Onlayn ictimai-siyasi qəzet
Belə bir lətifə var: Sinaqoqa yeni təyin edilmiş ravvin dua oxumağa başlayır. Zaldakıların yarısı ayağa qalxır. O biri yarısı qalxmır və qalxanlara “oturun, oturun” deyirlər. Ayaq üstə olanlar da oturanları dəhmərləyirlər: “Qalxın, qalxın”. Mübahisə düşür. Tərəflər az qalırlar dalaşsınlar.
Gənc ravvin mütəxəssis üləmanın – rebenin yanına gəlir, əhvalatı danışır və soruşur: “Rebe, dinimizdə dua oxunan zaman ayağa qalxmaq ənənəsi var?” Rebe cavab verir ki, yox, belə bir ənənə yoxdur. Ravvin təkrar soruşur: “Onda dua oxunan zaman oturmaq ənənəsi var”. Rebe deyir ki, xeyr, belə bir ənənə də yoxdur. Ravvin çaşıb qalır: “Rebe, elədirsə, bəs ibadət edənlər niyə dalaşırlar?” Ravvin deyir: “Çünki bizdə dalaşmaq ənənəsi var”.
İndi həmin rebenin sözü olmasın, bizim siyasi arenada da dalaşmaq ənənəsi var. Lap qədimlərdən.
Özü də bu ənənə təkcə siyasi arenada deyil, elmi dairələrdə də var, ədəbi camiələrdə də, media mühitində də, sosial şəbəkələrdə də, dükan-bazarda da, hər yerdə, hətta toyda-nişanda da. Bu, sonuncu adət-ənənə bir ara zəifləmişdi, son vaxtlar yenidən dəbə minib. Tez-tez toylardan dava xəbərləri gəlir.
Yadımdadır, bu xüsusda bir lətifə də vardı. Qazaxda bir yeniyetmə videokaset kirayə verən dükana gəlir, dükançıya deyir, mənə davalı film kaseti ver. Satıcı deyir, qaqa, vallah, davalı kinoların hamısı əllərdədir, amma Poylu toyundan çəkilmiş kaset verə bilərəm.
Bəli, hər rayonda bir və ya bir neçə kənd vardı ki, toylarının axırı mütləq Brus Linin, Çeki Canın filmlərinə oxşayırdı.
Bax, o gün parlamentdə baş verən hadisə, əslində, əlbəyaxa şillə-şapalaqla bitməliydi. Yadınızdadırsa, uzun illər əvvəl elə bir şey olmuşdu, deputatlar bir-birini qapazlamışdılar və axırda deputatın birinin başına torça keçirib içəri aparmışdılar.
Bu dəfə hamı yaxşı qurtardı, süpürləşmə olmadı. Müdrikləşmə prosesi gedib, görünür. Amma konflikt davam edir. Söz atışmasına çıxanlar sakitləşib, indi də tərəflərin tərəfində duranlar peşəkar və sosial mediada bir-birinin əleyhinə döşəyirlər.
Əlbəttə, şillə-təpik davasındansa, arqument, mülahizə davası daha yaxşıdır. Necə deyərlər, sivil metoddur. İntəhası, gərək, bu sivil metodun zibili çıxmasın.
Dünən baxıram ki, deputat Vahid Əhmədovun vaxtilə Ramiz Mehdiyevə ünvanlamış iltifatlı sözlərini də yayıblar, bir sətir aşağıda isə onun vəzifədən çıxmış Mehdiyevi tənqid edən fikrini də veriblər. Elə qələmə verirlər ki, guya Əhmədov mövqeyini dəyişib. Halbuki burada mövqeyini dəyişən şəxs Ramiz Mehdiyevdir, Prezident Administrasiyasının rəhbəri mövqeyindən AMEA-nın prezidenti mövqeyinə enmişdi, orda da işləri düz gətirmədi, hazırda təqaüdçü mövqeyindədir.
İndi ola bilər ki, bu dava daha da şiddətlənəcək, amma o da mümkündür ki, tərəflər barışığa getsin. Barışmadan münaqişəni dondura da bilərlər. Belə şeylər çox olur. Bir də görürsən, əlaqədar yoldaşlar təpinirlər ki, ta məsələni çox uzatmayın. Tərəflər söhbəti uzatmır, amma hər kəs öz fikrində qalır.
Xüləs, dalaşmaq ənənəsi olan yerdə xalqın tamaşasız qalması mümkün deyil. Bu, oxumuş adamların sözü olmasın, rutin məsələdir. Günə ən azı bir dava-mərəkə mövzusu tapmalıyıq və tapıb, tərəflərə çevrilməli, tirələrə bölünməliyik.
Əvvəllər bu, narahatlıq doğururdu. Bəzilərinin əsəbləri dözmürdü, deyirdilər, bu cür dava-şavalar milli monolitliyi pozur. Amma hazırda yek qənaət budur ki, cəhənnəmə pozsun, əvəzində günümüz maraqlı keçir, həm də dalaşan tərəflərin bir-birini ifşa etməsilə ilə çoxlu kompromatlar əldə edirik. Əlbəttə, bunlar gələcək davalarda lazım olacaq.
Tək biz deyilik. Eyni paralellərdə və meridianlarda yerləşən qonşu ölkələr də bizim günümüzdədir. Onlar da eyzən daxildə bir-biri ilə dalaşırlar, hərdən enerjiləri artıq düşəndə xarici qüvvələrlə də dalaşmaq istəyirlər.
İndilikdə belədir. O üzdən adam barışmaq ənənəsi güclü olan ölkələrə həsəd aparır. Çox adama elə gəlir ki, biz olmayan yerlər güllük-gülüstanlıqdır, orda heç kim heç kimlə dalaşmır. Amma bu da yanlış təsəvvürdür. Bir keçmiş həmkarım dünən mənə yazıb ki, “təkcə bu il İsveçdə 400 silahlı saldırı olub”. (O, “saldırı” yazıb, yəni hücum). Bizdə mart ayında 3 dənə silahlı insident olmuşdu, deyirdik, bura Çikaqodur, nədir. İndi hesab edin ki, İsveçdə kriminogen durum nə qədər nəzarətdən çıxıbsa, hər gün neçə-neçə adam dalaşır, bıçaqlaşır, atışır.
Görünür, insan oğlu həm dalaşmaq vərdişini tərgidə bilmir, həm də əsrlərin sınağından keçmiş ənənəyə xilaf çıxmağı düzgün saymır.
Sinaqoqda dua oxunan zaman oturmaq və ya ayağa qalxmaq üstündə mübahisə edən yəhudilərlə yanaşı, neçə əsrlərdir, bizimkilər də Ayın görünüb-görünmədiyi üstündə dalaşırlar. Bu, hələ bir-iki əsr də davam edəcək – ta göydən yekə bir asterid gələnə qədər.
10 Noyabr 2024
07 Noyabr 2024
06 Noyabr 2024
04 Noyabr 2024
02 Noyabr 2024
31 Oktyabr 2024
29 Oktyabr 2024
27 Oktyabr 2024
25 Oktyabr 2024
23 Oktyabr 2024
20 Oktyabr 2024
17 Oktyabr 2024
14 Oktyabr 2024
12 Oktyabr 2024
09 Oktyabr 2024
07 Oktyabr 2024
05 Oktyabr 2024
03 Oktyabr 2024
01 Oktyabr 2024
29 Sentyabr 2024
27 Sentyabr 2024
25 Sentyabr 2024
23 Sentyabr 2024
21 Sentyabr 2024
19 Sentyabr 2024
17 Sentyabr 2024
15 Sentyabr 2024
14 Sentyabr 2024
12 Sentyabr 2024
10 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ