İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakının 2024-dəki “əjdaha” hədəfi – Makron pərt olacaq, ABŞ və Rusiya isə...

Ekstrasens-zad deyilik, ancaq bəri başdan yazmaq olar ki, 2024 də 2023-cü il kimi sakit keçməyəcək. Hər halda İkinci Qarabağ savaşından sonra Güney Qafqazda post-müharibə sülh quruculuğu dövrü bitməyib, Rusiya-Ukrayna, İsrail-HƏMAS müharibələrinin isə gələn il həlledici nöqtəyə çatacağı gözlənilir.

Bişəkk, bölgəmizdə sülh xeyli ölçüdə qlobal güclərin bir-biri ilə nə dərəcədə və necə anlaşacağından asılı olacaq. Bizə, yəni Azərbaycana düşən isə ziddiyyətlərin açdığı fürsətlər üzərindən milli maraqlarımızı daha irəli aparmaqdır. Çətin olacaq. Ancaq siyasət bəzən elə mümkün olmayanları reallaşdırmaq məharətidir...

Əlbəttə, dünyanın 1 nömrəli supergücü ABŞ-la münasibətlərə məxsusi önəm verməliyik. Söz yox, aradakı soyuqluq Birləşmiş Ştatlara da yaxşı bir şey vəd eləmir. Lakin gələn ilin Amerikada prezident seçkisi ili olması faktı var. Hansı ki, ABŞ-da aylarla zaman alır, siyasi gündəmdə əməllicə oturur.

Söhbət ən əvvəl prezidentliyə namizədlərin erməni seçicilərin səsini almaq naminə yarışa girib vədlər verməsindən gedir. Artıq proses başlayıb. Hətta Bakını “böyük ermənistan”anın “paytaxtı” elan eləməyə hazır dələduz namizədlər peyda olub – qələbə şansları olmasa belə.

Məntiqlə indiki prezident Co Bayden də onlardan geri qalmamaq üçün erməni elektorata reverans edə bilər. Unutmayaq, Bayden saxta “erməni soyqırımı”nı tanıyan, “Dağlıq Qarabağ xalqı” ifadəsini işlədən ilk ABŞ prezidentidir...

Qısası, əsəblərimiz bir müddət də tarıma çəkiləcək. Hələ Fransa... Hazırda bu ölkə ilə münasibətlərimiz az qala, Ermənistandan da betərdir. Böyük ehtimalla, təzə ildə də anti-Azərbaycan isteriyasının önündə Makron Fransası gedəcək. Bu demarşların nəticəsi kimi iki ölkə arasında diplomatik münasibətlərin qırılması da mümkündür.

Bu yerdə zəruri xatırlatma edək ki, Azərbaycan Respublikasının 32 illik müstəqillik dövründə yalnız iki dövlətin diplomatları Bakıdan qovulub - İran və Fransa. Tehrandakı səfirliyimiz məlum səbəbdən bu günədək bağlıdır...

Rusiyaya gəlincə, ən azından 2025-ci ilin mayın 10-dək (Qarabağdakı sülhməramlı kontingentlə bağlı rəsmi Bakının qərar verəcəyi son tarix) ikitərəfli əlaqələrdə yəqin ki, nisbi sakitlik qalacaq. Hərgah, ona kimi Ukraynadakı işğalçı müharibənin münasibətlərimizə dolayı təsirləri istisna deyil.

Lap dəqiqi, savaşda Moskvanın ciddi uğuru onu Güney Qafqazda zəifləmiş mövqeyini gücləndirməyə sövq edə bilər. Rusiya isə çox istərdi ki, Qarabağın keçmiş erməni sakinlərinin əhəmiyyətli bir qismi geri dönsün və bölgədə sülhməramlılar daha 5 il küllənsin. Bununla Kremlin eyni zamanda, öz orbitində saxlamağa çalışdığı Ermənistanda anti-Rusiya ovqatını zəiflətmək istəyəcəyi şübhəsizdir...

Nəyə əsasən bu üç ölkədən bəhs elədik? Ona görə yox ki, onlar ATƏT-in bədnam Minsk Qrupunun üç həmsədr ölkəsidir və yığışıb bizə qarşı yenə nəsə edə bilərlər. O səbəbə ki, hər üçü BMT Təhlükəsizlik Şurasının (TŞ) daimi üzvləridir və veto hüququna malıkdir. BMT TŞ-ni isə heç kim ləğv eləməyib. “Qarabağ məsələsi”nin TŞ-də Fransa tərəfdən yenə qaldırılacağı ehtimalı da ki, gündəmdən çıxmayıb.

Nəzəri cəhətcə Ukrayna ilə bağlı Qərblə Rusiya arasında hər hansı anlaşma üç dövləti “erməni məsələsi”ndə də konsensusa itələyə bilər. Əsasən də ermənilərin qayıdışı məsələsində - hansı qayıdışı ki, vurğulandığı kimi, Moskva da arzulayır. Hərgah, BMT TŞ-nin Qarabağa dair 4 qətnaməsinin 27-28 il kağız üzərində qalmasını hər an onlara xatırlatmaq olar...

Ancaq Azərbaycana təzyiqlər məhz Ermənistanla sülh sənədinin imzalanması ilə xeyli səngiyəcək. Hansı sənəddə ki, Qarabağın “Q”si belə olmayacaq. Ümid edək ki, BMT TŞ-də rəsmi Parisin əleyhimizə növbəti hoqqası gündəmə gələnədək bu hadisənin şahidi olacağıq və Fransa növbəti dəfə rüsvay və pərt olacaq. Elə şimal qonşumuzun da Azərbaycana qarşı “əl-qolu” faktiki bağlanacaq.

Demək, “Əjdaha ili”ndə Bakının əsas hədəfi aşağı-yuxarı bəlli: 5 baza prinsipi əsasında sülh müqaviləsi...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

20 Noyabr 2024

19 Noyabr 2024

15 Noyabr 2024

13 Noyabr 2024

11 Noyabr 2024

06 Noyabr 2024

29 Oktyabr 2024

23 Oktyabr 2024

21 Oktyabr 2024

16 Oktyabr 2024

14 Oktyabr 2024

09 Oktyabr 2024

04 Oktyabr 2024

26 Sentyabr 2024

25 Sentyabr 2024

19 Sentyabr 2024

13 Sentyabr 2024

09 Sentyabr 2024

30 Avqust 2024

05 Avqust 2024

30 Iyul 2024

19 Iyul 2024

26 Iyun 2024

22 Iyun 2024

19 Iyun 2024

12 Iyun 2024

11 Iyun 2024

03 Iyun 2024

01 Iyun 2024

29 May 2024