İnsanlara hürriyət, millətlərə istiqlal!

Seçki ehtirasları - ən qızğın seçki Esvatinidə olur

 

Çörçillin demokratiya haqqında bir neçə məşhur fikri var, biri də belədir: “Demokratiya ən pis idarəetmə formasıdır – yerdə qalanları hesaba almasaq”.

Bax, məsələ məhz o “yerdə qalanlar”ın başındadır. Onları nəzərə alanda, hesaba salanda yenə demokratik idarəetməni icad edənlərin əmvatına rəhmət oxumağa məcburuq.

İndi uzaq Amerikada gedən seçki qovğasına da baxaq, yaxın qonşumuz Gürcüstandakı seçki süpürləşməsinə də.

Adını nə qoyuruqsa, qoyaq, bütün seçkilər hakimiyyət davasıdır. Sadəcə, bəzi ölkələrdə bu dava idman yarışması kimi, müəyyən qaydalar çərçivəsində (“badalaq, qurşaqdan aşağı zərbə, ana-bacı söhbəti eləmək olmaz” və s) aparılır, bəzilərində isə rəqiblər az qalırlar bir-birini avtogen alovu ilə yandırsınlar.

Bu üzdəndir ki, ABŞ-də hakim Demokratlar partiyası hakimiyyəti əldən verməmək üçün necə dirəşibsə, Gürcüstanda da Bidzina (Bicina da demək olar) İvanişvilinin partiyası da elə dirəşib.

Hələ iki ay əvvəl ABŞ demokratları gördülər ki, Pensilvaniya bahadırı Bayden onları Nyu-York pəhlivanı Trampa uduzduracaq, ona görə də onu dəyişdirdilər, qabağına Kamala Harrisi çıxardılar. Hələ cavanlığından bəri Trampın zəif yeri qadınlar olduğundan indi o, Kamalanın qarşısında kərəvəngə qalıb.

Elə Trampın yenidən prezident seçiləcəyindən qorxanlar da çox əndişəlidirlər, bir dəfə ağsaqqalın başına güllə atdılar, qıl yazdı, keçdi. Bir dəfə də onu vurmaq istəyən yazıq killer heç silahnın durbinini qoşmamış yaxalandı.

İndi görün, kimin seçilməsi məsələsi demokratiyasının tərifi yerə-göyə sığmayan ABŞ-də necədir.

Bu xüsusda sonuncu yerlərdə olan Esvatinidə məsələ daha sadədir. Budur, III Msvati 38 ildir ki, kraldır. O, hakimiyyəti özündən qabaqkı Msvatilərdən alıb. Əvvəllər onun ölkəsinin adı Svazilend idi, sonra dəyişdirib öz adına yaraşdırdı, oldu Esvati-Msvati.

Bu ölkədə ən qızğın, ehtiraslı seçki III Msvatinin hər iki ildən bir özünə növbəti həyat yoldaşı seçməsi üçün təşkil edilir. Minlərlə yeniyetmə və gənc bakirə qız bəzənib-düzənib seçkiyə gəlir, III Msvati onlardan birini seçib xoşbəxt edir. O, indiyədək 15 belə seçki keçirib. Sadəcə, 9-cu seçkisində fors-major hal olub.

Seçilmiş qadın Ntando Dube ölkənin ədliyyə naziri Ndumisa Mamba ilə, “Komedixana Ənvər”in sözü olmasın, nömrələşib, daha sonra imsiləşəndə şəkillərini çəkiblər. İndi Ntando 13 ildir ev dustağıdır, Ndumisa Mamba isə türmədədir. Adam bilmir onu siyasi dustaq adlandırsan, yoxsa nə.

Qonşumuz Gürcüstanda isə vəziyyət qəlizdir. Tərəflərin ikisi də özünü qalib sayır. Həm də tərəflərin beynəlxalq tərəfdarları da var. Məsələ yenə Qərb-Şərq, NATO-Rusiya, avtoritarizm-demokratiya səciyyəsi alıb.

Belə görünür ki, gürcülər də demokratiyaya, azad seçkiyə tam hazır deyilmişlər. O şeylərə tam hazır olan ölkələrdə seçkidən sonra belə haqq-hesablar olmur. Udan udduğunu elan etməmiş, uduzan deyir, təəssüf ki, uduzmuşuq. Gürcülər isə barrikda qururlar.

Bu çoxdan sübut olunub ki, bir ölkədə hökumət azad, dürüst seçkiləri o vaxt təşkil edir ki, xalq total şəkildə qanuni, ədalətli seçki keçirməyə hazır olsun. Əksəriyyəti dürüst fərdlərdən ibarət olmayan xalq normal seçki keçirə bilməz, tayfalararası qırğın salar.

Belə bir nümunə: böyük bir kənd götürək, orada bələdiyyə sədri postuna seçki keçirək. Kəndin dominant nəslinin ən pullu adamı – marketi, “moyka”sı, çayxanası olan, cip sürən lideri qabağa duracaq. O biri tayfalardan da tutaq ki, bir hüquqşünas, iqtisadçı, müəllim namizədliyini verəcək. İş adamının nəsli gecəylə yığışacaq ki, bu kənddə şef həmişə biz olmuşuq, biz də olmalıyıq. Elə həmin gecə onlar koalisiyada olduqları, yəni qız alıb-verdikləri tayfalara xəbər göndərəcəklər, birləşəcəklər. Ertəsi gün rəqib tayfaların namizədlərini qorxudacaqlar, pisikdirəcəklər, adlarına söz çıxaracaqlar. Nəticədə böyük tayfanın dükandar oğlu kəndxuda olacaq. Ta bu adamın kənd rəhbəri olmaq üçün qabiliyyəti, iş görmək həvəsi var, yoxdur, baxan olmayacaq. Əsas odur ki, rəhbər bu tayfadan olsun.

Xalq hərəkatının ilk illərində belə şey yox idi, tayfabazlıq sonradan cücərib pöhrələdi, indi effektiv amildir.

Hələ bir tendensiya da var, bu da necəsə adı çıxmış, şöhrət qazanmış adamların xalqın sevimlisi olması, kütləvi dəstəklənməsidir. Həmkarlarım zarafatla yazırdılar ki, bu ölkədə istənilən populyar meyxanaçı həyatını siyasətə həsr etmiş partiya xadiminə qalib gələr. Gerçəkdən elədir. Elə meyxanaçılar var ki, seçki dairəsinə daxil olan qəsəbə və kəndlərin hərəsində azı 2 min fanatı var. Bəs deputat seçilmək üçün nə qədər səs lazımdır? 7-8 min. Vəssalam. Meyxanaçı ortaya siyasi ambisiya qoyub, “alə, bu dəfə özüm seçiliciyəm” desə, fanatlarından səs istəsə, kim duracaq onun qabağında. Bir dənə də belə seçki qafiyəsi açar:

Seçilmək istəyirsən, planıvı bəyan eylə,
Nə mənə dirəşginən, nə özünə ziyan eylə.

Sinədəftər adamlardır, istənilən debat-deyişmədə rəqibini “atmosferə salar”, “peysər çıxarar”, “bağlayar”, yola salar. Yaxşı ki, onlara vaxtında başa salırlar ki, onların məclisi başqadır, o biri Məclis isə tamam başqadır, səhv salmasınlar.

Uzun sözün kəsəsi, normal, dava-dalaşsız seçki keçirmək üçün hamı hazır olmalıdır. Buna nail olmaq üçün bir neçə dəfə normal seçki keçirməyə çalışmaq, məşq etmək lazımdır. Məşqsiz əmələ gəlmir. Sonda mütləq alınır. Sadəcə, bizdə hələlik elə məşqlər etmək üçün nə idman zalları var, nə məşqçilər, nə də həvəs. Biz hesab edirik ki, salamatı dədə-baba qaydasıdır.

Görək, gürcülər nə edir. Onlar da sovet xalqıdır, qanunlardan yan keçməyə meyllidirlər, amma yenə də hiss olunur ki, seçib-seçilmək həvəsləri var gülüşlərində.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR