İnsanlara hürriyət, millətlərə istiqlal!

Zahid Orucdan ŞOK AÇIQLAMA: ”Biz Ermənistana müraciət etməliyik ki, Qərbi Zəngəzur yolları..."

"2023-cü ildə Hökumətin fəaliyyətini qiymətləndirərkən ilk dəfə coğrafi və siyasi bütövlüyümüzün təmin olunmasını tarixi hadisə kimi qeyd edirik. Nəhayət, yarımçıq Hesabatlardan xilas olduq. Son 300 ildə elə bir quruluş olmayıb ki, biz torpaq itkilərinə və köçkünlüyə məruz qalmayaq. Prezident İlham Əliyev çoxəsrlik tarixi gedişi dəyişdirdi".

Musavat.com xəbər verir ki, bu sözləri Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, millət vəkili Zahid Oruc parlamentin bugünkü iclasında deyib.

O bildirib ki, hökumətin Böyük Qayıdış siyasəti işğaldan əvvəl Qarabağda 936 yaşayış məntəqəsini gələcəkdə 316-a endirməyi nəzərdə tutur:

2022_05_26_400333_Zbo7hqdCK99ULlNyqEKm.jpg (84 KB)

Yaponlar və almanlar da oxşar yolla gediblər. Lakin təkcə büdcə vəsaitlərilə Qarabağı tikmək qeyri-mümkündür. 2023-cü ilin 1 yanvarından 10 il müddətinə texnika və qurğular, xammal və materialların idxalı ƏDV-dən azad olunub. Bu müsbət addımdır. Eyni zamanda, emal sənayesi və xidmət infrastrukturunu yaratmaq, onu iqtisadi sistemə qoşmaq üçün azad torpaqlarda “sıfır vergi” siyasətini tətbiq etsək, daxili-xarici investisiyanın yolunu açarıq. Hökumət xüsusi qaydalar hazırlaya, azad torpaqlara qayıtmaq istəyən, köçkün olmayan vətəndaşlara çağırış edə, şəffaf şərtlərlə bir kənddə 100 evi tikmək istəyən şirkətin planlarına icazə qarışılığında onların xərclərini qarşılaya bilər  və  dövlətin yükü paylaşılar.

Ötən il iqtisadi artımın 1%-dən kiçik olması adambaşına düşən gəlirlərin də azaldığını göstərir. Qeyri-neft sektorunun 3,2%-lik artımı, neft sektorunun 1,6%-lik azalması ilə iqtisadi artım 0,8% təşkil edib. Bunun başlıca səbəbinin sərhədlərin bağlı olması, əhalinin sərbəst hərəkət və ticarətindəki məhdudluqdur. Dövlətin qərarı başadüşüləndir, lakin Rusiya ilə ticarət dövriyyəsinin tarixdə ilk dəfə rekord həddə- 7.3 milyard manata çatmasını nəzərə alaraq, qonşu ölkə ilə sərhədlərin açılması əhalinin iqtisadi aktilviyi və gəlirlərini bərpa edə bilər".

Zahid Oruc vurğulayıb ki, Türk Dövlətləri Birliyi ötən il beynəlxalq mövqelərini gücləndirib:

333508890_873594357036377_8629116066983506222_n.jpg (172 KB)

"Sevindiricidir. Lakin İslam Konfransı Təşkilatı, o cümlədən, 156 milyonluq əhali, 1.3 trilyon dollarlıq ÜDM-ə malik olan türk  coğrafiyası azad torpaqlarda 100 məktəb inşa etsə, “Marşal planı”nın bir parçası olar. Hökumət Amerika və Avropa Birliyinə açıq müraciət edə bilər ki, işğalın nəticələrini aradan qaldırmaq üçün ölkəmizə kömək etsinlər. Əgər milli tikinti şirkətlərinə onların inamı azdırsa, Beynəlxalq İnkişaf Agentliyinin xətti ilə öz tikinti qurumlarına sifariş versinlər. Ötən il Qarabağın bərpası üçün “Beynəlxalq Donor Konfransı” keçirilməsini təklif etmişdik. Bütün dövlətlərə dəvət göndərsək, gəlməyən ölkələrin ədalətə, sülhə münasibətini dünyaya göstərərik. Müharibəni xalqımız özü apardı, heç olmasa, 10 kəndi, 100 evin inşasını sabiq Minsk Qrupu üzərinə götürsün ki, BMT tribunasından danışmağa üzləri olsun.

Seçkilər zamanı Asiya Universitetində görüşdə bəlli oldu ki, qlobal coğrafiyanı öyrədən təhsil müəssisəsi bağlanıb. 8 fakültəsi, 270 tələbəsi olan Universitetə gənclər nədən gəlməyib? Bəlkə təbliğatı düzgün qurmamışıq. Asiya qitəsində 4.4 milyard əhali yaşayır, Çin və Yaponiya ÜDM-nə görə 192 ölkə içərisində ilk onluqdadır. Böyük qitə ilə işləyən mütəxisslər çox olsa, iqtisadiyyat şaxələnər, ixracın coğrafiyası genişlənər. Ölkəmizdə Qərb universiteti var, Avropa Birliyi ticarətimizdə 36 faizlik paya malikdir. Lakin sərt iqtisadi standartları olmayan Əfqanıstandan İraka və Çinə qədər milyard manatlıq mal sata bilərik - İraqa 2012-ci ildə 418 milyon dollarlıq ticarət dövriyyəsi, indi 29 milyon dollara, Əfqanıstana isə 2014-də 275 milyondan 37 milyon dollara düşüb. Asiya universitetini bərpa etmək, minlərlə kadr hazırlığına başlamaq gərəkdir. Biz təhsili və texnologiyanı Qərbdə, ticarəti Şərqdə apara bilərik".

Deputat xatırladıb ki, Ermənistanla kommunikasiyalar ötən il də açılmayıb:

1001903_01.jpg (67 KB)

"Azərbaycan Şərqi Zəngəzur yollarının tikintisini başa çatdırır. Biz Ermənistana  müraciət etməliyik ki, Qərbi Zəngəzurda quru və dəmir yollarını da ölkəmiz çəkməyə hazırdır, o şərtlə ki, bütün məsrəfləri geri almaq üçün rusum və ödənişlər müəyyən müddətə bizim büdcəyə ödəniləcək. Diplomatik münasibətləri olmayan iki ölkə arasında bu ilk körpü olar.

Ölkəmiz bərpaolunan enerjiyə keçiddə yüksək siyasi iradə göstərir. Ona görə də prezident bəyan edir ki, dünyada əksər neft şirkətləri təyinatlarını dəyib çoxprofilli enerji kompaniyaları olur. Hökumət ötən il Yaşıl Azərbaycan siyasətini bir mərkəzdən idarə etmək üçün SOCAR-ı genişləndirib onu Yaşıl Enerji Şirkətinə çevirə bilər. O zaman peşəkar mütəxəssis hazırlığı və iqtisadiyyatda 276 ildir hökmranlıq edən neftin hakimiyyəti zəifləyər.

Yekunda bir daha qalib xalqımızın sosial-iqtisadi gözləntilərinin artdığını, yaxşı idarəetmə üçün tələblərinin gücləndiyini Hökumətə xatırladaraq, Hesabata müsbət səs verəcəyimizi bildirir, 30 illik ədalətsizliyi yox edən, haqqını bərpa edən bir dövlətin istənilən daxili problemin öhdəsindən gəlməyə qadir olduğuna inanırıq!"

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR