Onlayn ictimai-siyasi qəzet
Rusiyada nə olub? Adi hadisə. Cinayətkarı məhkəməsiz-filansız vurub öldürüblər. Özü də tək yox, bir qrup adamla. Təyyarədə uçduğu yerdə. Şimal qonşumuz üçün gündəlik həyat tərzidir, başqa heç nə.
“Ruslar özününkünü atmır” - orada populyar olan bu primitiv propaqanda şüarı belə anlarda bir az da tragikomik görünür. Priqojin Putinin aşbazı, “özününkü” idi, hakimiyyətə bir köynək yaxın idi. Ancaq onu vurub öldürəndə təyyarədəki qalan 8-9 nəfərin varlığı sifarişçinin vecinə olmadı. O adamlar potensial canlı mina ilə eyni uçağa hansı ağılla minmişlər?
Hərçənd oralarda təmiz adam tapmaq da çətindir, məsələn, məhv edilənlərdən biri “Vaqner” dəstəsinin komandiri, Utkin soyadlı “məşhur” bandit idi. Utkinin tərcümeyi-halına, dünyanın bir çox bölgələrində törətdiyi qanlı cinayətlərə baxanda onun indiyəcən sağ qalması daha çox təəccüb doğurur, nəinki Priqojinlə birgə partlaması. O cümlədən təyyarənin pilotunun keçən il fevralda Putinin Ukraynaya hücumuna sosial şəbəkədə dəstək mesajını paylaşmışdılar, o qədər tərbiyəsiz cümlə idi, burda dərc etmək də mümkün deyil.
Priqojin iki ay qabaq qiyam qaldırıb dərhal yarımçıq qoyanda çoxları onun sonluğunu məhz bu şəkildə proqnozlaşdırmışdı. Adını da qoydular ki, bəs Putin xəyanəti bağışlamır və sairə. Guya kişinin oğlu üçün sədaqət, etibar, inam tipli şeylər çox vacib imiş. Guya Rusiyada ayrı nə cürsə mübarizə üsulları varmış. Görəsən, Putinin zamanında Moskvada “Nord-Ost” müzikl tamaşasında 130 girovun ölümü nəyin qisasıymış? Yaxud Beslan faciəsi...
Totalitar rejimlərdə insan canının heç bir əhəmiyyəti yoxdur. Elə Priqojin qiyam qaldıran gün bir neçə rus hərbi təyyarəsini vurmuşdu, ancaq Moskvada özlərini elə aparırdılar sanki milçək öldürülüb. “Başdanxarab zenitçimiz var, havada nə görsə vururdu” - Jenya (Putin dost vaxtlarında Priqojini belə çağırırdı) əhvalatı sarkazmla belə izah etmişdi.
Bəlkə indi də o zenitçinin işidir? Hərçənd təyyarənin yerdən vurulmasına heç kim inanmır, əvvəldən içinə bomba qoyulduğu deyilir, çünki vurulma anına aid videolarda havada raket-filan izi görünmür.
Dünyada özünü bandit kimi aparan rejimin daxildə də belə olması təbiidir. Ancaq bunu təkcə Putinlə bağlamaq nə dərəcədə düzdür?
Təzəlikcə rus müxalifət lideri Navalnının türmədən məktubu yayıldı. Orda Navalnı bugünkü pis günlərin yaranmasında Yeltsinin, 90-cı illər liberal rus siyasətçilərinin günahını görürdü. 1993-cü ildə Yeltsinin Moskvada parlament binasını tanklardan atəşə tutmasını yada salmışdı.
Doğrudan da, axı heç Yeltsin də düz-əməlli adam deyildi. İki dəfə Çeçenistana ordu yeritmişdi. Yeltsin sözdə demokrat sayılsa da, əslində Putinin başqa, bir az kasıb versiyasıydı.
Lakin maraqlıdır ki, Navalnı Yeltsinin Rusiya daxili cinayətlərini sadalayanda heç beynəlxalq aləmə toxunmayıb. Məsələn, Yeltsinin 1995-ci ildə Ermənistana 1 milyard dollarlıq silah peşkəş etməsi bəyəm demokrat hərəkət idi? Yeltsin dövründə Rusiya Qarabağda, Moldovada, Gürcüstanda separatçı rejimlərə hər cür yardım edirdi. Münaqişələri qızışdırır, suyu bulandırıb balıq tuturdu. Bəs niyə Rusiyanın “demokratları” o zaman (elə indi də) susurdular, bəzənsə separatizmə, dağıdıcılığa dəstək verirdilər? Çünki oralarda imperiya xisləti, velikorus şovinizmi hər kəsə yoluxub. Demokratın, liberalın faşistdən fərqi yoxdur.
Ona görə Putindən sonra da oralarda nəyinsə dəyişəcəyinə çox inanmayın. Bəlkə uzağı təyyarəni yerdə partladarlar, meyitlər ələ gəlsin deyə. Bu da olar humanizm...
23 Noyabr 2024
22 Noyabr 2024
21 Noyabr 2024
20 Noyabr 2024
19 Noyabr 2024
17 Noyabr 2024
16 Noyabr 2024
15 Noyabr 2024
13 Noyabr 2024
12 Noyabr 2024
10 Noyabr 2024
09 Noyabr 2024
08 Noyabr 2024
07 Noyabr 2024
06 Noyabr 2024
05 Noyabr 2024
03 Noyabr 2024
02 Noyabr 2024
01 Noyabr 2024
31 Oktyabr 2024
30 Oktyabr 2024
29 Oktyabr 2024
27 Oktyabr 2024
26 Oktyabr 2024
25 Oktyabr 2024
24 Oktyabr 2024
23 Oktyabr 2024
20 Oktyabr 2024
19 Oktyabr 2024
18 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ