Onlayn ictimai-siyasi qəzet
Ermənistanın danışıqlar adı ilə vaxt uzatmağa çalışdığına yəqin ki, az adam şəkk edər. Xarici havadarlara uyub təzədən ayaqlanmağa başlayan kapitulyant ölkə belə görünür, qonşu Azərbaycan və Türkiyə ilə barışıqdan çox, artıq revanş haqda xəyal edir. Bu da növbəti tutarlı dəlil.
Dünən Nikol Paşinyanın ən yaxın adamlarından biri, Ermənistan parlamentinin Müdafiə və Təhlükəsizlik Məsələləri Komitəsinin sədri, hakim fraksiyanın üzvü Andranik Köçəryan görün nə deyib. Sitat: “Biz hazırda müdafiə xarakterli məsələlərə köklənmişik. Aldığımız və alacağımız silahlar regionda pozulmuş hərbi balansın bərpasına yönəlib. Çünki məhz balansın pozulması düşmənə 2016-cı ildə bir dəfə, 2020-ci ildə isə genişmiqyaslı hərbi əməliyyatlara keçməyə imkan yaradıb”.
Görəsən erməni deputat “pozulmuş balans”, “döyüş əməliyyatlarına keçid” deyərkən nəyə işarə edir, əgər 2016-cı ildə də, 2020 və 2023-cü illərdə də döyüş əməliyyatlar müstəsna olaraq Azərbaycanın suveren ərazisində aparılıbsa? İrəvan “balansı” bərpa edib də “itirilən torpaqlar” uğrunda təzədən müharibəyəmi başlayacaq?
Nəhayət, Köçəryanın açıqlaması 44 günlük savaşda Azərbaycanın mifik “dqr ordusu” ilə yox, məhz işğalçı Ermənistan ordusu ilə vuruşduğunun daha bir sübutu deyilmi? Odur ki var. Eyni zamanda, boş-boş çərənləmələrə rəğmən, rəsmi İrəvanın ərazi bütövlüyümüzü tanımadığının parlaq təzahürüdür...
Xatırladaq ki, bundan az öncə hakim partiyanın başqa bir deputatı Asatryan özündənrazı şəkildə sarsaqlamışdı ki, “bir-iki ilə özümüzə gəlib Türklərin cavabını verəcəyik”.
Bunlar hələ guya Ermənistanın mötədil hakimiyyətini təmsil edir. Əgər Nikola ən yaxın olanlar belə revanşist bəyanatlar səsləndirirsə, bu, ümumən hakim komandanın Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü hələ də qəbul eləməməsi anlamına gəlir. Gör indi daşnak-revanşistlər hansı ovqatdadır...
Əlbəttə, sülh anlaşması imzalanmadıqca müharibə bitmiş sayılmaz. O, hələlik yalnız passiv fazaya keçib. Bunu hakim partiyanın iki deputatının yuxarıdakı sözləri apaydın təsdiqləyir. Daha necə, nə deyilməlidir ki?
Ermənistanın qonşu Azərbaycana ərazi iddiasının olmadığına isə o vaxt inanarıq ki: 1. Onun konstitusiyası beynəlxalq hüquqa uyğunlaşdırılacaq və oradan nəinki Azərbaycana, qardaş Türkiyəyə qarşı da torpaq iddiaları ilə bağlı müddəalar çıxarılacaq. 2. İrəvan Bakı ilə sülh müqaviləsi və ya onu əvəzləyəcək çərçivə sənədi imzalayaraq, öz parlamentində ratifikasiya edəcək.
Bu, təkcə bizim şərtimiz deyil. Hər iki ölkənin üzv olduğu BMT Nizamnaməsinin tələbidir. Bakı bu tələbə çoxdan əməl edir. Buyursun kapitulyant ölkə isbatlasın ki, o da beynəlxalq hüquq normalarına sayğılıdır. Yolu məlum. Velosipedi təzədən kəşf etməyə, Amerika açmağa gərək yox. Burcutmağa, min bəhanə gətirib sülh anlaşmasından yayınmağa da lüzum yox. Bu meydan, bu şeytan...
“Amerika” demiş, əgər Qərb bölgədə həqiqətən daimi və ədalətli sülhdə, sərhədlərin açılmasında və çoxtərəfli əməkdaşlığın bərpasında səmimi şəkildə maraqlıdırsa, onda zəhmət çəksin İrəvana təzyiq edib onun konstitusiyasını sivil ölkənin konstitusiyasına çevirsin. Amma əvəzində nə müşahidə edirik?
Diqqət edin, Moskva illərdir beynəlxalq hüquqa, o sırada ölkələrin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinə nümayişkaranə şəkildə tüpürərək, qonşu Ukraynanın 4 vilayətini + Krımı öz “qanuni ərazisi” elan edib. Bundan ötrü özünün konstitusiyasında müvafiq “dəyişikliklərə” də gedib. Moskva ardınca bu absurda əsaslanaraq neçə vaxtdır utanmazcasına bəyan edir ki, “Rusiya əraziləri işğala məruz qalıb”. Guya o, 3 ildir məhz özünün torpaq bütünlüyü uğrunda müharibə aparır.
İndi kim zəmanət verə bilər ki, Ermənistan da Qərbin hesabına özünə gələndən, toparlanıb silahlanandan sonra eyni xəyala düşməyəcək, “keçmiş DQMB Ermənistanın qanuni torpağıdır” deyib bizə qarşı savaşa başlamayacaq? Axı onun konstitusiyasına görə Ermənistanın ərazisi 29.7 min kv km yox, 34.1 min kv km-dir (4.4 min kv km-lik DQMV-lə birgə)!..
Amma ikiüzlülüyə bax, Qərb işğalçı Rusiyaya qarşı Ukraynaya hər cür kömək göstərdiyi halda, eyni qələtə imza atmış Ermənistana bu məsələdə “gözün üstdə qaşın var” belə demir, irad bildirmir, onu Bakı ilə sülh sənədi imzalamağa tələsdirmir. Tam əksinə. Yəni mövzu “ərköyün” Ermənistan olan kimi o saat valı dəyişirlər. Hayların xeyrinə. Sanki belə də olmalıdır.
Bu, Türk-müsəlman ölkəsi kimi Azərbaycana münasibətdə kollektiv Qərbin, ələlxüsus onun aparıcı dövləti ABŞ-ın “ikili standart” yanaşması ilə yanaşı, erməniləri yeni savaşa qızışdırmaqdır.
Unutmayaq, axır vaxtlar “Ermənistanın müqavimətini artırmağa” girişən ABŞ və Fransanın Bakıdakı səfirləri Böyük Zəfərdən sonra hələ də Şuşaya getməyiblər. Niyə? Bizə və “Qafqaz qaraçıları”na bununla nəyin mesajını verirlər? Yeni müharibənin?..
Zahid SƏFƏROĞLU
20 Noyabr 2024
19 Noyabr 2024
15 Noyabr 2024
13 Noyabr 2024
11 Noyabr 2024
06 Noyabr 2024
29 Oktyabr 2024
23 Oktyabr 2024
21 Oktyabr 2024
16 Oktyabr 2024
14 Oktyabr 2024
09 Oktyabr 2024
04 Oktyabr 2024
26 Sentyabr 2024
25 Sentyabr 2024
19 Sentyabr 2024
13 Sentyabr 2024
09 Sentyabr 2024
30 Avqust 2024
05 Avqust 2024
30 Iyul 2024
19 Iyul 2024
26 Iyun 2024
22 Iyun 2024
19 Iyun 2024
12 Iyun 2024
11 Iyun 2024
03 Iyun 2024
01 Iyun 2024
29 May 2024
ŞƏRHLƏRŞƏRH YAZ