İnsanlara hürriyət, millətlərə istiqlal!

NATO-Rusiya savaşında ilk mərhələ başlandı: Tramp isə yalnız ABŞ-ı xilas edəcək

NATO üzvü olan Qərb dövlətləri Rusiya ilə uzunmüddətli hərbi-siyasi qarşıdurmaya qərar verdiklərini qətiyyən gizlətmirlər... Bu hərbi-siyasi alyansın nizamnaməsindəki qarşılıqlı hərbi öhdəliklər NATO-Rusiya savaşı ilə bağlı ehtimalı gücləndirir...

Ukrayna savaşının dayandırılması prosesi artıq tamamilə və birmənalı şəkildə iflasa uğrayıb. Ukrayna və Rusiya arasında indiyə qədər müxtəlif vasitəçilik formatlarında danışıqlar aparılsa da, bu müzakirələr nəticəsiz qalıb. Ukraynanın xarici işlər nazirinin müavini Sergey Kislitsanın son açıqlaması da bu situasiyanın rəsmi təsdiqidir. O, İstanbul formatının artıq öz aktuallığını itirdiyini və Rusiya tərəfinin rəsmi Kiyevin atəşkəslə bağlı təkliflərini rədd etdiyini bəyanlayıb. Və bu, Rusiya üçün diplomatiyanın əslində, yalnız zaman qazanmaq vasitəsi olduğunu növbəti dəfə təsdiqləyir.

Onu da qeyd etmək lazımdır ki, hazırkı situasiyada danışıqlar platformalarının iflasa uğraması həm Qərb dövlətlərini, həm də Ukraynanı yeni reallıqlara uyğun hərbi-siyasi adaptasiyaya məcbur buraxır. Xüsusilə də, Rusiya tərəfindən status-kvonun dəyişdirilməsinə yönəlmiş hərbi təzyiqlər fonunda diplomatik manevr imkanları daha da daralır. Və bu baxımdan, yaxın gələcəkdə qlobal hərbi-siyasi gərginliyin ən təhlükəli həddə çata biləcəyi qətiyyən istisna deyil.

1777922.jpg (42 KB)

Məsələ ondadır ki, Avropa Birliyi dövlətlərinin son aylarda göstərdiyi aktivlik, Rusiya təhlükəsinin artıq yalnız Şərqi Avropaya aid regional problem olmadığını göstərir. Yəni, Qərbdə mövcud situasiya ümumavropa təhlükəsizliyi üçün strateji təhdid kimi dəyərləndirilməyə başlayıb. Və təbii ki, əgər, hərbi təhlükə mövcuddursa, deməli, ona müqavimət göstərmək üçün hazırlaşmaq da lazımdır.

Almaniyanın Daxili İşlər Nazirliyi ölkə əhalini fövqəladə hallara hazırlıq görməyə çağırıb. Eyni zamanda, sığınacaq sistemlərinin qurulmasını və alternativ kommunikasiya vasitələrinin təmin edilməsini tövsiyə edib. Alman nazir Aleksandr Dobrindt “mənim evimdə əl fənəri, batareya və radio var” deyərək, bu təhlükənin artıq şəxsi həyatlara təsir etdiyini vurğulayıb.

Böyük Britaniyada isə ordu rəhbərliyinin keçmiş yüksək rütbəli təmsilçisi, general Patrik Sanders daha da irəli gedərək, ölkənin yaxın beş ildə Rusiya ilə müharibəyə hazırlaşmalı olduğunu bildirib. Onun fövqəladə sığınacaqlar və komanda mərkəzlərinin tikintisi ilə bağlı təklifləri, Qərb təhlükəsizlik arxitekturasının transformasiyası prosesinin başlandığını göstərir. Və bu həyəcanlı ritorika və təkliflər onu göstərir ki, Avropa dövlətləri öz təhlükəsizliyini artıq yalnız NATO çətiri altında deyil, həm də milli və regional müdafiə strategiyaları vasitəsilə də təmin etməyə çalışır.

tr-euro-Снимок.JPG (83 KB)

ABŞ-a gəldikdə isə, Tramp adminstrasiyasının hakimiyyətə gəlişindən sonra Qərb dünyası üçün əlavə strateji qeyri-müəyyənlik yaradıb. Üstəlik, prezident Donald Tramp son açıqlamasında "Mən Amerikanı xilas edən adam kimi tarixə düşmək istəyirəm" deməklə, əslində, açıq şəkildə göstərdi ki, onun prioritetləri sırasına mövcud beynəlxalq nizamın qorunması daxil deyil. Və Ağ Ev sahibini hazırda ABŞ-ın daxili siyasi məkanı və milli maraqlar çərçivəsində müəyyən olunan strateji hədəflər daha çox düşündürür.

Təbii ki, prezident Donald Trampın bu yanaşması, Ukraynadakı savaş fonunda Avropanın təhlükəsizlik arxitekturasına ABŞ-ın verdiyi zəmanətin zəifləməsi ehtimalını daha da artırır. Tramp adminstrasiyasının hakimiyyətə gəlişindən sonra ABŞ Ukraynaya hərbi və maliyyə dəstəyini azaldıb. Bu isə Rusiyanın geopolitik və neoimperialist ambisiyalarına müqavimətin göstərilməsini çətinləşdirə bilər.

Ona görə də, hazırda olduqca vacib suallar ortaya çıxmış olur. NATO üzvü olan Avropa dövlətləri Rusiya ilə yeni formatda danışıqlara gedəcəklərmi? Yoxsa, həm Rusiyanı daha da zəiflətmək, həm ehtimal edilən savaşa hazırlaşmsq üçün əlavə zaman qazanmaq məqsədilə Ukraynaya hərbi dəstəyi artıraraq, savaşın uzanmasına çalışacaqlar?

0add7af5ec3f4db956dc917676275ec6.jpg (94 KB)

Gələcək ssenarilərdən biri olaraq, Ukraynanın NATO üzvlüyündən imtina etməsi və bəzi ərazi güzəştləri qarşılığında münaqişənin dondurulması da təklif edilə bilər. Ancaq bunun yalnız Rusiya cəbhədə tam üstünlük qazanacağı və ABŞ-ın Ukraynaya hərbi dəstəyi tamamilə kəsəcəyi təqdirdə, aktual ola biləcək variant hesab edilir. Hazırda isə Ukraynanın və Qərbin əsas sülh şərti Rusiya ordusunun işğal olunmuş ərazilərdən tamamilə çıxılması, beynəlxalq hüququn bərpasıdır. Və Rusiyanın bu şərtləri qəbul etməməsi ucbatından danışıqların yaxın perspektivdə bərpası istisna edilir.

Bütün bunlar onu göstərir ki, Rusiya-Ukrayna müharibəsi yalnız iki ölkə arasında deyil, ümumiyyətlə, qlobal təhlükəsizlik arxitekturasının gələcək taleyini müəyyən edən geopolitik xarakterli hərbi qarşıdurmadır. Sülh masasının boş qalması, Avropada hərbi hazırlığın gücləndirilməsi və ABŞ-da siyasi istiqamətin dəyişmə ehtimalı onu göstərir ki, Qərb dövlətləri Rusiya ilə qarşıdurmada artıq kompromiss axtarışında deyillər. Və Avropa ölkələri indi güc balansına əsaslanan uzunmüddətli qarşıdurmaya hazırlıq prosesinə başlamağa üstünlük verirlər.

Belə situasiyada isə Kremllə sülh danışıqları yalnız hərbi-siyasi müstəvidə balansın ciddi şəkildə dəyişməsi və ya Rusiyanın geopolitik təcrid prosesinin daha da dərinləşməsi fonunda mümkün ola bilər. Əks təqdirdə, Avropa dövlətləri ABŞ-dan asılılığı azaltmaqla, özünün yeni təhlükəsizlik memarlığını formalaşdırmağa üstünlük verəcək. Bu isə NATO üzvü olan Qərb dövlətlərinin Rusiya ilə uzunmüddətli hərbi-siyasi qarşıdurmaya qərar verdiklərini göstərir. Və NATO-nun nizamnaməsində yer alan qarşılıqlı hərbi öhdəlikləri nəzərə aldıqda, bu alyansın yaxın gələcəkdə Rusiya ilə savaş məcburiyyəti yarada biləcəyi qətiyyən istisna deyil, hətta müharibənin ilkin mərhələsi artıq başlanmış kimi görünür.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Iyul 2025

13 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR