Onlayn ictimai-siyasi qəzet
Kürdəmirdə istirahət mərkəzində xeyli insan zəhərlənmişdir. Mən bu xəbəri görəndə, nə gizlədim, şok keçirdim. Zəhərlənən yoldaşlar üçün yox. Onların taleyindən narahat olmağımıza dəyməz, maşallah, indi təbabətimiz zirvə dövrünü yaşayır, qoyun qığı ilə xərçəngin, eşşək südü ilə psixoloji xəstəliklərin müalicəsində yeni üfüqlər açmışıq, ta plastik cərrahiyyə uğurlarımızı heç yazmıram, özünüz bilirsiniz. Bu baxımdan, zəhərlənən insanlar da tezliklə ayağa duracaq, turp kimi olacaqdır və növbəti zəhər dozasını almağa yollanacaqdır. Məncə zəhərlənmə üzrə dövlət siyasəti var, vaxtaşırı bizə xırda-xırda dozalar verərək dözümlü millət yetişdirirlər. Bütün istiqamətlər üzrə. Mənəvi sferada da kiçik zəhər dozaları vardır, televiziyada-zadda olur. Nəticədə biz ölümsüzlük qazanacağıq.
Müdriklər demişkən, dünyada əslində nə zəhər var, nə dərman. Yalnız doza var. Müəyyən dozada zəhər dərman kimi işlədilir, müəyyən dozanı aşanda dərman zəhər olur və sairə. Zəhərlənmə zamanı əgər insana qızdırma verirsə, bu zaman qızdırma duasını 3 dəfə vatman kağıza nazik qələmlə yazıb qaynatmaq, suyunu gündə 1 dəfə yeməkdən sonra içmək lazımdır. Həmin dua belədir: “Bismillahi zil izzəti vəl kibriyai vənnuri rəbbənəkşif ənnəl əzabə inna muminun”.
Vatman kağızı rəsmxət üçün olan xüsusi kağızdır, duanı hazırlayarkən belə detallara mütləq fikir verməliyik. Yoxsa sonra bəzi adamlar sağalmır, mənasız şübhələrə düşür, inkar şeytanı içini gəmirir. Məsələn, bizim bir qahıma mən bu duanı məsləhət görmüşdüm, qarın ağrısına düşmüşdü, yataqdan qalxmırdı. Şikayət elədi, gedib baxdım, gördüm axırıncı sözü “muminun” yerinə hər dəfə “muminin” yazırmış. Ta sən hardan sağala bilərsən? Adətən insanlar savadsızlıqdan xəstələnirlər, cahillikdən ölürlər.
Qayıdaq Kürdəmirə. Bəs məni şoka salan nə idi? Kürdəmirdə istirahət mərkəzi! Vallah, elə bu cür yazılmışdı. İyulun ortasında, yayın qızmarında, cırhacır istilərdə Kürdəmirdə istirahət mərkəzi varmış. Yəqin bu, bizim COP-29 tədbirindən sonra iqlim dəyişmələrinə verdiyimiz töhfənin nəticəsidir.
Ümumiyyətlə, hər şeyin yerini bilən hökumətimizə minnətdarlığımızı bildiririk. Onun sayəsində bu saat bizə istənilən yer istirahət mərkəzidir. Dənizin qırağında qarğıdalı yeyəndə əgər bir dənəsi quma düşsə, dərhal polis gəlir, tədbir görür, ərazinin zibillənməsinin qarşısı alınır. Hətta düzgün Günəş vannası qəbul edilməsinə də nəzarət vardır, tez-tez müvafiq idarədən gəlib zəhmətkeşləri o üz bu üzünə çevirirlər ki, yanmasınlar. Dağ istəyəni dağa, bağ istəyəni bağa göndərişlə təmin edirlər. Keçmiş deputat Tahir Kərimli, məsələn, Naftalanda palçıq vannasına salınıb. Həmkarların xəttiylə. İdarənin açıqlaması var idi, deyir gələcəkdə bütün deputatları palçığa salmaq fikrindəyik. Halal olsun. Bu da seçiciləri sevindirən amildir.
Yalnız bir nəfər Qarabağ qazisi Şıx çimərliyində çətir-mətir qurub özəl istirahət yeri açmaq istəyəndə icra hakimiyyəti buldozeri göndərib oranı darmadağın etdi. Çünki adam yerini bilməlidir. Sən Qarabağı azad eləmisənsə, Şıxovda nə işin var? Oranın azad olunmağına başqa şəxslər baxır. Çörəyi ver çörəkçiyə, plyajı ver icra hakiminə. Mən səhv eləmirəmsə, 44 günlük müharibədə hər hansı plyaj döyüşü də olmamışdır.
Ancaq “çimərlik” sözünün içində nəsə döyüşkən, ər igidlərə işarə verən elementlər də var, insafən. Ümid edirəm icra hakimiyyəti gələcəkdə bunu nəzərə alsın, qazilərə də çimərlik turizmini inkişaf etdirməyə şərait yaradılsın. Məsələn, Zərdabda.
22 Iyul 2025
21 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ