İnsanlara hürriyət, millətlərə istiqlal!

Baləlinin mühafizə xidməti – gücləndirilmiş qoruma

Bayaq internet resurslarda bir video gördüm, çox xoşuma gəldi. İbrətamiz videodur, müasir dövrün gerçəkliklərini göstərir.

Deməli, nəsə bir tədbirdir, açılışıdır, prezentasiyadır, nədirsə, ondandır, millət yığışıb, iynə atsan, yerə düşməz. Bizdə qaydadır ki, nəsə bir yer açılanda ilk gün ora mütləq basqın olur. Adamlara elə gəlir ki, açılış günüdürsə, orda mütləq müftə nəsə paylayacaqlar (bəzən olur, adamlara xırda-mırda şeylər ikram edirlər, türkün sözü). Amma sonrakı günlər həmin məkana girib-çıxan olmur, ya da çox az olur. Məsələn, vaxtilə batmış “Titanik”in hələ batmamış vaxtına oxşayan Bakı avtovağzalının açılışına minlərlə adam toplaşmışdı – “Motodrom” mitinqlərinin iştirakçıları qədər. Beş-altı aydan sonra o vağzaldakı yarmarkaya bir kəs üzükmürdü, “qu” desən qulaq tutulurdu. 

Xüləs, söhbət ondan gedir ki, nəsə bir alış-veriş məkanının açılışıdır, millət toplaşıb, sıxlıqdır... Hələ bunu qoyum, ona keçim ki, bizdə adətən yalnız alış-veriş məkanları və şadıq sarayları açılır. Heç olmasa ayda-ildə bir dənə istehsal müəssisəsi (məsələn, pampers fabriki, tuman-köynək, corab sexi, vedrə, aftafa zavodu və s.) açılsa, deyərdik, yerli istehsal inkişaf edir. Yoxdur.

Bəli, açılışdır, xalq intizarla qırmızı lentin kəsiləcəyini, hamının içəri dəvət olunacağını gözləyir, birdən kütlələrin arasında canlanma əmələr gəlir, cığır açılır. Əvvəlcə elə düşünürsən ki, nazirlərdən kimsə açılış mərasiminə təşrif buyurub və lenti o kəsəcək. Diqqət edirsən, cantaraq mühafizəçilərin arasıyla gələn nazirin mübarək üzünü görmək istəyirsən, bir də görürsən ki, bay, 5 bazburutlu mühafizəçi ilə birlikdə kütləni yara-yara gələn şəxs nazir deyil, meyxanaçı Baləlidir.

Bu yerdə bir çoxları məyus olur, çünki kök məmur görəcəkləri yerdə arıq bir meyxanaçı görürlər. Bəziləri hiddətlənir, düşünür ki, bu özünü kim hesab edir belə, kimdi buna neynəyən, gəlsin bir küncdə dursun, tay-tuşları ilə mırtlaşa-mırtlaşa mərasimdə iştirak etsin dəə. Bəziləri köks ötürür, böyüyəndə nazir, rəis, komitə sədri olmaq istəmir, eləcə, Baləli kimi olmaq istəyir. Çünki salamatı budur. Rüşvət, korrupsiya üstə tutulmaq qorxusu olmadan pulunu qazanırsan, cip sürürsən, villada yaşayırsan, üstəlik mühafizəçilərlə və Allah bilir, kimlərlə gəzirsən. Ta adama nə lazımdır?

Dövran Baləlinin dövranıdır. Adamın şöhrəti var, stabil qazancı var, müəyyən var-dövləti var, deməli, onu istəməyənlər də var. Belədirsə, o, mühafizəçilərlə gəzməyə məcburdur. Nə biləsən, o qədər xain, mərdiməzar adam var ki. Biri onun uğurlarını həzm edə bilməz, avaranın birinə bir lavaş arası dönər alar ki, get, Baləlinin qulağının dibindən bir şillə qoy, yıxılsın, biabır olsun, sonra saytlar yaxşı başlıqlar versinlər: “Açılışda Baləlini başından vurdular – şillə ilə”; “TƏCİLİ – Baləliyə hücum oldu”; “Baləlini şillələdilər, yıxıldı – SON DƏQİQƏ”; “Baləlini belə vurdular – ANBAAN VİDEO” və s. və i.a.

Belədir bu işlər. Ağlınız keçmişdəki məşhur adamlara getməsin. Məsələn, Rəşid Behbudov, Qədir Rüstəmov, Həsən Turabov, Anatoli Banişevski cangüdənlə gəzmirdilər. Çünki həyatlarına təhlükə hiss etmirdilər. Onlarla küçədə rastlaşanlar ehtiramla salam verib keçirdilər, heç üstlərinə cumub “gəl bir şəkil çəkdirək” deyən də olmurdu. Ona görə ki, heç kimdə fotoaparat yox idi. İndi hamıda foto-video çəkən kamera var, məşhur adam görəndə üstünə hücum çəkirlər. Heç döyən olmasa da, cangüdənlər təkcə şəkil çəkdirmək istəyənlərin qabağını almasalar, yazıq Baləli ayaq altda qalıb şil-küt olar.

Hələ bir müddət belə gedəcək. Sonra Baləlinin də şöhrəti sönəcək, Elbrus Abbasov kimi olacaq.

İndiki cavanlar Elbrus Abbasovu tanımaz. Onu yalnız ağdamlılar, bir də yaşı 55+ olanlar tanıyar.

Ona görə də biri “Elbrus Abbasov bizim kənddədir” deyə fəxr etsə, o birinin cavabı belə olar: “Elbrus Abbasov kimdir?” “Futbolçu olub”. “Nə vaxt oynayıb?” “Maşallah Əhmədovdan qabaq”. “Maşallah kimdir?” “Eeee”.

Dialoq məhz bu cür gedər. Amma vaxt (1978-ci ildə) vardı, Elbrus Abbasov milli qəhrəman kimiydi. Rəhmətlik SSRİ çempionatının güclülər dəstəsinin A qrupunda 31 qolla bombardir olmuşdu və onun qolları sayəsində “Neftçi” “Spartak”ın, “Dinamo-Kiyev”in, “Zenit”in oynadığı liqaya vəsiqə qazanmışdı. Bir də o vaxt bir maraqlı detal vardı. A qrupunda Nalçikin “Elbrus” adlı bir komandası vardı, o da toplamda bizim Elbrus qədər qol vurmuşdu - 32 dənə.

Amma Elbrus Abbasov da cangüdənlə gəzmirdi. Çünki özü güclüydü, heç kəs ona yaxın gəlməzdi. Həm də o, elə sevilirdi ki, bir kəsin ağlına gəlməzdi ki, ona əl qaldırsın.

İndi vəziyyət dəyişib. Hazırda meyxanaçılar da mühafizə xidməti saxlamağa məcburddurlar. Bax, bu, heç kəsin ağlına gəlməzdi. Çox fenomenal epoxaya düşmüşük.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

20 Noyabr 2024

18 Noyabr 2024

16 Noyabr 2024

14 Noyabr 2024

10 Noyabr 2024

07 Noyabr 2024

06 Noyabr 2024

04 Noyabr 2024

02 Noyabr 2024

31 Oktyabr 2024

29 Oktyabr 2024

27 Oktyabr 2024

25 Oktyabr 2024

23 Oktyabr 2024

20 Oktyabr 2024

17 Oktyabr 2024

14 Oktyabr 2024

12 Oktyabr 2024

09 Oktyabr 2024

07 Oktyabr 2024

05 Oktyabr 2024

03 Oktyabr 2024

01 Oktyabr 2024

29 Sentyabr 2024

27 Sentyabr 2024

25 Sentyabr 2024

23 Sentyabr 2024

21 Sentyabr 2024

19 Sentyabr 2024

17 Sentyabr 2024