İnsanlara hürriyət, millətlərə istiqlal!

Ziyafət Əsgərov: “Ermənistanla yarımçıq sülh imzalaya bilmərik”

 

Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov Milli Məclisin iclasındakı çıxışı zamanı ABŞ prezidentinin Azərbaycanın dövlət başçısına məktubundan, sülh sazişini imzalamağa çağırış etməsindən bəhs etdi.

Musavat.com-un məlumatına görə Ziyafər Əsgərov bildirdi ki, sülh müqaviləsini əngəlləyən Ermənistanın bəhanəsini əlindən almaq üçün biz nəqliyyat qovşaqlarının ayrıca müzakirə edilməsinə də razılaşdıq:

“Amma sonra yenə də Ermənistan növbəti bəhanələrə imza atdı. Qısa bir müddətdə sülh müqaviləsi necə imzalana bilər? Bu müqaviləni biz Paşinyanla yox, Ermənistanla imzalamaq istəyirik.” Z. Əsgərov xatırlatdı ki, vaxtilə Levon Ter-Petrosyan Lissabon sənədini imzalamadı, sənəddə Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olaraq göstərildiyini və buna görə də sənədi imzalaya bilməyəcəyini bəhanə etdi. Ermənistanın Azərbaycana qarşı qaldırdığı iddiaların hamısında Dağlıq Qarabağla bağlı məsələ var. Hazırda Ermənistanın beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı qaldırdığı iddialarda “Dağlıq Qarabağ” ifadəsindən istifadə edilir. Bu halda sülh müqaviləsi necə imzalana bilər? Bir daha xatırlatmaq istəyirəm ki, Ermənistanın Azərbaycanla sülh müqaviləsinin imzalanmasının qarşısını alan bu ölkənin öz konstitusiyasıdır. Çünki Ermənistan konstitusiyasında və Müstəqillik aktında “Dağlıq Qarabağ Ermənistan ərazisidir” deyə qeyd var. Əgər sözügedən aktdan və konstitusiyadan “Dağlıq Qarabağ Ermənistan ərazisidir” ifadələri çıxarılmadığı halda sülh müqaviləsi imzalana bilməz.”

Vitse-spiker qeyd etdi ki, Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıdığı halda, konstitusiyanı dəyişmir: “Alayarımçıq sülh müqaviləsindən söhbət gedə bilməz, baxmayaraq ki, bizə Amerikadan, Fransadan təzyiqlər var. Azərbaycana qarşı ərazi iddiaları irəli sürən Ermənistanla yarımçıq sülh imzalaya bilmərik. Sonra Bayden gedəcək, biz Bayden axtaracağıq, axı, sən bizə söz vermişdin, hardasan?”

Z. Əsgərov dedi ki, möhtərəm Prezidentin siyasəti Azərbaycan xalqının maraqlarına tam uyğundur və biz hamımız cənab İlham Əliyevin siyasətini dəstəkləyirik.

E. Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR