Onlayn ictimai-siyasi qəzet
ABŞ Dövlət Departamentinin hazırladığı illik hesabatlar hələ də dünyada böyük əks-səda, ajiotaj doğurur.
O isə yalnız bir dövlətin yerdə qalan 194 ölkədəki demokratiyaya, insan haqlarına, fundamental azadlıqlara, korrupsiyaya və sairə dair subyektiv baxışıdır.
Əslində bu hesabatlar 65 milyard dolar həcmində büdcəsi, 69 min işçisi olan departamentin əldə etdiyi kəşfiyyat məlumatlarıdır və ayrı-ayrı rezidentlər və ya bu statusda olan ekspertlər tərəfindən hazırlanır. Onların da öz subyektiv baxışları var.
Hazırda ölkəmizdə ciddi şəkildə müzakirə olunan, deputatların, politoloqların, jurnalistlərin, ictimai-siyasi fəalların tənqid etdiyi, dünyada dini azadlıqların vəziyyətinə dair hesabat da o qəbildəndir.
Bu hesabatın ölkəmizə aid olan hissəsini erməni əsilli Daniela Aşbaxyan hazırlayıbsa, onun obyektivliyi öncədən şübhə altına düşüb.
Belə götürəndə isə ABŞ-ın özü bu kimi məsələlərdə heç də nümunəvi ölkə deyil. Bu ölkə demokratiya və insan haqları, eləcə də dini azadlıqlar sahəsində böyük problemlər yaşayır.
Təkcə qaradərililərə qarşı münasibətin dözülməz olaraq qalması təkzibolunmaz şəkildədir. Bu xüsusda ABŞ-da vaxtaşırı etiraz nümayişləri, toqquşmalar, kütləvi həyəcanlanmalar olur – xüsusilə də qaradərili sürücülər, gənclər ağdərili polislər tərəfindən öldürüləndə.
Son illərdə Azərbaycana qarşı bir neçə dəfə qərəzli fikirlər və əsassız tələblər səsləndirən dövlət katibi Entoni Blinkenin açıqladığı hesabatda Azərbaycanın adını dini inanc azadlığını boğan ölkələrin qara siyahısında çəkməsi isə artıq, necə deyərlər, bardağı daşırdan son damla olub.
Azərbaycanın adı həmin siyahıda Rusiya, Çin, Birma, Kuba, Şimali Koreya, Eritreya, İran, Nikaraqua, Pakistan, Səudiyyə Ərəbistanı, Tacikistan və Türkmənistan kimi ölkələrlə yanaşı çəkilir. Yəhudi sinaqoquna qarşı silsilə vandallıq edən Ermənistanın adı isə siyahıda yoxdur.
Araşdırsaq, məlum olar ki, adı çəkilən ölkələrdə sözügedən sahədə gerçəkdən də problemlər var. Məsələn, 4-5 ay əvvəl Səudiyyə Ərəbistanında futbol matçında xaç çəkən futbolçu Ronaldonun hərəkəti ölkədə, ali sarayda ajiotaja səbəb olmuşdu. Onu ağır cəza gözlədiyi bildirilirdi. Sadəcə, futbolçunu vaxtında çevik tərpənərək üzr istəməsinə, müsəlmanlar sayağı dua etməsinə və şan-şöhrətinə bağışladılar. Sıravi adam olsa, adi bir xaç çəkməyə görə dar ağacına aparacaqdılar.
İran da eyni tipli ölkədir. Orada ermənilərdən başqa istənilən başqa dindən, hətta məzhəbdən olanları xor görürlər, təqib edirlər.
Çin müsəlman uyğurları milli azadlıq hərəkatına görə incidir. Uyğurlar din bayrağı altında konsolidasiya etdiklərinə görə Çinin repressiv hərəkətlərinin dini azadlığa qarşı yönəldiyi görüntüsü yaranır. Çin hökuməti isə bütün azadlıqlara qarşıdır. Şimali Koreya, Kuba, Türkmənistan da o cür ölkələrdəndir. Bu ölkələrdə insanların istənilən ideologiya altında birləşmələri dövlət təhlükəsizliyinə qarşı akt sayılır.
Myanma müsəlman rohincalara qarşı soyqırım siyasəti yeridir. Ona görə onun adının həmin siyahıya düşməsi təbiidir. Pakistanda son illərdə dini ekstremizm bataqlığına yuvarlananların çoxalması, başqa dini konfessiyalara dözümsüz yanaşanların artması müşahidə olunur.
Bəs Azərbaycan hansı dini konfessiyanı xor görür, kimlərin dini etiqad azadlığını boğur? Bu suala heç bir aydın və tutarlı cavab yoxdur.
Tanrıya, Allaha, Boqa, Qoda, Krişnaya, Buddaya şükürlər olsun ki, ölkəmizdə fəaliyyət göstərən dini konfessiyalar öz hallarından məmnundurlar və məscidlərdə, camelərdə, kilsə və sinaqoqlarda öz dini ayinlərini sərbəst icra edirlər.
Əgər ABŞ Dövlət Departamenti şiə məzhəbindən olan bir qrup şəxsin həbs edilməsini nəzərdə tutursa, bu, heç də onların dini etiqadı ilə bağlı deyil, konkret olaraq bu və ya digər şəkildə başqa dövlətə işləmələri, narkotik qaçaqmalçılığı ilə məşğul olmaları, vəzifəli şəxsə qarşı sui-qəsd hazırlamaları ilə bağlıdır.
Ondan əvvəl vəhhabi məzhəbindən olan şəxslərin həbs edilməsi faktları da vardı. O da həmin şəxslərin dini etiqadları ilə bağlı deyildi, ibadət etdikləri məscidi hərbi komissarlığa döndərmələri, gənc kişiləri ailələri ilə birlikdə səfərbər edərək Suriyaya, İraqa, Əfqanıstana müharibəyə göndərmələri, ölkə daxilində daxili sabitliyi pozmağa yönəlik çağırış və aksiyaları ilə bağlıydı.
Yəqin ki, sabah ABŞ-da mormonlar elə hərəkətlər etsələr, Federal Təhqiqat Bürosu onları zərərsizləşdirər və heç kəs bunu mormonların dini etiqad azadlığının boğulması kimi qələmə verməyə cürət etməz. Başqa sözlə, din pərdəsi altında gizlənərək bir ölkənin daxilini qarışdırmaq niyyətində olmağın dini etiqada dəxli yoxdur.
Ona qalsa 2000-ci illərin əvvəlində bir sıra xarici dini sektalar Azərbaycanda din müstəvisində boşluqlar görərək ölkəmizə axışmışdılar, pul və psixoloji təlqin sayəsində tərəfdarlar toplayır, insanları dinlərindən döndərir, yeni və süni dini icmalar yaradırdılar. “Yəhova şahidləri” sektası, krişnaitlər xeyli qabağa getmişdilər. Sonra hökumət bu sahədə xaos yarandığını görərək vəziyyətə müdaxilə etdi, ölkəni dini cərəyanların toqquşma meydanına çevirən missionerlər çəkilib getdilər.
Əgər onların “dini etiqad azadlığı boğulmasaydı”, əvvəl-axır Azərbaycanda dini müstəvidə toqquşmalara rəvac verəcəkdilər.
44 günlük müharibədən dərhal sonra Şuşada təmir edilən erməni kilsəsi
Blinkenin hesabatında ermənilərin dini etiqadı nəzərdə tutulursa, hazırda onların ölkə xaricində olması faktı dinləri ilə bağlı deyil. Ermənilər müsəlman, hətta şiə olsalar da, etnik separatizm hərəkatı başlatdıqları üçün Azərbaycan dövlətindən boz sifət görəcəkdilər. İndinin özündə də onların ibadət evlərinə toxunan olmayıb və vaxtilə yaşadıqları şəhərə qayıdaraq öz dini etiqadlarına sadiq qala bilərlər.
Bu baxımdan ABŞ Dövlət Departamentinin dini etiqad azadlığı haqqında hesabatının Azərbaycana aid sətirləri əsassız və qərəzlidir.
ABŞ belə qərəzli mövqeyi ilə özünü dünya birliyinin gözündən salır. Ümumiyyətlə isə, bu cür hesabatlar hazırlamaq və yaymaq özünü dünya ağası kimi aparmağın bariz göstəricisidir. Heç bir dövlət ABŞ-a belə bir mandat verməyib.
23 Noyabr 2024
21 Noyabr 2024
20 Noyabr 2024
19 Noyabr 2024
17 Noyabr 2024
15 Noyabr 2024
13 Noyabr 2024
12 Noyabr 2024
11 Noyabr 2024
09 Noyabr 2024
08 Noyabr 2024
06 Noyabr 2024
05 Noyabr 2024
03 Noyabr 2024
01 Noyabr 2024
30 Oktyabr 2024
28 Oktyabr 2024
26 Oktyabr 2024
24 Oktyabr 2024
22 Oktyabr 2024
21 Oktyabr 2024
19 Oktyabr 2024
17 Oktyabr 2024
16 Oktyabr 2024
15 Oktyabr 2024
13 Oktyabr 2024
11 Oktyabr 2024
10 Oktyabr 2024
08 Oktyabr 2024
06 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ