Onlayn ictimai-siyasi qəzet
Ermənilər cığallıq etmək üçün yeni bir predmet tapıblar. Paşinyan iqtidarının rəsmiləri Azərbaycanı haqsız durumda göstərmək, destruktiv tərəf kimi təqdim etmək üçün Bakının “Qərbi Azərbaycan” konsepsiyası irəli sürdüyünü bəyan edirlər.
Onlar bu barədə hazırlanmış sualı dünən hansısa ermənipərəst jurnalistin dili ilə Rusiya Prezidentinin sözçüsü Dmitri Peskova da veriblər və ondan belə bir cavab alıblar: “Azərbaycanın dövlət səviyyəsində belə bəyanatları ilə tanış deyiləm. Biz Azərbaycan rəhbərliyindən sülh müqaviləsi bağlamağa hazır olmağın zəruriliyindən bəhs edən tamamilə fərqli bəyanatlar eşitmişik”.
Gerçəkdən də, dövlət rəsmilərimiz bu məsələdə çox korrektdirlər, Ermənistanla münasibətlər barədə danışarkən, ərazi iddiasına eyham ola biləcək sözlər işlətmirlər.
Onlar təhkiyələrində “Qərbi Azərbaycan” istilahı işlətsələr də, bunu ümumi coğrafi termin kimi nəzərdə tuturlar. Düzdür, bu ərazilər vaxtilə azərbaycanlı xanların mülkü olub, onun üzərində Azərbaycan türkləri əsrlərlə yaşayıblar, ancaq hazırda İrəvan, Göyçə, Zəngəzur, Vedi kimi tarixi mahallarımız Ermənistan Respublikasının ərazisidir və ölkə BMT-də məhz bu əraziləri ilə tanınıb.
Həmin mahallardan söz düşərkən Azərbaycanın yeganə iddiası vaxtilə orada yaşayan əhalinin geri qayıtması ilə bağlı ola bilər. Fikir verirsinizsə, dövlət rəsmiləri “oranı qaytaracağıq” yox, “oraya qayıdacağıq” deyirlər.
Ancaq 44 günlük müharibənin başa çatmasından sonra Azərbaycan ictimaiyyətinin müxtəlif təbəqələrində “Qərbi Azərbaycan”, “Şərqi Zəngəzur” barədə söhbətlərin artması ermənilərin əlinə gərginlik ocağı yaratmaq üçün bəhanə verib.
Onlar bunu ayrı-ayrı ictimai qrupların müzakirə predmeti kimi yox, Azərbaycan dövlətinin növbəti iddiası kimi qələmə verməyə çalışırlar. Bəzən isə öz mülahizələrindən vahimələnib qüdrətli dövlətlərin siyasi dairələrinə şikayət edirlər. Məsələn, ermənilər bir ay öncə ortada fal və yumurta yoxkən, ABŞ-ın dövləti katibi Entoni Blinkeni necə firitləmişdilərsə, adam ağır başıyla Azərbaycanın Ermənistana qarşı təcavüzü ilə barışmayacaqları barədə bəyanat vermişdi. Sonradan o, dediklərinin absurd olduğunu anladı və sözünü dəyişdi.
Belə bir təəssürat yaranır ki, sanki Ermənistan əslində Azərbaycanın onun ərazisinə iddia etməsini, hətta bir neçə yaşayış məntəqəsini nəzarətə götürməsini istəyir. Bu, rəsmi İrəvana Azərbaycan-Ermənistan münaqişəsini yenidən BMT səviyyəsinə çıxarmağa, ölkəmizin birmənalı olaraq hərbi təcavüzkar kimi tanıdılmasına rəvac verərdi.
Düzdür, Ermənistan sərhəd xətləri boyunca delimitasiya və demarkasiya olunmamış adsız təpəliklər və dərələrlə bağlı belə bir iddiada bulunur ki, guya bu ərazilər Ermənistana məxsus imiş, son illərdə Azərbaycan ordusunun öz postlarını irəli çəkməsiylə nəzarətdən çıxıb, amma fakt budur ki, Azərbaycan sərhədçiləri sovet vaxtından qalan xəritələri əldə rəhbər tutublar.
Əslində iki ölkə arasındakı mübahisəli ərazilərlə bağlı həlledilməz məsələ yoxdur. Bu xüsusda ən mürəkkəb məsələ anklav və eksklavlarla bağlıdır. Sovet sənədləri ilə Azərbaycana məxsus olan bir sıra kəndlər hazırda Ermənistandadır, eyni zamanda 1992-ci ilə qədər Ermənistanın inzibati-ərazi vahidi olan bəzi kəndlər isə bizdədir.
Bu kəndlərin öz sahiblərinə qaytarılması ona görə çətindir ki, sərhəd xətti boyunca çox ciddi xaos yarana bilər. Elə olsa, gərək hər anklavın sərhəd xətti ayrıca tikanlı məftillərlə dövrələnsin, hər kənd üçün sərhəd-keçid məntəqəsi, neytral zona və ya dəhliz yaradılsın. Ermənilər Başkəndə gəlib-getmək üçün 2-3 dəfə sərhəd keçməlidirlər, biz də, məsələn, Bağanıs-Ayrıma gedib-gəlmək üçün eyni şeyi etməliyik.
Burada optimal çıxış yolu həmin kəndləri birdəfəlik başa-baş dəyişmək olar, ancaq bu da dövlətlərarası razılaşmalardan sonra referendum keçirilməsi yoluyla həll edilməlidir. Dövlətin ərazisinin ən kiçik hissəsinin dəyişdirilməsi referendum predmetdir.
Hər necə olsa da, Azərbaycan öz anklavlarını savaş, güc yoluyla özünə qaytarmaq niyyətində deyil. Çünki bu mütləq başqa bir dövlətin ərazisinə hərbi təcavüz demək olacaq və bu halda haqsız duruma düşməyimiz qaçılmazdır.
Təəssüf ki, bəzən bizim ictimai-siyasi fəallar ardıcıl qələbələrin bəxş etdiyi eyforiyaya qapılaraq Zəngəzurdan girir, Ordubaddan çıxır, Naxçıvanla Zəngilanın arasındakı ərazini “götürür”, hətta “bu o qədər də asan iş deyil” deyənləri qınayırlar.
Bu, gerçəkdən də asan iş deyil. Heç kəsin ağlı dünya birliyinin, böyük dövlətlərin 28-30 il boyunca Azərbaycan torpaqlarının Ermənistan ordusunun işğalı altında qalmasına “dözməsi”nə getməsin, bizim bənzər hərəkətimizə 28 gün də dözməzlər. “Tarixi ərazimiz” barədə arqumentlərimiz isə Səddam Hüseynin 1990-cı ildə Küveyti işğal edərkən dediyinə bənzəyər.
Zatən, hələ Ermənistanın bir fermasını tutmamışıq, ABŞ və Fransa kimi dövlətlər, BMT, AB, AŞ və sair beynəlxalq təşkilatlar sağdan-soldan üstümüzə cumurlar.
26 Oktyabr 2025
24 Oktyabr 2025
22 Oktyabr 2025
20 Oktyabr 2025
18 Oktyabr 2025
16 Oktyabr 2025
15 Oktyabr 2025
11:11 Tolstoyu sın(ıx)dıran olay – asiyalı miqrantlara dil testi tələb edirdi, indi öz soydaşları...
13 Oktyabr 2025
10 Oktyabr 2025
08 Oktyabr 2025
06 Oktyabr 2025
04 Oktyabr 2025
01 Oktyabr 2025
29 Sentyabr 2025
26 Sentyabr 2025
24 Sentyabr 2025
22 Sentyabr 2025
21 Sentyabr 2025
19 Sentyabr 2025
18 Sentyabr 2025
16 Sentyabr 2025
14 Sentyabr 2025
12 Sentyabr 2025
11 Sentyabr 2025
09 Sentyabr 2025
07 Sentyabr 2025
06 Sentyabr 2025
04 Sentyabr 2025
02 Sentyabr 2025
31 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ