Onlayn ictimai-siyasi qəzet
“Yaxşı çoban qoyunu qırxanda, onun dərisini soymur”
(Roma imperatoru Tiberi)
90-cı illərdə çəkilmiş Amerika komediya filmi var, orijinal adı “The Stupids”, bizim dilə çevirəndə “Axmaqlar ailəsi”dir, orada filmin qəhrəmanı efirə çıxır, deyir ki, mən özüm-özümə babayam. Hamı təəccüblənəndə yoldaş izah edir: “Mən dul qadınla evlənmişəm, atam da həmin qadının qızı ilə. Atamın həmin qızdan uşağı oldu, beləcə mənim nəvəm yarandı. Mən atamın oğlu, onun oğlu da mənim qardaşım, atamın arvadı isə mənim ögey anam oldu. Beləcə, ögey anamın anası mənim nənəmdir. Əgər mənim arvadım mənim həm də nənəm olursa, demək mən özüm özümün babasıyam”.
O qəmli əhvalat niyə yadıma düşdü, indi onu hörmətli oxucularımıza izah edim. Oxucularım mənim başımın tacı, gözümün işığıdır. Onlara heç zaman saxta, uydurma əhvalatlar, xəbərlər çatdırmaram. Aramızda əsrlərin sınağından çıxan qarşılıqlı etimad vardır. (Burada da qətiyyən gop etmirəm, çünki jurnalistika fəaliyyətimə 20-ci əsrdə başlamışam, indi də 21-ci əsrdir. Yüz illərdir biz bir yerdəyik). Ancaq bəzən olur, hörmətli, sayın oxucularımız mənim yalan-palan yazdığımı güman edirlər, bu isə qəlbimi ağrıdır, könlümü incidir, ürəyimi yaralayır. Ötən günlərdə zəlzələ zamanı oxunması vacib olan duanı köşəmdə vermişdim, xeyli zənglər aldım, məktublar gəldi, teleqram vuran da var idi. İnanmırdılar ki, belə dua həqiqətən vardır. Neçəsinə and içməyə məcbur oldum. Əziz dostlar, belə etməyin, bizdə yalan olmur.
Əlqərəz, kino epizodu niyə yadıma düşüb, yazım. “Xural TV” yutub kanalının qurucusu, jurnalist Əvəz Zeynallının məhkəməsi gedir. Keçən həftə orda ifadə verməyə vəkil Elçin Sadıqovu çağırmışdılar. İşin tragikomik cəhəti isə odur ki, hörmətli Elçin müəllim vaxtilə Əvəz müəllimin vəkili işləməklə yanaşı, həmin cinayət işində həm də şahiddir. Üstəlik, həmin cinayət işinin ayrı bir qolu üzrə Elçin müəllim hətta təqsirləndirilən şəxsdir!
Adam eyni cinayət işi üzrə həm vəkil, həm şahid, həm müqəssir ola bilərmi? Hüquq elmi üzrə dəftər-kitab qayıranlardan soruşsan, deyərlər olmaz. Axı olur! Güclü ölkədə hər şey mümkündür. Üstəlik, bayaqkı filmdən epizodu xatırlayaq. Adam özü özünə baba çıxa bilirsə, niyə özünə şahid durub özünü müdafiə edə bilməsin?
Məncə biz prosesi təkmilləşdirsək Elçin müəllim o cinayət işində hakim və prokuror qismində də iştirakçı olmaq hüququ əldə etməlidir. Hüquqi dövlətdə yaşayırıqsa, məqsədimiz ülvidirsə, insanlar özlərini ittiham, özlərinə hökm kəsmək haqqına da malik olmalıdır. Atalarımız demişkən: “Özüm-özümə elədim, Külü gözümə elədim”. Meşəyə balta gəlibmiş, ağaclardan biri yarpağını dişləyir, deyir, ay camaat, bunun sapı bizdəndir, yoxsa bizi qırıb-çata bilməzdi. Bəlkə axırıncı pritçanın heç yeri yox idi, ancaq ta yazmışam, nə edək? Yazıya pozu yoxdur. Əlyazmalar yanmır.
Bir adamın özü-özünə vəkil, şahid, müqəssir, hakim, prokuror olacağı prosesə nə ad verməliyik? Ay sağ olasan: hüquqi “bir pəncərə” sistemi. Cinayətkarlıqla mübarizədə Asan-xidmət.
İndi gözləyək, görək Elçin müəllim özünün haqqında hansı qərarı çıxaracaqdır, bu qərardan apelyasiya şikayəti verəcəkmi, nəhayət özünü hansı türməyə salacaqdır. Bəraət də ala bilər, təbii. İnşallah, belə də olsun, Elçin müəllim dəyərli insandır.
Qaldı Əvəz müəllim, onun da qapısını Allah açsın. Zəlzələdən də açıla bilər, çünki zəlzələdən sonra çoxlu şeylər üzə çıxdı, açıldı.
Hərçənd, Əvəz müəllim özü də öz qapısını aça bilər. Qapı olmaz, pəncərə açar. (bax: yuxarıda yazdığım “bir pəncərə” sistemi).
P.S. Bu yazı 10 dekabr insan hüquqları gününə həsr edilir. Ancaq eyni zamanda Şaxta Babaya da həsr edilər bilər. Həmçinin Novruz bayramına.
22 Noyabr 2024
21 Noyabr 2024
20 Noyabr 2024
19 Noyabr 2024
17 Noyabr 2024
16 Noyabr 2024
15 Noyabr 2024
13 Noyabr 2024
12 Noyabr 2024
10 Noyabr 2024
09 Noyabr 2024
08 Noyabr 2024
07 Noyabr 2024
06 Noyabr 2024
05 Noyabr 2024
03 Noyabr 2024
02 Noyabr 2024
01 Noyabr 2024
31 Oktyabr 2024
30 Oktyabr 2024
29 Oktyabr 2024
27 Oktyabr 2024
26 Oktyabr 2024
25 Oktyabr 2024
24 Oktyabr 2024
23 Oktyabr 2024
20 Oktyabr 2024
19 Oktyabr 2024
18 Oktyabr 2024
17 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ