İnsanlara hürriyət, millətlərə istiqlal!

Zamanın səsinə səs verən partiya

"Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır"

                                                  Ümummilli lider Heydər Əliyev

"Bir sözlə, mövcud iqtidar ictimai-siyasi gedişatlara tam nəzarət edə bilmir. Cəmiyyət obyektiv qanunauyğunluqlardan daha çox subyektiv mülahizələrə əsasən idarə olunur. Ən dəhşətlisi isə odur ki, siyasi və iqtisadi sistemdə islahatlar aparılmır...” Məşhur 91-lərin Azərbaycanın “olmaq ya da ölmək” savaşında ulu öndər Heydər Əliyevə göndərdiyi məktubun yazının əvvəlində qeyd etdiyim bir neçə sətri, həmin dövr ölkəmizdə olan mövcud vəziyyəti izah etmək üçün kifayətdir. Ötən əsrin 90-cı illərinin əvvəllərində, Azərbaycan yenicə qazandığı müstəqilliyi itirmək təhlükəsi ilə üzləşəndə xalqın vətənpərvər ziyalıları ( 91-lər) çıxış yolunu Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsində görürdü. 16 oktyabr 1992-ci ildə “Səs” qəzetində “Azərbaycan Sizin sözünüzü gözləyir” başlığı ilə dərc edilən bu müraciət məktubu, bir xalqın və bir dövlətin müqəddəratını dəyişən, onu tənəzzül məngənəsindən işıqlı  sabaha aparan tarixi hadisə idi. Zənnimcə, bu məktubu “ tarixi hadisə” adlandırmaq, qəbahət olmaz. Məhz bu məktubda  “Yeni Azərbaycan” adlı partiyanın yaradılması və Heydər Əliyevin bu partiyaya rəhbərlik etməsini xahiş edən ziyalılar, ölkənin mövcud vəziyyətdən tək çıxış yolunu belə görürdülər.

Bu il təsis edilməsinin 30 illiyi qeyd edilən Yeni Azərbaycan Partiyasının (YAP) keçdiyi şərəfli yola nəzər saldıqda, Azərbaycanın siyasi həyatında baş verən köklü dəyişiklikləri daha aydın dərk etmək olur. Bunun üçün, əvvəlcə o dövr davam edən proseslərə işıq tutmaq lazımdır. Belə ki, Prezident İlham Əliyevin də dediyi kimi, “hakimiyyətə təsadüfən gəlmiş insanlar” demokratiyanın və müstəqilliyin nə olduğunu dərk etmir, ölkəni əvvəlki müstəmləkə şəraitində idarə etməyə davam edirdilər. Belə olan halda, müstəqillik anlayışı sadə bir sözə çevrilir, xalqımız və dövlətimiz başqa qüvvələrdən asılı qalmağa davam edirdi. Bu naşılıq və kreslo sevgisi Azərbaycana təkcə daxildən yox, eləcə də xaricdən müdaxilələrin edilməsinə gətirib çıxarırdı. Azərbaycanın sərvətləri talan edilir, vəziyyət daha da ağırlaşırdı. Bütün bunlar azmış kimi, torpaqlarımız işğal edilir, otuz il davam edəcək prosesin əngəllənməsi üçün heç bir addım atılmırdı.

Yeni Azərbaycan... Ölkənin belə vəziyyətində bizə sözün əsl mənasında kökü bizdən olan, lakin tamamilə yeniləşmiş, başdan inşa edilən “Yeni Azərbaycan” lazım idi. Bu partiyanın yaradılması, təkcə Azərbaycanın siyasi həyatında deyil, ümumilikdə, dövlətin mövcudiyyəti üçün çox önəmli dönüş nöqtəsi idi. Mən həmin dövrü yaxşı xatırlayıram, həmin vaxt hakimiyyətdə olan qüvvələr nəyinki ölkəni inkişaf etdirmək, hətta müstəqilliyi saxlamaq iqtidarında deyildi.  Belə bir şəraitdə Azərbaycanın xalq arasında hörmətə sahib olan aydın insanları Heydər Əliyevin ətrafında birləşərək Yeni Azərbaycan Partiyasının yaradılmasına nail oldular. Mən, fəxr edirəm ki, atam – mərhum millət vəkili Zakir Sərdarov da o insanlardan biridir. Məşhur 91-dən olan Zakir Sərdarov Yeni Azərbaycan Partiyasının təşkilatçılarından və yaradıcılarından biri idi.

Yeni Azərbaycan Partiyası təsis edildiyi vaxtdan etibarən sürətlə xalqın etimadını qazandı. Ümumiyyətlə, bu partiya iqtidar olan ən gənc partiyadır. Bu qədər çətin bir şəraitdə, qısa müddət ərzində xalqın eitmadını qazanması, Azərbaycanın Heydər Əliyev və onun siyasi iradəsinə güvəndiyini, arxalandığını göstərir. YAP Azərbaycanın tarixi dövlətçilik ənənələrinə sadiq qalaraq, xalqın maraqlarını müdafiə edərək ictimai-siyasi nüfuz qazanmış, bununla da, ölkəmizdə köklü islahatlar dövrün başlamışdır. Bu, həm də Azərbaycanda siyasi mədəniyyətin formalaşması, vahid sistemin yaradılması dümək idi. Cənubi Qafqazın ən böyük siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası Azərbaycanın təkcə daxili yox, xarici məsələlərində də böyük uğurlar əldə etmişdir. Belə ki, partiyanın ən önəmli istiqamətlərindən biri də, Azərbaycanın dünya miqyasında nüfuzunu artırmaq və xarici əlaqələrini gücləndirməkdir. Sevindirici haldır ki, bu əlaqələr gündən-günə genişlənir.

Yeni Azərbaycan Partiyasını digərlərindən fərqləndirən ən önəmli məsələlərdən biri də, Azərbaycan cəmiyyətindəki bütün kateqoriyaları, müxtəlif yaş və peşə qruplarını özündə birləşdirməsi, konkret sahələrə deyil, ümumilikdə, bütün xalqa xitab etməsidir. Məhz buna görədir 700 mindən çox üzvü olan partiyanın böyük ordusunun 40 faizini gənclər təşkil edir. Ulu öndərin əsasını qoyduğu gənclər siyasətinin davamı olaraq, bu gün də Azərbaycanda potensiallı, savadlı gənclər üçün geniş imkanlar yaradılır. yeri gəlmişkən qeyd edim ki, YAP sıralarına yeni qoşulanların da böyük əksəriyyəti gənclərdir. Gənclərin yetişdirilməsi prosesində milli şüurun, vətənpərvərliyin formalaşdırılması ən önəmli istiqamətlərdən biridir. Ümummilli liderin siyasi və iqtisadi mirasını bütün istiqamətlər üzrə layiqincə davam etdirən Prezident İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyası üçün gənclər siyasəti fəaliyyət istiqamətləri arasında prioritet sahələrdəndir.

Yuxarıda qeyd etdiyim kimi, partiya təsis edildikdən sonra Azərbaycan keçmiş bağlarından, asılılıqlarından qurtulmuş, yeni, müstəqil dövlət kimi dünya arenasına inteqrasiya etməyə başladı. 

Beləliklə, partiyanın yaradılması ilə ölkəmizdə islahatlar dövrü başladı. Ölkə daxilindəki nizam-intizamsızlıq aradan qaldırıldı və sabitlik təmin edildi. Azərbaycanın xarici siyasəti müəyyən edilmiş konkret istiqamətlər üzrə hərəkət edən sistemə çevrildi. Həmin çətin dövrdə həyata keçirilən işlər, bugünkü Azərbaycan reallıqlarını şərtləndirir. Ümumiləşdirsək, Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycanda vahid bir mərkəzi sistemin yaradılması demək idi. Belə ki, həmin vaxta qədər ölkəmizdə vahid bir sistem yox idi. Baş verən bu dəyişikliklər, partiyanın xalqın da rəğbətini qazanmasına gətirib çıxardı və cəmiyyətimiz “Yeni Azərbaycan” ideologiyasını dərhal mənimsədi.

Yeni Azərbaycan Partiyasının qazandığı nailiyyətlər ulu öndər Heydər Əliyevin miras qoyduğu siyasi kurs, bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin davamıdır. Əminliklə söyləyə bilərik ki, ümummilli lider Heydər Əliyevin ideya və siyasi istiqamətləri Azərbaycanda müvəffəqiyyətlə davam etdirilir. Yeni Azərbaycan Partiyası həqiqətən də dünənin, bu günün, həm də ölkəmizin parlaq gələcəyinin partiyasıdır.

Vüqar Sərdarov

Whats-App-Image-2022-07-22-at-11-42-51-AM-1.jpg (40 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR