İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakının 5 prinsipinə qarşı “3 prinsip” – İrəvanın “ipi”ni oynadan kim?

Ermənistan boyunu aşan iddialardan heç cür qurtulmaq istəmir. Tez-tez “qucaq” dəyişən, ən azından “iki ələ” oynayan bu bivec, dalan və marionet dövlətin rəhbərliyi hələ də anlamır ki, kapitulyant tərəfi təmsil edir. Dərk eləmir ki, danışıq masasında subyekt yox, obyektidir. Ona görə ki, bölgədə 4 ildir bambaşqa status-kvo bərqərardır və İrəvan Bakı ilə şərt dili ilə danışa bilməz!

Heç 30 illik işğal dövründə Azərbaycan ciddi təzyiqlərə rəğmən, qarşı tərəfə belə bir lüksü tanımadı, o ki ola indi. Odur ki, İrəvan özünü yığışdırıb haqq elədiyi yerdə oturmalı, qalib ədasına son qoymalıdır, məğlub kimi özünü aparmalıdır. Əks halda axırıncı azdan da olacaq. Necə 44 günlük müharibədə oldu. Ötən sentyabrda isə “miatsum” hekayətində sonuncu yağlı nöqtə qoyuldu...

Di gəl ki, Ermənistanın baş diplomatı Ararat Mirzəyan dünən Skopyedə ATƏT XİN rəhbərlərinin illik tədbirində çıxışı zamanı növbəti dəfə gözünü yumub ağzını açmışdı. Yenə əleyhimizə şər-böhtan, qarayaxma, “etnik təmizləmə” ittihamı, feyk-faktlar, daha nələr. Sanki təzəcə başı əzilmiş 30 ilin işğalçısı Ermənistan yox, öz ərazi bütövlüyü və suverenliyini təmin eləmiş Azərbaycandır.

Bir yandan da Mirzəyan nə qədər absurd olsa da ədalətli sülhdən dəm vururdu, hansısa “3 prinsip”dən, xəritədən danışırdı. Yəni yenə şərt dili, diktə ritorikası. Halbuki Azərbaycan xeyli öncə böyük sülh üçün 5 baza prinsipini irəli sürüb və Ermənistan onları rədd də eləməyib. O zaman “3 prinsip” hardan çıxdı?..

Ən qəribəsi odur ki, İrəvanın “prinsipləri”ində yazılanların hamısı (konkret xəritə məsələsi xaric) 5 prinsipdə əksini tapıb. Təbii ki, çatışmayan mühüm tezislər də var. Misal üçün, Bakının təkliflərində tərəflərin gələcəkdə bir-birinə qarşı ərazi iddiası sürməyəcəyi haqda öhdəlik yer alır. İrəvanın “3 prinsipi”ndə isə bu yoxdur. Xeyir ola? Belə çıxır, bir müddət sonra Azərbaycana qarşı təzədən torpaq iddiası, “miatsum” xəstəliyi baş qaldıracaq?

Hələ Nikol Paşinyan utanmazcasına bizi qınayır ki, “nə üçün Bakı bizim təkliflərimizi qəbul eləmir, əgər sülh istəyirsə?” Sən haçan Azərbaycanın sırf beynəlxalq hüquqa əsaslanan baza prinsiplərinə (harda ki, hər şey var!) rəsmən “hə” dedin ki, inciyirsən də? Demək, kələyin var.

Bütün bu hiyləgərliklərin, “velosipedi təzədən kəşf eləmək” cəhdlərinin başqa bir hədəfi əlbəttə ki, Ermənistanın məhz öz şərtləri əsasında sülh müqaviləsinə nail olub özünü diktə tərəfi kimi qəbul etdirmək, Azərbaycanı isə sülhdən yayınan, müharibə arzulayan destruktiv güc qismində dünyaya göstərməkdir. Çünki yaxşı bilirlər ki, Bakı belə oyunlara getməyəcək və yalnız özünün təqdim elədiyi variant əsasında sülh müqaviləsi imzalayacaq. Kimin xoşu deyil, getsin su içsin...

Əslində Ermənistanı belə yekəxanalığa sövq edən, qızışdıran xarici qüvvələr Fransa başda olmaqla bölgəyə “dal qapı”dan, “erməni kartı” ilə girməyi planlamış sırtıq havadarlarıdır. Hamı bilir ki, Ermənistanın taleyi özünün yox, min kilometrlərlə uzaqdakı həmin havadarların əlindədir. “3 prinsip” də de-fakto onlarındır – Qərbin.

Amma babalı ermənilərin boyunlarına. Özləri bilər. Ağılları olsa, fəlakət vəd edən bir avantüranın sonunadək getməyə də bilərlər. Ondansa bəsit bir gerçəyi millət olaraq, anlamaları çox vacib, həm də tez: erməni xalqının xoşbəxtliyi, əmin-amanlığı uzaq Amerikaya, Fransaya, Avropa Birliyinə yox, müstəsna olaraq qapıbir qonşulara – Azərbaycan və Türkiyə ilə barışıb dinc-yanaşı yaşamağa bağlıdır.

Cənab köçmən haylar, bu gerçəyi heç bir modern silah, müasir qırıcı, son model PUA dəyişə bilməyəcək. Özünüzü yormayın...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

20 Noyabr 2024

19 Noyabr 2024

15 Noyabr 2024

13 Noyabr 2024

11 Noyabr 2024

06 Noyabr 2024

29 Oktyabr 2024

23 Oktyabr 2024

21 Oktyabr 2024

16 Oktyabr 2024

14 Oktyabr 2024

09 Oktyabr 2024

04 Oktyabr 2024

26 Sentyabr 2024

25 Sentyabr 2024

19 Sentyabr 2024

13 Sentyabr 2024

09 Sentyabr 2024

30 Avqust 2024

05 Avqust 2024

30 Iyul 2024

19 Iyul 2024

26 Iyun 2024

22 Iyun 2024

19 Iyun 2024

12 Iyun 2024

11 Iyun 2024

03 Iyun 2024

01 Iyun 2024

29 May 2024