İnsanlara hürriyət, millətlərə istiqlal!

Bəxtiyar Hacıyev və maddələrin dövranı


“Özündən alışan, özündən yanan,
Hər sabah hamıdan erkən oyanan,
İş başına qoşan nə bəxtiyardır!”

(Mikayıl Müşfiq)

Azərbaycan cinayət məcəlləsində neçə maddə var? Heç vaxt bu haqda düşünməmişdim, dünən ağlıma gəldi və tapıb baxdım: 353 maddə imiş. Açığı, ölkəmizdə bu qədər az cinayət növlərinin olmasını zənn etməzdim.

Məncə orda daha çox maddə olmalıydı. Yenə hüquqşünaslarımız, vəkillər, prokurorlar, deputatlar bu məsələ üzərində düşünsünlər. Bəlkə nəsə yaddan çıxıb qalıbdır? Belə şeylər həyatda çox olur. Mən uşaq olanda kənddə palatka toyunda müğənni Təşkilat müəllim şaqraq səslə oxuyardı: “Göydə bir ulduz var adı Talıbdır, Bəyin dayısı yaddan çıxıb qalıbdır. Dəryada üzür Nuhun gəmisi, Gəlsin xələt versin bəyin əmisi”. O vaxt toylar çox maraqlı keçirdi. Ortada əlində çubuqla toybaşı dolaşardı, hərdən biz balacaları şappıldadardı. Gəlin maşınının qabağını məftillə kəsib nəmər almaq, sağdış-soldış, yengə, gecə yarısı güllə atmaq kimi adətlər də yavaş-yavaş unudulur. Süni intellekt əsrində insanlarımızı süniləşir. Hara gedir bu dünya?

Dərdimiz genişdir, qayıdaq mövzuya. Cinayət məcəlləsində maddələrin azlığı niyə məni narahat edir? İki-üç gün qabaq dustaqxanadakı ictimai fəal Bəxtiyar Hacıyevə təzə ittiham irəli sürülübdür: vergidən yayınma. CM-in 213-cü maddəsi. Bəxtiyar müəllimin ittiham buketi, maddə çələngi isə onsuz da zəngin idi və uca xalqımız üçün yeni “Lotu Bəxtiyar”ın yetişməsi ehtimalı vardır. Müqəddəs yer gərək boş qalmasın.

Gəlin Bəxtiyar Hacıyevin öncəki ittiham maddələrini sayaq: 221 (xuliqanlıq), 289 (məhkəməyə hörmətsizlik), 192 (qanunsuz sahibkarlıq), 193 (cinayət yoluyla əldə edilən əmlakı leqallaşdırma – qəşəng və ekzotik maddədir, bizdə beləsi də olduğunu bilmirdim – Z.H.), 206 (qaçaqmalçılıq), 320 (saxta sənədlərdən istifadə).

Gördüyümüz kimi, Bəxtiyar müəllim hələlik CM-in 7 maddəsiylə suçlanır. Onu keçən il dekabrda tutanda maddələr cəmi 2 dənə idi. İyunda dördü də gəldi. Bu ay 1-i. CM-in qalan bütün maddələrini Bəxtiyar Hacıyevə tətbiq etmək üçün bizə neçə ay lazımdır? Təklif edirəm riyaziyyatdan hazırlıq testlərinə bu sual qoyulsun.

Əlbəttə, zaman gözləmir, xırdaçılıq lazım deyil, yaxşı olar Bəxtiyar müəllimə maddələr paket üsuluyla, azı on-on tətbiq edilsin.

Amma bütün hallarda 353 maddə azdır. Haçansa bunlar qurtaracaqdır. O zaman biz Bəxtiyar Hacıyevə nəyi tətbiq etməliyik? Əsas hüquqi suallardan biri budur.

Sonda qazi dostumuz, həmkarımız Məğrub Bədəlsoy-un ana dili mövzusunda yazı ilə (“Dili təmizləmə zavodu”) bağlı məktubu: “Mənə elə gəlir bu eybəcər terminologiya, ifadələr ruscadan hərfi çevirmə sonucunda yaranır. Rusca “pri” sözünü “yanında” edirlər. Məsələn, “Pri prezidenta” olur “Prezident yanında”. Rusca “ot”u “tərəfindən” ediblər. Məsələn, “filan nazirə filankəsdən ərizə-diləkcə” yazmaq yerinə, “filankəs tərəfindən” yazdırırlar. Mən dövlət orqanlarına, məhkəməyə də “ərizə” yerinə “diləkçə” yazırdım, hakim mənə irad tutdu ki, bu hüquq, qanun dilində qəbul olunmayıb. Bir eybəcər adı da mən vurğulayım: Bakı şəhəri üzrə Təhsil İdarəsi. (Məktubdan sonra idarənin internet səhifəsinə baxdım, çünki inanmağım gəlməmişdi. Doğrudan da belə yazıblar. Təhsilə baxan idarənin öz adına belə dəxilsiz “üzrə” sözü salmasına nə ad verəsən? – Z.H.) Eyni “məntiqlə” bütün idarələrin adında “üzrə” olmalıdır. Bakı şəhəri üzrə icra hakimiyyəti – misal üçün. AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun 3-5 manata “qıf” sözünü “zəbrə” etməsindən şikayətimə bu “dil institutu”ndan aldığım məktubun təkcə zərfində 6 orfoqrafik səhv var idi”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

19 Aprel 2025

18 Aprel 2025

17 Aprel 2025

16 Aprel 2025

15 Aprel 2025

13 Aprel 2025

12 Aprel 2025

11 Aprel 2025

10 Aprel 2025

09 Aprel 2025

08 Aprel 2025

06 Aprel 2025

05 Aprel 2025

04 Aprel 2025

03 Aprel 2025

02 Aprel 2025

31 Mart 2025

30 Mart 2025

28 Mart 2025

27 Mart 2025

25 Mart 2025

24 Mart 2025

23 Mart 2025

22 Mart 2025

21 Mart 2025

20 Mart 2025

19 Mart 2025

18 Mart 2025

16 Mart 2025

15 Mart 2025