Onlayn ictimai-siyasi qəzet
Tanıdığım qadın müəllimələrin, demək olar ki, hamısı əsəbidir. Əvvəllər belə deyildilər. Bu, sonradan qazanılmış təmkin çatışmazlığı sindromudur. Onları bu hala tərbiyəsiz, şuluq, hozu, yaramaz şagirdlər salıb.
“Qadın müəllimələr” dedim, yadıma düşdü ki, tanıdığım kişi müəllimlər çox azdır. Daha kişilər dərs demirlər. Əslində bu yaxşıdır. Yoxsa, vallahi, indiki şagirdlərlə işləsələr, əllərindən xəta çıxar, gedib türmədə yatarlar.
İndinin uşaqlarının bir xeylisinin ağlı, davranışı uşaq ağlı, davranışı deyil. Hər məktəb, sanasan, çətin tərbiyə olunan uşaqlar üçün nəzərdə tutulan təlim-tədris müəssisəsidir.
Durum yazım ki, biz o yaşda olanda nadinc olmamışıq, şuluqluq etməmişik, yalan olar. Biz də farağat qırışmal olmamışıq. Amma o vaxtlar bizim həddimiz vardı. Müəllimlərimizin çoxunun dərsində lal-dinməz oturardıq. O deyirlər e, “milçək uçanda vızıltısı...”. Ondan da betər idi. Elə müəllimlərimiz vardı ki, onun dərsində ömründə kitab arası açmayan, “2”-dən başqa qiymət almayan uşaqlar da başlarını aşağı salıb kitaba baxardılar, guya ki, oxuduqlarını təkrar edirlər. Elə müəllimlərdən çox qorxurduq, həm sinifdə danlaya, döyə bilərdilər, həm də bir kəlmələri ilə axşam bizi evdə də döydürərdilər.
O vaxtlar valideynlərin 99,9 faizi müəllimlərin tərəfində olurdu. Müəllim nə deyirdi, o idi. Tutaq ki, məktəbdən evə şikayət gəlirdi: “Oğlun şuluqluq edir”, şiluq şagird danlanırdı, “oğlun dərsə hazırlaşmır”, tənbəl şagird evdə hədələnirdi, “oğlun müəllimlərə cavab qaytarır”, dikbaş oğul evdə ən azı bir şillə yeyirdi.
Amma başqa qəsəbədən, kənddən gələn bəzi müəllimlərə münasibət fərqli ola bilirdi. Necə deyərlər, müəllim gəlmə və bir az mülayim adam oldusa, şuluq şagirdlər onu gözlərinə kəsdirirdilər və hazırda orta məktəblərdə dəb olan, videoya çəkilən situasiyalar yaranırdı.
Elə bir müəllimimiz vardı, bizə rus dili dərsi deyirdi, yaxşı, sakit adam idi, amma biz onun zəif damarını tapmışdıq, özündən çıxara, təxribata çəkə bilirdik. 10-cu sinifdə oxuyanda bir dəfə əmoğlu ilə birlikdə sinif yoldaşımız, məhlə uşağı Poladı öyrətdik ki, dur, müəllimdən soruş, görək, “jopa” nə deməkdir. (O vaxt bu, biədəb söz sayılırdı və qəzet-kitabda, televiziyada işlədilmirdi, indi, maşallah, rus telekanallarında və qəzet jurnallarında sərbəstcə işlədilir və biədəb söz sayılmır). Polad durdu, soruşdu.
M. müəllim təmkinini pozmadı, dedi, dərsdən sonra deyərəm. Zəng bayıra vurulanda, müəllim sinifdən çıxmaq istəyəndə Polad dübarə soruşdu: “Müəllim, “jopa”nın nə olduğunu demədin axı”.
M. müəllim ayağını saxladı, gözlədi, qızlar sinifdən çıxandan sonra qapını bağladı və əlini yanına şappıldadaraq var gücü ilə bağırdı: “Polad, jopa filan şeydir, filan şeydir”.
Biz uğunub getdik, təxminən bir ay bu hadisəni danışdıq, güldük, hərdən məktəb yoldaşlarıyla rastlaşanda yenə danışıb-gülürük. Amma məzun olduğumuzdan 20 il sonra “Sahil” metrostansiyasında M. müəllimlə rastlaşdıq. Yaxınlaşdım, salamlaşdıq, xoş-beşdən sonra ötən günləri nostalji ilə xatırladıq. Düzü, xəcalət çəkə-çəkə gözlədim ki, indi müəllim Poladın pikant sualı ilə bağlı olan hadisəni də xatırlayacaq, amma nə o, yada saldı, nə də mən. Yadına düşsə, üzr istəyəcəkdim, amma yəqin ki, o, sualı Poladın özünün verdiyini düşünürdü.
Dediyim odur ki, bir vaxtlar adama məzəli görünən şuluqluqlar, vaxt gəlir, adama xəcalət çəkdirir.
İndiki uşaqların bir xeylisi isə xəcalət-filan çəkənə oxşamır, bir hissəsi indi siqaret çəkir, bir azdan nəşə də çəkəcəklər və köhnə müəllimləri ilə rastlaşanda, bəlkə də üstlərinə bıçaq çəkəcəklər.
Bəli, hazırda məktəblərdə yaranmış xoşagəlməz situasiya hamını narahat edir. Çünki bu, artıq nəzarətdən çıxmış kriminogen duruma oxşayır və günahın 99 faizi valideynlərdədir. Valideynlər öz övladlarında qəbahət görmür, hər vəchlə onları müdafiə edirlər. Onlar da müəllimlərin üstünə ayaq alırlar. Valideyn hesab edir ki, şagirdlərə tərbiyəni müəllim verməlidir. Amma onlar müəllimə cəzalandırma hüququ tanımırlar, yüngülvari bir danlanmağa, qulaqburmasına görə şikayətçi olur, adamın çörəyi ilə oynayırlar.
İndiki şagirdlərin məktəbə telefon aparması isə başqa dərddir. Bu, 20-30 il öncənin standartları ilə götürsək, qızların məktəbə kukla, qab-qacaq, hörgü ləvazimatı, oğlanların maqnitofon, cığ-cığ, fotoaparat, “samokat” gətirib baş qatması kimi bir şeydir. Telefonla oynayan uşaq dərsə diqqət cəmləyə bilməz – bu, birmənalıdır.
Bəs nə etmək lazımdır? Heç nə. Hesab etmək lazımdır ki, hər bir məktəb çətin tərbiyə olunan yeniyetmələr üçün nəzərdə tutulan tədris müəssisəsidir və onun tələblərinə uyğun davranmaq lazımdır.
19 Sentyabr 2024
17 Sentyabr 2024
15 Sentyabr 2024
14 Sentyabr 2024
12 Sentyabr 2024
10 Sentyabr 2024
08 Sentyabr 2024
06 Sentyabr 2024
04 Sentyabr 2024
02 Sentyabr 2024
01 Sentyabr 2024
30 Avqust 2024
28 Avqust 2024
22 Avqust 2024
20 Avqust 2024
18 Avqust 2024
16 Avqust 2024
14 Avqust 2024
12 Avqust 2024
11 Avqust 2024
09 Avqust 2024
07 Avqust 2024
05 Avqust 2024
03 Avqust 2024
01 Avqust 2024
31 Iyul 2024
30 Iyul 2024
28 Iyul 2024
26 Iyul 2024
24 Iyul 2024
ŞƏRHLƏRŞƏRH YAZ