İnsanlara hürriyət, millətlərə istiqlal!

Atmosfer çöküntüsünün qeyri-romantik sıxıntısı

 

Əvvəlcə elə bildik, yağışdır, sonra gördük, yox e, nə yağış, əməlli-başlı atmosfer çöküntüsüdür. Üstümüzə nə təhər çökdüsə, altında qaldıq.

Rəhmətlik şair Taleh Həmid bəlkə də bu cür yağışlara baxıb “Belə yağmayacaq bir də bu yağış” rədifli şeir yazmışdı.

Kaş bir də elə yağış yağmasın. Biabır olarıq, abrımız gedər.

Hər coğrafiyanın öz yağışı var. Bura Hindistan, Banqladeş, Kamboca, Vyetnam deyil ki, yağış mövsümü başlaya, bir ay sərasər musson yağışı yağa. Camaat da ya yağış tutmayan yerdə otura, ya da leysanın altına işləyə-işləyə deyə: “Qoy yağsın, öz yerinə-yurduna yağır, çəltiyə xeyri var”.

Düzdür, məhsul yığımının axırları olduğu üçün bu yağışın bizim kənd təsərrüfatına da xeyri var, amma belə yağış şəhər təsərrüfatında problem yaradır. Nə də İlon Mask hələ smart-cihaz icad etməyib ki, dolmuş buludları idarə edək, göndərək, susuz çöllərə, qurumaqda olan göllərə, quru çaylara yağdıraq ki, şəhər salamat qalsın, kənd-kəsək çiçəklənsin.

Sovet vaxtı belə bir şey vardı, böyük təsərrüfatların buluddağıdan topları olardı. Aprel-may ayında görəndə ki, qara buludlar üzüm, taxıl plantasiyasını leysana məruz qoyacaq, doluyla vuracaq, topla vurub buludları dağıdırdılar, o da parçalıb gedir, başqa yerlərə narın yağış şəklində tökülürdü.

1986-cı ilin may ayında, Çernobıl qəzasından yarım ay sonra kəndimizin kənarında, Quruçayın üstündə topxana işlədən Əlövsət kişi güclü yağışın başladığını görərək, köməkçisi olan oğlu Tofiqə qışqırmışdı ki, tez ol, topun lüləyini buluda tuşla, yoxsa dolu kəndi Çernobıla döndərəcək.

İndi elə şey yoxdur. İndinin buludları harada toplaşır, oranı bu günə qoyurlar.

25 il əvvəl iqlimşünas alimlər deyəndə ki, bu gedişlə gələcəkdə çox dağıdıcı yağışlar olacaq, çox yeri sel basacaq, çox adam inanmırdı, deyirdilər, yox e, nə qlobal istiləşmə, bu il yay keçənilkindən də sərin oldu, qış da soyuq keçdi.

Amma alimlər deyirdilər ki, insanlar təbiətin harmoniyasını pozur, bir yerdə möhkəm quraqlıq olanda o biri yeri sel basacaq və milyonlarla insan bunun əziyyətini çəkəcək.

Elə olmadımı? Televizoru, saytları açırsan, hər gün mütləq haranısa sel basıb. Özü də “sel basıb” sözü xəfif qalır, baxırsan, su birmərtəbəli binanın damına qədər qalxıb, insanlar bir-birini xilas etmək üçün “Titanik” filmindəki kimi arbitr fitiylə fıştırıq çalır. Hətta elə epizodların birində göstərirdilər ki, canını çox istəyən at üzüb çıxıb damın təpəsinə, gözləyir ki, su çəkilsin.

Yəni tək bizim başımıza gəlmir, atmosfer çöküntüləri hər yerə çökür. Yaz ağzı daşqınlar Qazaxıstanı nə günə qoymuşdu?

Qazax jurnalistlər “suyun altında qalmışıq” yazırdılar. Gerçəkdən də eləydi. Yaxşı ki, bu dəfə bizimkilər “avtobus suyun içində qaldı” yazdılar. Çünki suyun altında qalmaq o deməkdir ki, avtobusun yuxarısı görünməyə. Şükür ki, su avtobusun qurşağına qədər qalxmışdı.

İndi oxumuş adamlar deyir ki, Bakı yağışa hazır deyil. Qışda da deyəcəklər ki, Bakı qara hazır deyil. Məsələ isə belədir: Bakı heç nəyə hazır deyil. Bir dənə yeni yaşayış kompleksləri tikintisinə hazırdır.

Şəhər yerinin bir pis işi var ki, yağan yağış torpağa hopmur, asfaltın, betonun üstü ilə axıb çala yerlərə yığılır və şişə bildikcə şişir. “Drenaj sistemləri düzgün işləmir” deyirlər. Ola bilər, elədir. Amma Kür çayının suyunu axıda biləcək kollektora Volqanın suyunu yönəltsən, o da gücə düşəcək.

Bəs çıxış yolu nədir? Heç nə. Çıxış yolu olsaydı, su axar, çuxurunu, çıxışını tapar, süzülüb gedərdi. Əlac Bakını tamamilə söküb yenidən tikməyə qalır, o da zırıltı işdir.

Əlimizi göyə qaldırıb ulu Tanrıdan rəhm diləməyin də xeyri yoxdur. O, bu işlərə baxmır. Proses aşağı səviyyədə, atmosfer qatının bir neçə kilometrliyində gedir. İsti olanda su buxarlanır, asimanda toplaşır, sıxlaşır, dolur-dolur, sonra hərəkətə gəlir, boşalmağa yer axtarır... və tapır.

Amma elə yerlər də var ki, oralara yağmur yağmır. Məsələn, dünyada ən quraq yer Çilidəki Atakama səhrasıdır, oranın bəzi ərazilərinə yüz illərdir yağıntı düşmür. Ola bilər, təbiətin harmoniyası pozulduğuna görə artıq Atakamaya da yağış yağacaq.

P.S. Yağış yağanda yerli radiolar romantik havaya köklənirlər, “Bu gün mən görüşə tələsirəm, yaşma, yağış, yağma yağış” mahnısını səsləndirirlər, amma indinin yağışları birbaşa romantikanın içinə sıçrayır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR