları bütün dünyanın diqqət mərkəzində olmuşdur. (Hamlet müəllim Danimarka şahzadəsi işləyirdi – məlumat üçün). Yaxud, kralın çılpaq olduğunu deyən balaca oğlan da danimarkalıydı. İndi Marqrete xala üçün belə gözəgörünməz paltarlar tikmək milli dəyərlərə ziddir, onun üzərində heç dayanmayaq.

Kraliça istefasının səbəbini yorulması ilə izah etmişdir. Prinsipcə, onu anlamaq lazımdır. Təsəvvür eləyin, o, 1972-ci ildən Danimarka kraliçası imiş. O zaman ki, mən hələ doğulmamışdım.

Tacikistanın müdiri İmomali müəllim isə 1994-cü ildən kraldır. Deyilənə görə o da yorulub, işdən çıxmaq istəyir, lakin burada problemlər bir az qəlizdir – İmomali müəllimin varisləri həddən artıq çox imiş. Oğullar, qızlar, kürəkənlər, qayınlar, baldızlar və sairə. Vaxtilə onların hərəsinə bir vəzifə verib, ölkəni ailə üzvləri arasında bölüşdürüb, indi vahid namizəd tapmaq alınmır. Oğlunu padşah qoysa, qızı sərvəti itirməkdən qorxurmuş. Qızını birinciliyə çəksə, o biri uşaqlar potensial ac qala bilərmiş. Bu baxımdan, yaxın illərdə tacik qardaşlarımızı yaxşı perspektiv gözləmir. Ölkənin ümumi daxili məhsulunun yarıdan çoxu xaricdən gəlirsə, prinsipcə, daxildəki vəziyyətə görə çox narahat olmaq da lazım deyil. Bəlkə də...

Məhsul demişkən, keçən il sentyabrda Danimarkanın bir şirkəti bütün Avropada ən bahalı brend olmuşdu. Şirkətin səhmlərinin dəyəri 421 milyard dollara çatmışdı. (Müqayisə üçün: bizim ən bahalı dövlət şirkətimizin aktivlərinin dəyəri ən yaxşı halında 37 milyard dolları keçməyib). Bəs bu şirkət nə işlə məşğulat edirdi? Bəlkə neft, qaz satırmış? Yainki indi dəbdə olan internet, elektronika, telefon işinə giriblər? Yox. Novo Nordisk adlı həmin Danimarka şirkəti... dərman düzəldib satır. Keçən il dünya bazarına arıqlamaq üçün yeni dərman çıxarıblar, bununla külli miqdarda varlanıblar. Gərək biz də vaxtilə telekanallarda “dərmən” satan o xalaya maya qoyardıq. Eh... Kiminin əvvəli, kiminin axırı...

Ancaq mən oxucularımızı çox Danimarka aşiqi olmağa da səsləmirəm. Hər yerin problemi var. Avropanın yaxşısını götürüb, pisini atmalıyıq. Məsələn, güman edirəm çoxlarınız Hitlerin 1940-cı ildə Danimarkanı nə qədər müddətə işğal elədiyindən xəbərsizdir. Yazıram: 5 saata. Aprelin 9-da gecə saat 4-də almanlar hücuma keçiblər, səhər saat 10-da Danimarka kralı Kristian müəllim təslimiyyət aktını imzalayıbdır. Alman ordusunun hücum zamanı itkiləri nə qədər olmuşdur? O da anekdotdur: 2 ölü, 10 yaralı.

Müqayisə üçün, 1990-cı illərdə Tacikistanda 5 il davam edən vətəndaş müharibəsində 70 minə yaxın adam ölmüşdü.

Sonda hər birinizi gec də olsa dünya azərbaycanlılarının həmrəylik günü münasibətiylə təbrik edirəm. Ən yaxşısı bizim ölkədir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

22 Noyabr 2024

21 Noyabr 2024

20 Noyabr 2024

19 Noyabr 2024

17 Noyabr 2024

16 Noyabr 2024

15 Noyabr 2024

13 Noyabr 2024

12 Noyabr 2024

10 Noyabr 2024

09 Noyabr 2024

08 Noyabr 2024

07 Noyabr 2024

06 Noyabr 2024

05 Noyabr 2024

03 Noyabr 2024

02 Noyabr 2024

01 Noyabr 2024

31 Oktyabr 2024

30 Oktyabr 2024

29 Oktyabr 2024

27 Oktyabr 2024

26 Oktyabr 2024

25 Oktyabr 2024

24 Oktyabr 2024

23 Oktyabr 2024

20 Oktyabr 2024

19 Oktyabr 2024

18 Oktyabr 2024

17 Oktyabr 2024