Onlayn ictimai-siyasi qəzet
Qardaşımız, canımız Türkiyənin müstəqillik günü yoxdur. Sadəcə Zəfər və Cumhuriyyət bayramları var. Çünki Osmanlı uzun əsrlər müstəqilliyi paylayan dövlət olub. Osmanlının nəhəng vücudundan dahi Atatürk ərazi olaraq az görünsə də, millət iradəsi ilə əzəmətli olan bir dövlət çıxara bilmiş. Tale, coğrafiya və başqa şərtlər elə gətirib ki, bizim müstəqillik paylama imkanımız olmayıb.
1918-ci ildə də, 1991-ci ildə də dünya havasında dolaşan müstəqilliyi qazanan millət olmuşuq. Qanımızla, mübarizəmizlə, ağlmızla, şansımızla qazandığımız yaralı müstəqilliyimiz vardı ortada! 2020-ci ilin 8 noyabr tarixində Şuşanın işğaldan azad olunması ilə yarası sağalmış bir müstəqillik ruhunu yenidən yaşamış olduq. Eynən Türkiyənin 30 avqustu kimi bizim də 8 noyabr Zəfər günümüz oldu. Ancaq bu Zəfər gününün fərqli bir özəlliyi var: 9 noyabr Bayraq günü ilə 12 noyabr Anayasa günü bizim həm də maraqlı və mənalı bir Triadamızı yaratdı. Bayrağımızın üç rənginin solqunlaşmış mənası yenidən dirildi, Anayasamızın əsl dövlət atributlarının məzmunu tamamlandı. Bu, əslində Müqəddəs beş günün milli varlığımızı əks etdirən Triadasıdır!
Xankəndidə Zəfər paradımızı Müzəffər Ali Baş Komandanımız qəbul edir! Bütün Azərbaycansevər varlıqların başını dik, ruhunu canlı tutduğu anlardır bu! Bu Zəfər şəhidliyə, qaziliyə ucalmış Azərbaycan əsgərinin əzəmətli əsəridir, onlar hamımızın adından, bizdən soruşmadan, bizə söyləmədən bu əsəri yazdılar.
Digər bir gerçəyi də anlamalıyıq və anlatmalıyıq! Zəfər günü olan millətin Matəm günü olmur! Artıq bu cür Zəfər qazanma şəxsiyyəti olan bir xalqın nə milli, nə dini Matəm günləri olmamalıdır! Bu cür böyük Zəfəri kiçildən Matəmdən uzaq durmalıyıq. Uzaq və yaxın tariximizdəki faciələrimizi anmalıyıq, xatırlamalıyıq, dəyər verməliyik, içimizdə acısını yaşatmalıyıq, ancaq dünyanın, dostun, düşmənin qarşısına bu Zəfərə layiq şəxsiyyətlə çıxmalıyıq! "Ağlamayana süd yoxdur!" deyərlər, bu ifadə uşaqlar üçündür, artıq böyümüş insanlar üçün, dövlət qurmaq yetkinliyi olan xalqlar üçün "Ağlayana Zəfər yoxdur!" deyirlər. Bütöv dövlət olmaq hələ bütöv millət olmaq mənasına gəlmir! Çanaqqalada 250 min, Sarıqamışda 100 min şəhid vermiş qardaş Türkiyəmiz bunları matəm günü kimi keçirmir. Çünki bir insanda olduğu kimi, bir millətin də tarixdə itirdiklərinə əbədi ağlamağa aludə olması, yaşamaq, qalib gəlmək ruhunu sındıran, Türk-Müsəlman-Qafqazlı xarakterinə yabançı olan əsas məqamlardandır.
Bundan sonra hər bir Azərbaycan insanı müəllif kimi yaşadığı, paylaşdığı, danışdığı bu əsərin müəlliflik haqqına layiq olduğunu göstərmək üçün daha çox və daha məsuliyyətlə çalışmaq zorunda. Hansı peşədə, işdə, statusda, dünyagörüşdə olsursa olsun, hər kəs bu əsərin, bu kitabın bir vərəqi, bir cümləsi olaraq özünü hiss etməlidir. Bundan sonra biz azərbaycanlılara da münasibətdə iki baxış olacaqdır: işi ilə, zəhməti ilə, məsuliyyəti ilə, hədəfləri ilə Zəfərə layiq azərbaycanlı və bu Zəfərə yük olan azərbaycanlı.
Zəfərə layiq olan, bu əsərin ən azı bir cümləsi olan hər bir Azərbaycanlının bayramı qutlu olsun!
Fazil Mustafa, millət vəkili
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ