Onlayn ictimai-siyasi qəzet
Bizim minusumuz odur ki, cadu-piti, qara magiya, ağız, bəxt bağlamaq, qismət açmaq, fal pozmaq, tüpürcəklə müalicə kimi şeylərə çox inanmırıq, kafir şeylərik.
Yox, inananlar da çoxdur, elə olmasaydı, şəhərdəki falçıların qəbul otağı (“priyomnu” daha yaxşı səslənir) parlamentin gözləmə zalından daha qələbəlik olmazdı. Millətin bir yarısı öz problemlərinin həllini oralarda axtarır və düz edirlər.
Əgər Bakı Slavyan Universitetinin sabiq rektoru Nurlana Əliyeva da vaxtında caduya inansaydı və oxumuş adamlar demişkən, preventiv tədbirlər görsəydi, nə cadunun təsirindən xəstələnməzdi, nə də sonradan barəsində məhkəməyə zorla gətirilmək qətimkan tədbiri seçilməzdi.
Cadu təxminən “İsgəndər” raketi kimi bir şeydir, onu sənə tuşladılarsa, ya “MM 104-Petriot” raket-zenit kompleksin olmalıdır, ya da “Dəmir gümbəz”dən istifadə etməlisən, yoxsa o, düşdüyü yeri kor qoyacaq. “Harop” kimi vuran cadular da var, qabağında durmaq olmur.
Nurlana xanım onu yönələn cadu-raket kompleksinin hansı ünvandan buraxıldığını bilir, ad (Dürdanə) da çəkib, ancaq təəssüf ki, vaxtında tədbir görməyib. Əslində isə informasiyalı qaynaqlar deyir, söhbət heç də cadudan-madudan getmir, ikinci xanım birincini cinayətdə suşlayıb, məhkəməyə ərizə ilə müraciət edib. (Ona qalsa, “cinayət” sözünün kökü də cindən gəlir, hara çəksən də, söhbətə cin-şeytan qarışmış olur).
Xüləs, bu məsələnin hüquqi tərəflərini məhkəmə araşdıracaq, biz söhbətin mistik tərəflərini izah edək.
Çox adam hələ də elə bilir ki, 1848-ci ildə Fransada kral Lui Filippin taxt-tacı qoyub aradan çıxması və müsyo Jordanın Qarabağdakı işini yarımşıq saxlayıb, Arazın o tayına keçərək Parisə qayıtması növbəti Fransa inqilabının sayəsində baş verib. Elə deyil. Bunu iranlı dərviş Məstəli şah bizim Şəhrəbanu və Şərəfnisə xanımların sifarişi ilə edib – cadu-piti yoluyla. Kinosu da var, inanmırsınız, link atım, oturun, baxın.
Əsl ziyalı odur ki, belə şeylərə şəkk eləməsin. Bax, sosial şəbəkələrdə tez-tez tirajlanan bir fikir var, deyirlər, elmsiz din, dinsiz elm ola bilməz. Belə də deyirlər: “Ola bilməz!” Biz də gərək şəkk etməyək. O boyda professordan, sabiq rektordan çox bilirik?
Maşallah, yuxarıda dediyim kimi, xalqımızın mühüm bir hissəsi nəyə şübhə eləsə də, cadu-piti məsələsinə heç bir quşqusu yoxdur.
Bizim Umud adlı bir oxumuş kəndçimiz vardı, rəhmətlik elektromexanikanı yaxşı bilirdi, bir dəfə mənə belə bir hadisə danışdı. 2000-ci illərdə o, dəniz limanında işləyirmiş, bir də görüb ki, 10-15 metr o tərəfində iki qız sahilə yaxınlaşdı, biri çantasından qəzetə bükülü nəsə çıxardı və şappıltı ilə dənizə atdı. Qızlar aralanandan sonra Umud o həndəvərdə olan və suyun altında güclü elektromaqnit sahəsi yarada bilən qurğunun operatorundan xahiş edib ki, aparatı qızların dənizə nəsə atdığı yerə salsın. Operator onun xahişini yerinə yetirib.
Mərhum kəndçimiz gülə-gülə danışırdı ki, aparat sudan çıxanda görüb ki, onun dəmir gövdəsinə 40-50 dənə qıfıl-kilid yapışıb: “Bəziləri çox köhnəydi, tamam paslanmışdı, bəziləri yeniydi. Qızların yenicə atdığı qıfıl da oradaydı, açarı da üstündəydi, açıb, atdım, bir oğlanın həyatını xilas etdim”.
Heç demə, sahilə yaxınlaşan iki qızdan biri nakam sevginin qisasını qıfıl-kilid cadusu vasitəsilə almaq niyyətində imiş. Nə bilsinlər, Umud işi pozacaq.
Amma 2-3 metrlik radiusda suyun altından 40-50 qıfılın çıxması bəzi mətləblərdən xəbər verir: Birincisi, demək, dənizin dibi sahil boyunca o cür məişət inventarı ilə doludur. İkincisi bu, insanlarımızın nakam sevgi (alıb-aldatma) kimi problemləri balta-bıçaqla yox, daha sivil metodlarla həll etməyə üstünlük verdiyini göstərir. Üçüncüsü, demək, camaatımız belə şeylərə böyük inam bəsləyir.
Belə fikir də var ki, caduya daha çox qadınlar inanır. Dəqiq deyə bilmərəm. Bunu falçıların qəbulunda olanlar daha yaxşı bilərlər. Amma fakt odur ki, belə şeylərə dünyanın, demək olar ki, bütün ölkələrində inanırlar. Bəlkə Norveç, İsveç kimi kafir ölkələr istisna təşkil edələr, o da qismən. Əl-əlbət, bu kimi işlər bir gün oralarda da vüsət alacaq.
Bəşəriyyətin gələcəyi bundan asılıdır. Bax, keçən il bu vaxt Ukraynada babat bir cadu ustası, maq olsaydı, Putinin dilini-ağzını bağlayardı, müharibə olmazdı.
Dediyim odur ki, biz bu sahəyə ciddi önəm verməliyik. Cüdo Federasiyası-filan boş şeydir, Cadu Federasiyası yaratmalıyıq və beynəlxalq ustalar yetişdirməliyik. Çoxdüşmənli ölkəyik. Sabah dərviş Məstəli şahın nəticəsi Ocaqməcid bu taya yeni təxribata gəlsə, onun cavabını verməyə caduistimiz olmasınmı?
19 Sentyabr 2024
17 Sentyabr 2024
15 Sentyabr 2024
14 Sentyabr 2024
12 Sentyabr 2024
10 Sentyabr 2024
08 Sentyabr 2024
06 Sentyabr 2024
04 Sentyabr 2024
02 Sentyabr 2024
01 Sentyabr 2024
30 Avqust 2024
28 Avqust 2024
22 Avqust 2024
20 Avqust 2024
18 Avqust 2024
16 Avqust 2024
14 Avqust 2024
12 Avqust 2024
11 Avqust 2024
09 Avqust 2024
07 Avqust 2024
05 Avqust 2024
03 Avqust 2024
01 Avqust 2024
31 Iyul 2024
30 Iyul 2024
28 Iyul 2024
26 Iyul 2024
24 Iyul 2024
ŞƏRHLƏRŞƏRH YAZ