İnsanlara hürriyət, millətlərə istiqlal!

Dərdlərimizin sponsoru

 

“Araz axar lil ilə,

Dəstə-dəstə gül ilə"

(xalq mahnısından)

Mənim üçün bu il öyrəndiyim ən qeyri-adi xəbərlərdən biri futbol üzrə ölkə çempionatımızda bir neçə liqanın olmasıdır. 1-ci diviziyon-zad... Hətta o liqalarda ilk yerləri tutanlar əsas liqaya doğru addım atırmış. Təsəvvür elə. Biz də deyirik niyə milli çempionat cəmi 10 komandadır, iki-üç il qabaq 8 komanda olduğu vaxtlar vardı. O zamanlar hətta anekdot hadisə baş vermişdi, ikinci liqada 1-ci yeri tutan komandanı yox, 3-cü yeri tutanı əsas liqaya keçirmişdilər. Dəqiq xatırlamıram, bəlkə 3 yox, axırıncı yeri tutan komandaydı.

Hazırda da, deyəsən, oxşar anekdot yaşanacaqdır, çünki Naxçıvanın “Araz” komandası əsas liqaya keçməliymiş, lakin keçmək istəmirlər. Səbəb Napoleon deyəndir: para, pul. (Doğrusu, hazırkı siyasi situasiyada bir fransızdan sitat gətirməyin dövlətçiliyimizə uyğun olmadığını anlayıram. Bəhanəm var, Bonapart müəllim əslən korsikalıdır və belə demək mümkünsə, bəlkə bir italyandır). Naxçıvan şəhər rəhbərliyi “Araz” klubuna sponsorluq etmək istəmirmiş.

Hazırda bölgədə sərvətlərin əl dəyişməsi prosesi gedir. Dünən “Badamlı” suyunu da Vasif müəllimdən alıb “Sirab”a qatıblar. Növbəti qeyri-adi xəbərdir ki, orada mineral suyun Vasif müəllimə məxsus olması ortaya çıxmışdır. Dəli şeytan deyir bəlkə bulaqlar qurudu. Çünki müqəddəs adamın totuq üzünün nuruna axan sular namərdliyə dözməyərək quruya bilər, bu haqda hələ uca Şeyx Nəsrullahın hədislər kitabında qeyd edilibdir.

Eh, o boyda işlər görəsən, Nuh peyğəmbərə qəbir düzəldəsən, axırda əlində bir krant da qalmasın. Təklif edirəm Vasif müəllim Əshabi-Kəhf mağarasına uzansın, 300 il yatsın. Duranda “Gəmiqaya” və “Nəqşicahan” holdinqlərinin təkrarən əlinə qayıtdığını görəcəkdir.

Lakin mövzumuz bu deyil. Cəhənnəmə ki, “Badamlı” yoxdur, “Erikli” içərik. O da olmaz, “Perrier”. Biz belə hadisələrə öyrəncəliyik. Dəfələrlə olub, çörək tapmayanda tort yemişik. Məni düşündürən “Araz”ın dərdidir. Komandaya sponsorun tapılmaması qeyri-düzgün qərardır. Xüsusilə indiki dövrdə, İranla dalaşdığımız zəmanədə. Tarixən İranla aramız dəyəndə Araz mövzusu aktual olmuşdur, hətta bundan poema yazıb Lenin ordeni alan şairlərimiz var idi. Sovet hökuməti yazıq şairə dəhşətli işgəncələr vermişdi. Medal medal üstündən. Mükafatın altında qalmışdı fağır. Getsin o günlər bir daha gəlməsin. Elə indicə bir səy dostum Vatsapda şairin görkəmli misralarını paylaşdı: “Gözdən yaş axarmı, ürək yanmasa?” Vallah da. Axarmı? Axmaz. Ürək yanmalıdır.

O üzdən, təklif edirəm “Araz”ın da sponsoru hazırda əsas liqamızda top qovalayan yerdə qalan 10 komandanın sponsoru kimdirsə, elə o olsun. Bəli. Bizim çempionat dünyada yeganə çempionatdır ki, bütün komandalar eyni adamın və ya şirkətindir. Yarışdırıb ləzzət alır. Çox unikal çempionatdır. Buna görə dərin təşəkkürümüzü bildirirəm. Bir komanda artıq, bir komanda əskik - nə olasıdır? Uşaqları naümid qaytarmayaq.

Maraqlı təsadüfdür, elə bugünlərdə bir əski lent yazısı paylaşmışdılar. Azərbaycan milli futbol komandasına baş məşqçi olmuş braziliyalı Karlos Alberto Torres müəllimin Bakıda ad günü mərasimindən video idi. Həmin videoda futbol lotularımız hoppanıb-düşür, elə rəqs edirdilər ki, sanarsan 1970-ci ildə Braziliya komandası ilə dünya çempionu adını alıblar. Hətta axırda Torresi qucaqlarına alıb havaya atırdılar (bəlkə rəhmətlik elə o törənin sevincinə dözməyib ölmüşdür). Maraq çox güc gəldi, statistikaya baxdım. Milli komandamız Torresin başçılığı altında 18 oyun keçirib. Cəmi 2 qələbə var, onlar da Özbəkistan və Qazaxıstanla evdə, yoldaşlıq görüşündə. Qalan oyunlar tam fəlakətdir. 6 heç-heçə, 10 məğlubiyyət. 12 top vurub, 36-nı buraxmışıq.

Həqiqətən, doğum günü qutlanası adam imiş.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

20 Sentyabr 2024

19 Sentyabr 2024

18 Sentyabr 2024

17 Sentyabr 2024

15 Sentyabr 2024

14 Sentyabr 2024

13 Sentyabr 2024

12 Sentyabr 2024

11 Sentyabr 2024

10 Sentyabr 2024

08 Sentyabr 2024

07 Sentyabr 2024

06 Sentyabr 2024

05 Sentyabr 2024

04 Sentyabr 2024

03 Sentyabr 2024

02 Sentyabr 2024

31 Avqust 2024

30 Avqust 2024

29 Avqust 2024

28 Avqust 2024

27 Avqust 2024

25 Avqust 2024

23 Avqust 2024

22 Avqust 2024

21 Avqust 2024

20 Avqust 2024

18 Avqust 2024

17 Avqust 2024

16 Avqust 2024