İnsanlara hürriyət, millətlərə istiqlal!

Zaxarova: “ABŞ-ın ‘Tramp Körpüsü’ ideyası yeni deyil – bu marşrutu biz təklif etmişdik”

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ-ın Zəngəzur üzərindən Naxçıvana keçən nəqliyyat dəhlizi yaratmaq ideyasına münasibət bildirib.

Musavat.com
xəbər verir ki, o, bu təşəbbüsün yenilik olmadığını və bu istiqamətdə ilk təklifi Rusiyanın verdiyini bildirib.

“Amerikalıların irəli sürdüyü bu ideyada heç bir yenilik yoxdur. 2023-cü ildə Rusiya–Azərbaycan–Ermənistan üçtərəfli işçi qrupunun çərçivəsində biz demək olar ki, eyni marşrutu təklif etmişdik və nəqliyyat arteriyalarının açılmasına çox yaxın idik. Təəssüf ki, bu proses Qərbin və Ermənistan rəhbərliyinin dağıdıcı təsiri ilə dayandırıldı,” – deyə Zaxarova qeyd edib.

Xatırladaq ki, ispan mediasında yayılan məlumata görə, ABŞ ilə Ermənistan arasında “Tramp Körpüsü” adlanan gizli memorandum imzalanıb. Sənədə əsasən, Vaşinqton Sünik üzərindən Naxçıvana uzanan dəhliz üçün marşrut kirayələmək və hətta həmin ərazidə özəl hərbi şirkət (ÇVK) yerləşdirmək niyyətindədir.

Azərbaycan bu məsələni Zəngəzur dəhlizinin açılması kontekstində qiymətləndirir və uzun müddətdir regionda bölgəni birləşdirəcək iqtisadi və nəqliyyat layihələrinin tərəfdarıdır. Rusiya və ya ABŞ tərəfindən irəli sürülən təkliflər Bakının maraqlarına uyğun olsa da, Azərbaycan üçün əsas məsələ suverenlik və təhlükəsizlik prinsiplərinə hörmət olunmasıdır.

Zaxarovanın bu bəyanatı Moskvanın bu məsələdə Qərblə rəqabətə girdiyini və regiondakı təşəbbüsləri itirmək istəmədiyini açıq şəkildə göstərir. Azərbaycanın isə geosiyasi oyunlardan kənarda duraraq, real iqtisadi və nəqliyyat açılımlarına fokuslanması gözlənilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR