İnsanlara hürriyət, millətlərə istiqlal!

Çubuqlu vurma

Millətin həm ekoloji müxtəliflik, həm mənəvi müxtəliflik uğrunda savaşa qalxması sevindirici haldır. Sən demə, hələ sovet vaxtı hansısa Moskva kommunist liderinin söylədiyi “Azərbaycan xalqı şair xalqdır” afyorizmi zır doğruymuş. Bəlkə də Müşfiqi 37-ci ildə güllələnməyə aparanda ədəbiyyatımızın bu qədər müdafiəçisi olmamışdır.

“Bəlkə” niyə, oxşar fakt tarix elmimizə məlumdur. Hüseyn Cavidi repressiya edib öldürən “NKVD” 1939, ya da 1940-cı ildə şayiə buraxır ki, filan gün, filan qatarla Cavid qayıdacaq. Bakı dəmiryol vağzalına şairi “qarşılamağa” yalnız Abdulla Şaiq gedir. Gözləyir, heç kim gəlmir. Sonradan məlum olur ki, NKVD “xalq düşməni”nin əlaqələrini, onu kimin gözlədiyini yoxlamaq istəyirmiş.

AYB-nin dəhlizində həmin repressiya olunan şair və yazıçıların barelyefi var. Həmin barelyefin altında elə 2000-ci illərdə yazıçı Rafiq Tağını təşkilatdan qovmuşdular. Sonra da bıçaqlanıb öldürüldü. Beləcə, son 30 ilimizin azad sözə ən böyük xidmət edən ədibini itirdik. İndi hansısa klounları müzakirə etməyə nə var? Xalam da edər. Ya da belə: “Xalama dayı deməyim üçün hansı şərtlər vacibdir”?

Hörmətli nazirimiz də o yanda şikayətlənir: filan qədər riyaziyyat müəllimi çubuqlu bölməni bilmirmiş. Attestasiya zamanı məlum olmuşdur. Günah özünüzdədir, sizə kim deyir müəllimi attestasiya eləyin? Bəyəm başqa işçilərimiz olunur? Molla demişkən, eşələmə, qoxusu çıxar.

Üstəlik, çubuqlu bölməni bilmir, eybi yoxdur, əsas odur çubuqlu vurmanı bilsin. Yaxşı müəllimin mütləq uşaq çırpmağa çubuğu olmalıdır. Təhsildə problemlərimiz elə uşaqları döymək qadağan ediləndə başlandı. Artıq uşaqlar müəllimə hörmət etmir, ona öz tay-tuşu kimi baxır. Bizim vaxtımızda müəllim gözünü ağardanda sinifkom istefa verirdi, təmizkomun leşi qalırdı (“Heyf əski günlər” başlığı çox geniş başlıqdır, burada dayanıram). Odur, statistika açıqlandı, ölkəmizdəki 3300-ə yaxın məktəbin 400-də direktor yoxdur. Zarafat deyil, 400 məktəb böyük rəqəmdir. Niyə yoxdur? Bəlkə heç kim direktor olmaq istəmir? Böyük ehtimal belədir. Axı məktəb direktoru olmaq baş bəlasıdır. Hərədə bir mobil telefon, işçi-valideyn heyəti şivən, kimdən pul yığasan? Qulağına bir sırğa taxırsan, on il qarğış-söyüşü kəsmir. Adi süpürgəçini işdən çıxarda bilmirsən, quru adı direktordur. Hələ sinfi dərmanlamağa solyarka al, qışda odun tap, nə bilim, hasarın üstünə tikanlı məftil çək - uşaqlar dərsdən qaçmasın deyə... Bunlar hamısı, təbii ki, direktorun cibindən gedir, dövlət büdcəsində belə xərclər nəzərdə tutulmamışdır. O üzdən, az qala hər gün məktəb direktorlarına cinayət işi açılması xəbəri alırıq. Ən son Lerikdə birini tutublar. Üstü açıq məktəbə 16 min manatlıq yanacaq “alıbmış”. Ancaq bunu necəsə dövlət büdcəsinə dürtübdür. Çubuqlu yeyintini bilirmiş.

Sözgəlişi, eyni vaxtda bizim dövlət neft şirkətindən 16 milyon manatı əkişdirmiş yoldaşın da həbs xəbərini almışıq. Qəribə təsadüfdür. Lerikdə 16 min manatı oğurlayanı da tutublar, Bakıda 16 milyon manatı oğurlayanı da. Bu, əslində bizim Femida ilahəmizin hamıya eyni gözlə baxdığının əlamətidir. Həqiqətən, Konstitusiya Məhkəməmizin emblemində ədalət ilahəsini gözü açıq rəsm ediblər, halbuki mifə görə Femida xalanın gözləri bağlı olmalıdır. Azərbaycana çatan kimi gözü açılıbdır.

Sözgəlişi, Femidanın bir əlində tərəzi, o birində qılınc olmalıdır, mənasını özünüz təxmin edin. Bizim Femidanın isə tərəzisi var, lakin o biri əlində... kitab tutub. Guya oxuyur. Guya bizim Femida humanistdir, camaatı qılınclamır.

Hətta ola bilər Femidanı da AYB üzvü qoymuşlar, emblemdə şeir kitabı oxuyur. Təxminən belə: “Ağzınızı...”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

19 Aprel 2025

18 Aprel 2025

17 Aprel 2025

16 Aprel 2025

15 Aprel 2025

13 Aprel 2025

12 Aprel 2025

11 Aprel 2025

10 Aprel 2025

09 Aprel 2025

08 Aprel 2025

06 Aprel 2025

05 Aprel 2025

04 Aprel 2025

03 Aprel 2025

02 Aprel 2025

31 Mart 2025

30 Mart 2025

28 Mart 2025

27 Mart 2025

25 Mart 2025

24 Mart 2025

23 Mart 2025

22 Mart 2025

21 Mart 2025

20 Mart 2025

19 Mart 2025

18 Mart 2025

16 Mart 2025

15 Mart 2025