Onlayn ictimai-siyasi qəzet
Musavat.com-un xəbər verdiyi kimi, Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyəyə səfəri çərçivəsində Prezident Rəcəb Tayyib Ərdoğanla görüşüb.
O, görüşün nəticələri ilə bağlı Telegram kanalında paylaşım edib.
Zelenski bildirib ki, Ukrayna Türkiyə ilə münasibətləri yüksək qiymətləndirir və müharibə dövründə iki ölkə arasında qarşılıqlı anlaşmanın və dəstəyin vacibliyini vurğulayıb:
“Ukrayna Türkiyə ilə münasibətləri çox dəyərləndirir və bu ağır müharibə şəraitində lazım olan qarşılıqlı anlaşma və dəstəyi alırıq. İsti qəbula, qonaqpərvərliyə və tamamilə konstruktiv danışıqlara görə təşəkkür edirik.”
Onun sözlərinə görə, görüşdə Rusiya-Ukrayna müharibəsinin başa çatması üçün qlobal proseslər, təhlükəsizlik zəmanətləri, iqtisadi əlaqələr, təhsil, ərzaq təhlükəsizliyi və hərbi əsirlərin qaytarılması məsələləri geniş müzakirə olunub.
Zelenski Türkiyənin Ukraynanın suverenliyi və ərazi bütövlüyü ilə bağlı prinsipial mövqeyinə görə minnətdarlığını ifadə edib:
“Dövlətimizə və xalqımıza göstərilən bütün dəstəyə, suverenlik və ərazi bütövlüyü məsələlərində prinsipial mövqeyə görə Türkiyəyə təşəkkür edirik.”
Qeyd edək ki, Zelenskinin Türkiyəyə səfəri çərçivəsində Ukrayna-Türkiyə münasibətlərinin gələcək inkişafı və regional təhlükəsizlik məsələləri əsas müzakirə mövzularından olub.
Musavat.com
22 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ