Onlayn ictimai-siyasi qəzet
"Bir müəllim dərsdən sonra, qeyri-iş günündə şagirdlərinin valideynləri ilə sosial xarakterli tədbirdə iştirak edib və onlardan bir təşəkkür hədiyyəsi qəbul etdiyi üçün ona töhmət verilir? Hansı əsasla?"
Musavat.com bildirir ki, bu barədə təhsil eksperti Kamran Əsədov deyib.
O qeyd edib ki, Azərbaycan Respublikasının "Təhsil haqqında" Qanununa görə, müəllim şagirdlərin intellektual və mənəvi inkişafı üçün tədbirlər təşkil edə bilər. Heç bir qanun müəllimin məktəbdənkənar, könüllü görüş keçirməsini qadağan etmir.
"Eləcə də etik kodeks sadəcə tövsiyə xarakterlidir – "qadağandır" yazılmayıb. Hətta orada "çalışmalıdır" deyilir. Bu, hüquqi məsuliyyət doğurmur.
Müəllim dövlət qulluqçusu deyil, əmək münasibətləri Əmək Məcəlləsi ilə tənzimlənir. Hədiyyənin təzyiq vasitəsi olmadığı, qiymətləndirməyə təsir etmədiyi, sadəcə təşəkkür xarakterli olduğu halda bu məsələnin intizam məsuliyyəti kimi təqdim olunması qərəz və qanunsuzluqdur", - deyə ekspert bildirib.
Kamran Əsədov qeyd edib ki, Əmək Məcəlləsinin 186-cı maddəsinə əsasən, töhmət yalnız əmək vəzifəsinin pozulması ilə verilir:
"Dərs olmayıb, iş günü olmayıb, vəzifə öhdəliyi olmayıb. Bəs nəyə görə cəza?
Müəllimləri qorumaq əvəzinə onları özəl təşəbbüslərinə görə cəzalandırmaq bu cəmiyyətə nə qazandırır?
Müəllimə təşəkkürə görə cəza vermək – təhsilə biganəlikdir. Biz bu yanaşma ilə təhsili inkişaf etdirə bilmərik.
Bu qədər müəllimin üstünə getmək, ona təzyiq etmək, hər addımda günahkar çıxarmaq olmaz. Onlar aylıq 300–500 manat maaşla sizin övladlarınıza həyat öyrədir. Bu insanlara nəinki cəza, əksinə, dəyər və qayğı göstərmək lazımdır. Bezdirib bu peşədən uzaqlaşdırmaq yox, ruhlandırmaq lazımdır".
Xatırladaq ki, sosial şəbəkələrdə Tovuz rayonu, Mərdan Musayev adına Əlimərdanlı kənd tam orta ümümtəhsil məktəbinin müəlliminə zinət əşyasının alınması ilə bağlı video yayılmasından sonra müəllimə töhmət verilib.
Xalidə Gəray
Musavat.com
08 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ