İnsanlara hürriyət, millətlərə istiqlal!

Beyləqan işi

“Əkil, Bəkil quş idi, 

Ağaca qonmuş idi.

Getdim onu tutmağa,

O məni tutmuş idi"

(qətnamədən) 

“Tərtər işi” üzrə növbəti məhkəmə bitib, general Bəkir müəllimə 9 il 6 ay həbs cəzası kəsilib. Qalan 3 zabit də təxminən o qədər cəza alıb. Lakin maraqlıdır ki, Bəkir müəllim Tərtər işgəncələrinə görə deyil, Beyləqan işgəncəsinə görə (detalları uzundur, kim istəsə özü axtarsın) tutulubdur. Bəs belə olan halda - başqa rayonun işi üzrə tutulub filan rayonun adıyla hallanmaq filoloji-geopilitika baxımından nə qədər doğrudur? Əsas məsələ budur, insan haqları sonrakı, ən axırıncı işlərdir. Bəzən görürsən adamı “Opel”lə vurublar, xəbərçilər qəsdən “Prius”u hallandırır. Atalar demiş, adın çıxınca, canın çıxsın. Belə olmaz.  

O cümlədən məhkəmə dövründə zabitlər dəfələrlə keçmiş baş qərargah rəisi Nəcməddin müəllimin əleyhinə ifadə versələr, onun göstərişlərini, əmrlərini yerinə yetirdiklərini söyləsələr də, hakim və prokuror onu çağırıb dindirməyə ehtiyac görmədi. Yəqin bizim məhkəmənin əli Dubay çimərliklərinə çatmır. Mən özüm hərdən Avstraliyadan, Zelandiyadan-zaddan yazıram, lakin oxucuların xəbəri olmur ki, buna görə gizli xəcalət çəkirəm. Adam gərək olmadığı yerdən yazmasın. 

Eyni zamanda respublikamızda vəkillərin peşə bayramı təntənəli şəkildə qeyd olunmuşdur, onlara çoxlu mükafatlar verilmişdir. Bu işin prestiji son dövrlər yüksək sürətlə artır. Artıq çox vaxt müttəhimi vəkiliylə birgə tuturlar ki, içəridə yaxşı müzakirə aparsınlar. Biz belə şeyləri Hollivud kinolarında görmüşük: adətən polis, FTX, nə bilim, MKİ kimisə tutanda ona elan edirlər ki, vəkil çağırmaq ixtiyarınız var. Hazırda kimisə tutanda könül rahatlığıyla deyə bilirik: vəkil səninlə eyni kamerada olacaq, nə qədər istəsəniz gap eləyin. 

Yaradılmış şəraitə görə dərin minnətdarlığımızı çatdırıram. O qədər yaxşı iş var, o qədər müsbət irəliləyiş gedir, minnətdarlıq eləməyi çatdırmaq olmur. Çətindir. Təklif edirəm gələn il hökumət fəaliyyət və minnətdarlıq münasibətlərini tənzimləmək haqda yeni qanun qəbul etsin. Köhnə qanun zamanın tələblərinə cavab vermir. 

Amerikaya oxşayan daha bir detal Şəki tərəfdə yaşanmışdır (bu minvalla biz Amerikaya çatıb, onu ötəcəyik - sovet vətəndaşları mövzunu başa düşərdilər, gənc nəsilə izah etməyə həvəs yoxdur). Orada yerli ağır cinayət məhkəməsi - bunun özü də növbəti inkişafın təzahürüdür, çünki keçmişdə bizdə ağır cinayət məhkəməsi yalnız Bakıda vardı - Zaqatala rayon sakininə adam öldürmək ittihamıyla 10 ilə yaxın cəza kəsibmiş. Binəvanın günahı yalnız ondan ibarət olmuşdur ki, mərhumun evində kirayədə qalmışdır. 3 il yarım türmədə qalandan sonra apelyasiya məhkəməsi ona bəraət verib. Çünki hadisə yerində qalan, şübhəliyə aid qanın qrupu 3-cü olsa da, bu yazığın qan qrupu 1-ci imiş. 

Bəs 3 il qabaq ona cəza kəsən hakim bu qan qrupu fərqlərini görməmişdimi? Görmüşdü. Sadəcə, istəmişdi vətənimiz Amerikaya oxşasın, Zaqatala və Şəki sakinləri də özlərini Kaliforniya və Nyu Cersi zəhmətkeşləri kimi hiss eləsinlər. İndi bu səhvə görə o vaxtkı hakimə də dərin minnətdarlıq edirik. Xeyirxah məqsədlə yaşamışdır. 

Yazını da bu yerdə qəfil bitirməyə məcburam, bəlkə dəvə alıb oxuculara bir-bir payladım, çünki Bakıda və Abşeron yarımadasında külək əsəndə həmişəki hal yaşanır: hörmətli Bakinternetimiz itir. 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

19 Aprel 2025

18 Aprel 2025

17 Aprel 2025

16 Aprel 2025

15 Aprel 2025

13 Aprel 2025

12 Aprel 2025

11 Aprel 2025

10 Aprel 2025

09 Aprel 2025

08 Aprel 2025

06 Aprel 2025

05 Aprel 2025

04 Aprel 2025

03 Aprel 2025

02 Aprel 2025

31 Mart 2025

30 Mart 2025

28 Mart 2025

27 Mart 2025

25 Mart 2025

24 Mart 2025

23 Mart 2025

22 Mart 2025

21 Mart 2025

20 Mart 2025

19 Mart 2025

18 Mart 2025

16 Mart 2025

15 Mart 2025