İnsanlara hürriyət, millətlərə istiqlal!

Zahid Oruc: "Tikinti bumu neft gəlirlərinin artması ilə mütənasiblik təşkil edib"  


Bu gün Sosial Tədqiqatlar Mərkəzində "Tikinti sektoru subyektləri arasında vahid müqavilə formasının tətbiq zərurəti, tənzimlənməyən münasibətlərin sektorda yaratdığı problemlər və onların həll yolları" mövzusunda tədbir keçirilir.

Musavat.com bildirir ki, tədbir Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Sosial Tədqiqatlar Mərkəzi, Mediasiya Şurası və Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilir.

Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc konfransda çıxış edib. Zahid Oruc qeyd edib ki, tikinti bumu neft gəlirlərinin artması ilə mütənasiblik təşkil edib. Belə ki, 2000-ci ildən ölkəmizin bütün şəhərlərində tikinti sektoru canlanıb və nəhayət, Azərbaycanın qeyri-neft sektorunda 2022-ci ildə ən böyük-yəni ÜDMƏ-də 6 faizə yaxın olub.
Lakin biz bir sıra digər problemlərə diqqətimizi yönəltməliyik. Məsələn, Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi bir rəy sorğusunun nəticələrinə görə, ölkəmizin üç ən böyük şəhərində-Bakı, Sumqayıt və Gəncədə vətəndaşların 58%-i istismar müddəti 30 ildən yuxarı olan binalarda məskunlaşıb. Onların 23%-i son 30 il ərzində tikilən binalarda yaşayır. İştirakçıların 19%-i yaşadığı binanın yaşı barədə məlumatsız olduğunu bildirib ki, onların da əksəriyyəti köhnə binalarda məskunlaşanlardır. Başqa sözlə, istismar müddəti 30 ildən yuxarı olan binalarda məskunlaşanların sayının qeyd olunan göstəricidən daha yüksək olması istisna edilmir.
Bakı şəhəri üzrə sorğuda iştirak edənlərin 26%-i, Gəncə şəhəri üzrə 18%-i son 30 il ərzində inşa edilmiş binalarda yaşadığını qeyd etdiyi halda, Sumqayıt şəhəri üzrə analoji göstərici cəmi 7% təşkil edib.
İştirakçıların 44%-i istismar müddəti 30 ildən 60 ilə qədər olan, 13%-i 60 ildən yuxarı olan binalarda məskunlaşıb. Həmçinin 7%-i son 10 il ərzində, 16%-i 10 ildən 30 ilə qədər müddətdə tikilmiş binalarda yaşayır.
Rəy sorğusunda iştirak edənlərin 9%-i iki-dörd mərtəbəli binalarda, 39%-i beş mərtəbəli binalarda, 1%-i altı-yeddi mərtəbəli binalarda, 31%-i doqquz mərtəbəli binalarda məskunlaşıb. Həmçinin iştirakçıların 9%-i 10-14, 11%-i 15-24 mərtəbəli binalarda yaşayır".

Zahid Oruc həmçinin vurğulayıb ki, ölkəmizdə tikinti sferası qeyri-neft sektorunun ən aparıcı sahəsi olmaqla yanaşı, ən çox məşğulluq, dövriyyə və dövlət büdcəsinə ödəmələr də məhz bu sektorun payına düşür:

"Tikinti sektorunun iştirakçıları bu sahədə fəaliyyət göstərən sahibkarlar və yaşayış və ya qeyri-yaşayış sahəsinə ehtiyacı olan şəxslərdir yəni, fiziki - vətəndaşlar, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər; hüquqi şəxslər".

Zahid Oruc həmçinin qeyd edib ki, sovetlər birliyinin süqutundan sonra təkcə sosial-iqtisadi tənəzzül deyil, eləcə də mənzillə təminat sahəsində mənfi tendensiyalar ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra, 1995-1996-cı illərdə səngiməyə başlayıb və ölkə üzrə mənzil şəraitinin inkişafında 2000-ci illərdən etibarən yüksələn dinamika müşahidə olunub.

Konfrans iştirakçıların müzakirələri ilə davam edir.

Xalidə Gəray
Fotolar müəllifindir
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR