İnsanlara hürriyət, millətlərə istiqlal!

Cənnətin qapısında

Azərbaycan Elm Fondu adında gülməli bir idarə var, onun hətta saytını açıblar. Biz bu saytın varlığından təzəlikcə təxribatçı hərəkətinə görə xəbər tutduq, yoxsa nəyimizə lazım idi? Hansısa lotu dinc durmayıb saytı tıklamışdı və qəribə mənzərənin üstünü açmışdı. Sən demə AEF-in həmin saytında Azərbaycanın dahi alimləri" adlı siyahı düzəldilib, hərəsi haqda qısa bilgi verilib və orada Lütvi Zadə ilə Yusif Məmmədəliyev arasında kimin adı yazılsa yaxşıdır? Ramiz Mehdiyevin. Ramiz müəllimin elmdə nəyi kəşf elədiyi heç kəsə məlum olmasa da. İntriqa elmləri namizədi idi.

Bundan sonra təbii ki, Mehdiyevin adını ordan sildilər. Dərhal. İzi-tozu da qalmadı. Ümumiyyətlə, Ramiz müəllim ölkəmizə elə metastaz vermişdir ki, yüz il sil, qurtarmır. Hökumət bir tərəfdən, xalq bir yandan, internet lotuları, tik-tokçular, yutuberlər... Hamı çalışır öz sahəsində nəyisə silsin. Hacıbala müəllim demişkən, silə-silə gedirik. Lakin bitmir. Tükənmir. Əgər Ramiz müəllimin adı batareyka olsaydı, bununla əbədi mühərrik işlətmək olardı. Ən azı “Tesla”ya taxıb Bakıdan Ağstafanın Poylu kəndinəcən maşın sürərdik, yenə bitməzdi.

Elə dünən dövlət başçısı sərəncam verib, Ramiz Mehdiyevi “Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının tərkibindən”  çıxarmışdır.

Dəhşətdir. Gör neçə ildir biz bunu başımızdan eləmişik, lakin komissiyada gizlicə fəaliyyətini davam etdiribdir. Allah bilir ötən müddətdə Ramiz müəllim neçə nəfərə qanunsuz xalq artisti, əməkdar texnik, xalq yazıçısı, alimi-dana adı vermişdir. (Axırıncını pis başa düşməyin, “dana” farsca elə alim, bilici deməkdir. Bu mövzuda şair gör nə yazmışdır: “Füzuli, cami-mey tərkin qılıb zöhd ilə təqvadən, Qamu danayə rövşəndir bu kim, nadanlığın vardır” İzah eləməyə yerimiz azdır, üzrlü sayın). Dövlət mükafatlarını əkişdirib bəlkə öz qahımlarına verirmiş.

Sevindirici haldır ki, Ramiz müəllimin adını Akademiyanın saytından pozmuşlar. Orda bir bölüm var, indiyəcən AMEA sədri, prezidenti olmuş yoldaşların adı dollar rəngiylə həkk edilib, həmin hissədə Ramiz müəllimi siliblər. Sanki heç Akademiyanın belə müdiri olmayıbdır. Yenə şairin misrasıyla yazsaq: “Yerəmi batdı oğlum, göyəmi çıxdı oğlum, Bəlkə mən yanılmışam, əzəldən yoxdu oğlum?!”

Qayıdaq Elm Fondumuzun həmin ünlü saytına, çünki orada xalq üçün, cəmiyyətə fayda verəcək hədislər, rəvayətlər çoxdur. Məsələn, “Hikmətli sözlər” adlı bölmədə “Ən böyük günah cahil olmaqdır” (Naməlum), “Elm həqiqətin təzahürüdür” (Vudford), “Elm əqidəli olmaq üçündür, dünya malı yığmaq üçün yox” (Sədi) kimi afyorizmlər yazılıb. Bunları oxuyanların hamısı alim olur. Bəziləri də insan. Çünki müdriklərdən kimsə deyibdir, alim olmaq asandır, insan olmaq çətindir.

Ancaq AEF-in saytındakı bu müdrik fikir daha çox xoşuma gəldi: “Çox yemək düşünməyə mane olur” (U.Porter). Porter kimdir, bilmədim, yəqin ağır seyidlərdən biridir. 

Təbii. Xalqı ac qalmağa öyrəşdirmək lazımdır. Ac qaldıqca düşüncəli olacaqlar. Xüsusilə alimlərimiz dilənçi vəziyyətinə düşsələr çoxlu kəşflər edərlər. Yoxsa indi antrikot yeyib, ayran içib, qaya kölgəsində yatırlar, kəşf səviyyəsi olduqca aşağıdır. Bu yaxında AMEA prezidenti İsa Həbibbəyli Nobelə namizədlərimizin siyahısını açıqlamışdı, orda Elza Seyidcahan və Anardan başqasına rast gəlmədik. Bəs alimlərimiz? Korona peyvəndinin qabını kəşf edən həkimimiz? Mələyin uçma sürətini tapan fizikimiz? Yəqin yaddan çıxıblar.

Elə yazını da Buxaridən səhih hədislə bitirirəm: “Cənnətin qapısında durub baxdım. Bir də gördüm içəri girənlərin çoxu yoxsullardır”.

Sonra abırsız-abırsız uşaq pulu istəyirlər. Hökumət bizim cənnətə düşməyimizi planlaşdırır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

23 Noyabr 2024

22 Noyabr 2024

21 Noyabr 2024

20 Noyabr 2024

19 Noyabr 2024

17 Noyabr 2024

16 Noyabr 2024

15 Noyabr 2024

13 Noyabr 2024

12 Noyabr 2024

10 Noyabr 2024

09 Noyabr 2024

08 Noyabr 2024

07 Noyabr 2024

06 Noyabr 2024

05 Noyabr 2024

03 Noyabr 2024

02 Noyabr 2024

01 Noyabr 2024

31 Oktyabr 2024

30 Oktyabr 2024

29 Oktyabr 2024

27 Oktyabr 2024

26 Oktyabr 2024

25 Oktyabr 2024

24 Oktyabr 2024

23 Oktyabr 2024

20 Oktyabr 2024

19 Oktyabr 2024

18 Oktyabr 2024